Van Dammın oğlundan ETİRAF: “Atam dedi ki, azərbaycanlı xanımla evlən” - FOTO

Van Dammın oğlundan ETİRAF: “Atam dedi ki, azərbaycanlı xanımla evlən” - FOTO

Hazırda oxunan: Van Dammın oğlundan ETİRAF: “Atam dedi ki, azərbaycanlı xanımla evlən” - FOTO

92496

Diasporla İş üzrə Dövlət Komitəsi dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer və onun azərbaycanlı pianoçu həyat yoldaşı Suada Hacızadədən müsahibə alıb.  

Bizim.Media xəbər verir ki, müsahibədə Kristofer Suada ilə tanışlığından bəhs edib. 

“Atam 2000-ci illərin əvvəllərində Azərbaycana gəlib. Burada qısa müddət qalmasına baxmayaraq, Azərbaycanı çox sevir və bəyənir. O vaxtlar atam həm də Suadanın atası ilə tanış olub. ABŞ-a, Los-Ancelesə qayıdanda atam məni ofisinə çağırdı və dedi ki, Azərbaycan adlı bir ölkəyə səfər etmişdim.
Çox gözəl ölkədir və parlaq gələcəyi olacaq. Dedi ki, o ölkənin insanları çox mehribandır,  mədəniyyəti zəngindir. Bilmirəm, bunu niyə dedi, amma dedi ki, sən gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən. Həmin vaxt başqa xanımla münasibətlərim var idi, ona görə etiraz etdim.

Dedim ki, yox, bu mümkün deyil. İllər sonra Suada ilə “İnstagram”da tanış oldum. Azərbaycan adını görən kimi atamın sözləri yadıma düşdü. Suada ilə düz 4 il “İnstagram”da danışdıq və yaxın dosta çevrildik. Zamanla isə bir-birimizə aşiq olduq. 

Atam “Facebook”da və digər sosial şəbəkələrdə canlı yayıma qoşulurdu. Bir dəfə Yeni  ildə o, 100 min izləyicinin iştirakı ilə canlı yayımda olanda ekranda onun adını görür və oxumağa başlayır:

Suada Hacızadə. Amma Suadanın kim olduğu, həmin tanışının qızı olduğu ağlına belə gəlməzdi. Suadanı Yeni il münasibətilə təbrik edir və Suada da həmin videonu yazıb saxlayır. O, mənə həmin video haqqında danışanda inanmadım, dedim ki, zarafat edirsən?

Bu da taleyin bizi başqa formada qarşılaşdırması idi. Bir neçə il sonra ailələrimiz İstanbulda görüşmək qərarına gəldi”.

Hollivud ulduzunun oğlu musiqiçi həyat yoldaşı ilə İstanbulda ailə qurmasına belə münasibət bildirib:

“Viza baxımından ora daha rahat idi. Pandemiya dövründə valideynlərimin Azərbaycana gəlməsi və ya Suadagilin Belçikaya gəlməsi mümkün deyildi. Evlənmək qərarımızı isə artıq vermişdik. Biz onsuz da münasibətlərimizi necə deyərlər, onlayn qurmuşduq, nikah üçün İstanbula gələndə orada ilk dəfə görüşdük, görüşəndən 3 gün sonra isə evləndik.

Nikahımız Azərbaycanın İstanbuldakı baş konsulluğunda baş tutdu. İstanbul çox gözəl şəhərdir. Amma mən gəlib Bakını da görmək istəyirdim. Çünki atam Bakıdan çox danışmışdı. 2 il sonra nəhayət ki, gələ bildim. 6 il sonra ilk dəfə Suadagilin evlərində qonaq oldum, amma 6 il ərzində o evi internetlə danışanda çox görmüşdüm.
Bizim tanışlıq hekayəmiz belə olub. İnanılmazdır. Bu, həm də qismətdir, Allahın qisməti. Allaha da yəqin ki, hamımız inanırıq. Mən bu münasibətin sehrinə inanırdım. Azərbaycan adını görəndə atamın sözləri yadıma düşdü və fikirləşdim ki, görəsən, atamın təriflədiyi bu ölkənin qızları gözəldirmi?

Və bizim macəramız belə başladı. Suada ilə bağlı bir məqamı qeyd edim ki, onun gözləri, baxışları məndə inam yaradır, bu inam günü-gündən daha da artır. Suadanın da mənim ruhumu duyduğunu bilirəm”. 

Kristofer işindən də söz açıb: 

“Karyeramı hər zaman düşünürəm, planlar qururam. Bir çox filmlər çəkməyi planlaşdırıram, atamı, qardaşımı və Suadanı da o filmlərə cəlb etmək istəyirəm. Mənim həyat yoldaşımın film dünyasında olması mənim üçün çox önəmlidir.

Ümid edirəm ki, gələcəkdə parlaq layihələrimiz olacaq. O, pianoçudur, həm də mükəmməl pianoçudur, hissiyyatı güclüdür, səhnəni hiss edə bilər. Bu bir il ərzində biz kamera arxasında məşq də etdik. İstədim ki, o, videoçəkilişlər zamanı emosiyaları elə çəkə bilsin ki, insanlar o emosiyaları hiss etsin.
O, çox istedadlıdır və hər şeyin ən yaxşısına nail olmaq üçün əlindən gələni edir. Buna görə də onu lap çox sevirəm. Suada həm də mənim sosial media üzrə menecerimdir. O, mənim “krisvandamoffical” səhifəmi idarə edir, “mavi tık” gözləyirik. Bu, ikimiz üçün də gözəl platformadır.

Elə adamlar var ki, kəmiyyət etibarilə çox iş görür, yaxşı pul qazanır, amma peşəkarlaşa bilmir. Mən belə olmaq istəmirəm. Mən seçiciyəm. Gündəlik işimin bir hissəsi də məşq etməkdir, hər gün məşq edirəm, formada qalmalıyam.

Jan Klod Van Dammın Azərbaycana gəlməyi ilə bağlı suala isə Kristofer belə cavab verib: 

“Hazırda atamın işləri çoxdur. Amma ən qısa zamanda, imkanı olan kimi əlbəttə ki, gələcək. Atam dünya insanıdır, Azərbaycanı və azərbaycanlıları da çox sevir.

Özünü universal insan hesab etdiyi üçün bütün mədəniyyətlərlə yaxından tanış olmağa can atır. O, insanlarla yanaşı, təbiəti, heyvanları da çox sevir, ekologiyanın qayğısına qalır.
Ona görə də səyahət etməyi sevir. Azərbaycanlı gəlini olduğu üçün Azərbaycan gedəcəyi ölkələr arasında birinci yerdədir.  

Rəşad Əliyev, Bizim.Media



























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO