Rusiya Paşinyanı cəzalandırmağa HAZIRLAŞIR – “Ermənistan növbəti inqilab ərəfəsindədir”

Hazırda oxunan: Rusiya Paşinyanı cəzalandırmağa HAZIRLAŞIR – “Ermənistan növbəti inqilab ərəfəsindədir”

181537

Paşinyan hökuməti Rusiyaya qarşı ilk qəti addımını atdı. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi İrəvan Rusiya sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətini dayandırması üçün Moskvaya rəsmi məktub göndərib.

Onun sözlərinə görə, rəsmi İrəvan hava limanında Ermənistan sərhəd qoşunlarının xidmət etməli olduğunu düşünür.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da Qərb mətbuatına açıqlamasında sözügedən məsələni gündəmə gətirmişdi.

Lakin Qriqoryanın bu açıqlaması onu göstərir ki, Ermənistan artıq quru bəyanatlardan çıxaraq, Rusiyaya qarşı siyasətində real addımlar atmağa başlayır.

Bu isə, İrəvanla Moskva arasında gərginliyin pik həddə çatacağını deməyə əsas verir. Belə ki, Ermənistanın bu addımını Rusiya heç də susqunluqla qarşılamayacaq. İrəvanın oyununu Rusiya heç bir halda cavabsız qoymayacaq.

Görəsən Rusiyanın Ermənistana cavabı nə olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, yaranmış vəziyyətdə İrəvanla Moskva arasında indiyə kimi yaşanan söz savaşı, Kremlin Ermənistana cavab olaraq əməli addımlarının atılması istiqamətində cərəyan edəcək: 

“Bu ana qədər Ermənistanla Rusiya arasında söz savaşı, qarşılıqlı tələblər mübarizəsi gedirdi. Anca real addımlar bu günə qədər atılmamışdı. İndi isə İrəvan ilk dəfədir ki, konkret tələblərlə çıxış edir. Onun bu tələbi Rusiya tərəfindən icra edilsə, onda söz savaşı artıq tam geridə qalacaq və müəyyən addımların, konkret tədbirlərin atılması mərhələsinə keçiləcək.

Rusiya üçün bu yenilik deyil. Ermənistanda çoxdandır anti-rusiya meylləri güclənir. Vəziyyətin bu həddə çatmasında Qərbin də özünəməxsus rolu var. Onlara elə gəlir ki, istədikləri tələbləri Paşinyan hökumətinə sıraya biləcəklər. Burada bir çox şeylər Paşinyanın özündən asılı olacaq. Rusiyanın İrəvanın bu hərəkətinə elə-belə göz yummayacaq”.

Ekspert qeyd edir ki, Moskva Ermənistanı mütləq tənbeh edəcək, ona həddini aşdığını anladacaq:

“İrəvanın Rusiyaya təzyiq göstərmə rıçaqları o qədər də güclü deyil. Ermənistanın energetikası, iqtisadiyyatı, dəmir yolları Rusiya biznes dairələrinin əlindədir. Onları idarə edən rus işgüzar dairələridir. Odur ki, İrəvan pafoslu siyasət həyata keçirə bilər, amma əməli işlərə gəldikdə onun çox zəif nöqtələri var.

Onlardan biri də Lars keçid məntəqəsidir. Ermənistan MDB məkanına çıxardığı məhsulları Gürcüstan vasitəsilə ötürür. Həmin yolda tıxac əmələ gələn kimi isə Ermənistanın iqtisadiyyatı həyəcan təbili çalır. Rusiya təbii ki, Ermənistanın addımına münasibət bildirəcək. Hansı şəkildə olacağını yaxın zamanlarda görəcəyik. Moskvanın Ermənistanda güclü şəbəkəsi var. Rusiyapərəstlər orada maddi və say baxımından da imkanlara malikdirlər”.

Həmsöhbətimiz düşünür ki, Ermənistan növbəti bir inqilab ərəfəsindədir:

“Daxildəki xaotik vəziyyət, çaxnaşma daha da dərinləşəcək”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO