“Qarabağ”ın məğlubiyyətində şərhçilərdə fikir ayrılığı yaradan SƏBƏB – Kimdir HAQLI? 

“Qarabağ”ın məğlubiyyətində şərhçilərdə fikir ayrılığı yaradan SƏBƏB – Kimdir HAQLI? 

Hazırda oxunan: “Qarabağ”ın məğlubiyyətində şərhçilərdə fikir ayrılığı yaradan SƏBƏB – Kimdir HAQLI? 

90183

“Qarabağ”ın 5 il sonra Çempionlar liqasının nüfuzlu qrup mərhələsinə düşə bilməməsi klubun oyunçuları ilə yanaşı dünən “Qarabağ”ın qələbəsinə köklənmiş milyonları da məyus etdi.

Bizim.Media-ya danışan təcrübəli futbol şərhçisi Mahir Rüstəmli bildirib ki, Qarabağın dünən “Doosan” arenadakı məğlubiyyətinin arxasında əsasən dörd səbəb dayanır: 
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov: “Futbol səhvlər üzərində qurulub”


“İlk növbədə Şahruddin Məhəmmədəliyev və Toral Bayramovun kobud səhvləri. Daha sonra Riçard Almeydanın zədə üzündən meydanı tərk etməsi, Kadi və Zubir kimi lider oyunçuların gözləntiləri yerinə yetirə bilməməsi və ən nəhayət, Qurban Qurbanovun hesab 2-1 olduqdan sonra hücuma meyilli taktika seçməməsi. Qapıçı Şahruddin Məhəmmədəliyev hədsiz dərəcədə inamsız oyunu ilə futbolsevərlərimizi məyus etdi. Yersiz olaraq öz mövqeyini tərk edirdi və məhz bu faktor komandamızın qapısına ikinci qolun vurulmasında həlledici rol oynadı.

Riçard Almeydanın əvəzinə Marko Yankoviçin meydana girməsi komanda oyununun intizamını xeyli pozdu. Meydanda komandanın yükünü öz üzərinə götürəcək oyun qurucusu yox idi.

Qurban Qurbanov hesab 2-1 olduqdan sonra Vadjeni əvəzlədi, amma məncə Vadjeni meydanda saxlasaydı, bu komanda üçün daha yaxşı olardı. İkinci qol vurulandan sonra geri qalan 21 dəqiqədə mən təəssüf ki, meydanda hesabı bərabərləşdirmək istəyən fədakar “Qarabağ”ı görmədim”.

“Qarabağ”ın oyunu haqda Bizim.Media-ya verdiyi dəqiq proqnozu özünü doğruldan futbol şərhçisi Ceyhun Əliyev də “Qarabağ FK”-nın Çempionlar Liqası ilə vidalaşdığı üçün xeyli təəssüflənib:

“Məncə, Qurban Qurbanovun komandasını ittiham etmək doğru olmaz. Təmsilçimiz ilk mərhələdən başlayaraq olduqca mürəkkəb rəqiblərlə qarşılaşdı. Çempionlar Liqasının pley-off mərhələsinədək irəliləmək çox ciddi uğurdur. Məğlubiyyətin başlıca səbəbi rəqibin daha güclü heyətə sahib olmasıdır. Əslində, bundan əvvəlki rəqiblər də büdcəsinə görə Azərbaycan çempionundan daha zəngin idilər. Sadəcə, baş məşqçi amilində uduzurdular”. 

Məşhur şərhçi açıqlamasında “Qarabağ” FK-nın qapıçısı Şahruddin Məhəmmədəliyevə qarşı yönələn hədsiz ittihamlarla razılaşmadığını və  dünya şöhrətli qapıçıların belə vaxtilə onu alqışladığını dilə gətirib: 

“1 həftə ərzində müdafiədə oturacaqlarını söyləyən “Viktoriya” ilk dəqiqələrdən hücuma atıldı. Açıq deyək, ilk yarıda Azərbaycan çempionunun vurduğu qol meydandakı hadisələrə uyğun deyildi. Hər zaman “Qarabağ”ın standartlarda fövqalkombinasiya - ev hazırlığından istifadə etmədiyini desək də bu dəfə məhz Bakıdan aparılan tapşırıqla azərbaycanlı futbolsevərlərin “qol” hayqırmağını təmin etdilər. Aydın məsələdir ki, fasilədən sonra Bilekin yetirmələri irəli atılacaqdı. Bunu da gördük. İndi əksəriyyət Şahruddin Məhəmmədəliyevi günahlandırır. Əlbəttə, ağdamlıların qolkiperi xüsusilə ilk qolda tək günah sahibidir.

Bu da faktdır ki, qapıçı komandasını 10 dəfə də xilas etsə, bir səhvi dərhal gözə girir. Axı, o, son səddir. Lakin mən dağıstanlı qolkiperin Azərbaycan futbolundan silinməsinin qəti əleyhinəyəm. Çünki Şahruddinin seyvlərinin sayəsində, özü də o seyvərlərin ki, dünya şöhrətli qapıçılar belə onu alqışlayardı, “Qarabağ” ÇL-nın pley-offunadək irəliləməyi bacardı.


Çempionlar Liqasının qrupuna düşmək üçün Azərbaycan çempionatında daha 6-7 şərti “Qarabağ”a ehtiyac var ki, Qurbanovun drujinası mövsüm boyu ciddi rəqabətlə uzləşsin. İndiki halda isə Avropa Liqasının qrupuna yüksəlmək özlüyündə möcüzədi.

Təəssüf ki, biz fantaziyalarla yaşayan xalqıq. Reallıqda isə mövsümün bitiminə 10-15 tur qalmışdan çempionluğunu de-fakto, qazanan kollektivə Avropa Liqasının qrupuna vəsiqə əldə etməsinə görə təşəkkür düşür. Əlbəttə, dərhal reaksiya verdikdə qaynar başla fərqli düşünürsən, ancaq indiki halda, yəni, soyuq başla, bu komandayla fəxr etməliyik”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO