Son günlər İran rəsmilərinin Azərbaycan rəsmilərilə intensiv təmaslarda olması fonunda iki ölkə arasında yaşanan gərginliyin bütün səviyyələrdə səngiyəcəyi gözləntiləri yaranmışdı.
Bildiyimiz kimi, gərginliyin zəiflədilməsi üçün İranın xarici işlər naziri iki gün ardıcıl olaraq Azərbaycan xarici işlər nazirilə telefon əlaqəsi qurub.
Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Lakin Tehran rəsmilərinin bu təmaslarına, münasibətlərin normallaşması istiqamətində açıqlamalar verməsinə rəğmən, İran mətbuatının Azərbaycan əleyhinə kampaniyası davam edir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq İlqar Vəlizadənin fikrincə, görünən odur ki, İran tərəfi hələlik Azərbaycanla münasibətlərin normallaşmasına hazır deyil və əlavə nəsə umur:
MÖVZU İLƏ BAĞLI:
İran mediası ölkəmizi necə hədəf alıb? – İyrənc kampaniyanın PƏRDƏARXASI
“Nə umduğunu deyə bilmərik. Bu səbəbdən də İran mətbuatı yenə də ölkəmizə münasibətdə qərəzli yanaşmaqda davam edir. Bu hal “Şərq diplomatiyası”nın təzahürüdür. Yəni sözdə bir şey deyir, əməldə isə başqa şey edirlər.
Bu da regionda gedən proseslər, İranın Cənubi Qafqazdakı iddiaları ilə bağlıdır. Tehran bölgəmizdəki proseslərdən narahatdır. Düşünür ki, hələ də onun maraqları təmin olunmayıb. Ona görə də başladıqları xətti davam etdirirlər.
Digər tərəfdən, ola bilsin, gərginliyin zəiflədilməsi İranda bəzi dairələri qane etmədiyindən onlar yenə də düşmənçilik toxumu səpməkdə davam edir və bu zaman da əsas silah olaraq mətbuatdan yararlanırlar”.
Rüfət Sultan, Bizim.Media