Sumqayıtda orta məktəbin direktorunun müəllimlərdən açıq-aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
Bizim.Media "Trend.az"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib.
Orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Whatsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.
Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib.
Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək.
"Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək.
Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.
15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün işə gəlmədiniz, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun.
İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq",- səs yazısında bildirilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Trend.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bizim.Media