“Azərbaycan bu qırıcılarla regionda üstünlüyü ələ alacaq” – Hərbi ekspert 

“Azərbaycan bu qırıcılarla regionda üstünlüyü ələ alacaq” – Hərbi ekspert 

Hazırda oxunan: “Azərbaycan bu qırıcılarla regionda üstünlüyü ələ alacaq” – Hərbi ekspert 

8968

Xəbər verildiyi kimi, Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan JF-17 (Block III) qırıcı-bombardmançılarını almağa qərar verib. Tezliklə bu təyyarələrin ilk partiyası Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək.

Məlumat Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Əhməd Xanın ötən həftə Bakıda apardığı danışıqlardan sonra bəzi yerli və Rusiya mənbələrində yayılıb. 

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədlinin münasibətini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında JF-17 qırıcı-bombardmançılarının alınması barədə müqavilənin Azərbaycanla Pakistan arasında hələ 2000-ci ildə imzalandığını bildirib. Məqsəd Azərbaycanın Hərbi Hava Qüvvələrinin yenilənməsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Hərbi ekspert: «Ermənistanın orduda kadr islahatlarına başlaması gecikmiş addımdır»

 


“Hərbi Hava Qüvələrinin döyüş hava parkı bütünlüklə Sovet hərbi sənayesinin məhsullarından ibarət olan – MİQ-29 və SU-25 döyüş təyyarələridir. Bu baxımdan Azərbaycanın qarşısında döyüş parkının yenilənməsi dururdu. Bir çox döyüş təyyarələrinin alınmasına dair müəyyən müzakirələr və təqdimatlar aparılırdı. Bunlardan biri də Pakistanda istehsal olunan JF-17 döyüş təyyarəsinin alınması idi. Bu təyyarənin alınması Azərbaycanın döyüş aviasiya parkının regionda üstünlıük yaratmasına gətirib çıxaracaq”. 

Pakistanın sözügedən döyüş təyyarələrinin real təcrübədən keçirdiyini vurğulayan ekspert bu əməkdaşlığın hərbi-siyasi baxımdan müsbət xarakterizə olunduğunu deyib:

“Hesab edirəm ki, Azərbaycan Ordusu və Hava Qüvvələri bu döyüş texnikasını əldə etməklə regionda üstünlük əldə edə biləcəklər. Hazırda İran, Gürcüstan və Ermənistan hərbi hava qüvvələri JF-17 təyyarələri ilə təchiz olunmayıb. Ermənistan SU-30 döyüş təyyarələrini alsa da, bu texnika praktik olaraq hər hansı döyüş yolunu keçməyib. JF-17 isə real döyüş təcrübəsi keçən təyyarədir. Azərbaycanın bu məsələ ilə bağlı konkret addım atması ölkəmiz üçün əhəmiyyətlidir”. 

Ramil Məmmədli onu da əlavə edib ki, Pakistanla hərbi-texniki əməkdaşlıq iki ölkə münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxaracaq:

“Azərbaycan bu satınalmanı həyata keçirməklə güclü bir ölkənin həm də dəstəyini qazanmış olacaq. Bu dəstək daha da dərinləşəcək. Azərbaycan pilotlarının da peşəkarlığı imkan yaradacaq ki, ölkəmiz hava məkanında üstünlük əldə edə bilsin”.

Qeyd edək ki, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd JF-17 qırıcısı təchiz edəcək. Onların ilk partiyası bu ilin birinci yarısında çatdırılacaq. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO