Tovuzun “Turan Tovuz” klubuna avtobus alınması üçün “Turan 100K” adlı ianə kampaniyasına başlanılıb. İanə isə piksel almaqdan ibarətdir. Belə ki, komandanın veb platformasında real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib.
1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək. Hətta ianəni ödəyən şəxslər aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. Artıq klubun qurucusu və sabiq prezidenti Vidadi Əhmədov da kampaniyaya qoşularaq 240 manatlıq ianə edib.
MÖVZU İLƏ BAĞLI:
"Turan Tovuz" afrikalı futbolçunu TRANSFER ETDİ
Bəs Tovuz rayonundan olan tanınmış şəxslərin məsələ ilə bağlı fikirləri nədir, onlar da doğma klublarına təşkil olunmuş ianə kampaniyasına qoşulacaqlarmı?
Klubun Müşahidə Şurasının üzvü, millət vəkili Arzu Nağıyev Bizim.Media-ya açıqlamasında kampaniyadan xəbərdar olduğunu diqqətə çatdırıb:
“Bir millət vəkili və tovuzlu olaraq “Turan 100k” layihəsinə qoşulmuşam və ianəmi ödəmişəm. Demək olar ki, dəstək göstərən ilk şəxslərdən biriyəm”.
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində boya-başa çatan, "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri olan Rauf Arifoğlu isə “Tovuz Turan” komandası ilə bağlı sözügedən kampaniyanın başladılmasından xəbərsiz olduğunu bildirib:
“Kampaniyadan xəbərim yoxdur. Lakin belə bir şey varsa, çox təəssüf edirəm. Demək ki, Turan adlanan bu köklü komandanın ciddi bir sponsoru yoxdur. Yoxdursa, ''Turan'' üçün çətin olacaq. İndiki zamanda ianə ilə güclü futbol komandası qurmaq, yaxşı oyunçular almaq və saxlamaq mümkün deyil. Futbolda da media kimi, fədakarlıqlar bir yerə qədərdi.
Həmin yerdən sonra maddi resurslar dövriyyəyə girməlidir. Özümün yartdımına gəldikdə isə, yəqin ki, gücüm çatan qədər dəstək olacağam”, - deyə R.Arifoğlu fikirlərini tamamlayıb.
Qeyd edək ki, ianə kampaniyası ilə “Tovuz Turan” klubu üçün 100 min manat yığılması hədəfə alınıb.
Səkinə Yusibli, Bizim.Media