“Neftçi”ni uduzduran SƏBƏB – Ceyhun Əliyev yazır 

“Neftçi”ni uduzduran SƏBƏB – Ceyhun Əliyev yazır 

Hazırda oxunan: “Neftçi”ni uduzduran SƏBƏB – Ceyhun Əliyev yazır 

88281

BİTDİ. “Neftçi”nin Avropa macərası bitdi. Nə qədər üzücü olsa da, “Alyans”stadionunda səslənən final fiti “ağ-qaralar”ın cari avrokubok mövsümündə sonuncu oldu.

Azərbaycan vitse-çempionunu həm “Aris”lə, həm də “Rapid”lə səfər matçlarında müşaiyət edən azsaylı media təmsilçilərindən biri olaraq qeyd edim ki, komandanı təyyarədə də, hava limanında da, məşqdə də, meydanda da gördükdə daha dolğun informasiyaya sahib olursan.

Bu qəbildən “Neftçi” rəhbərliyinin belə peşəkar addım atmasına alqış düşür.

Ötən gün meydanda baş verənlər barədə isti-isti yazmaq olardı, lakin belədə, yazı daha çox emosional çalarlarla zəngin olacaqdı. İndiki halda isə artıq Vətəndəyik və “Vyana döyüşü”ndəki məglubiyyətin real səbəbləri barədə soyuq başla danışmaq olar.

“Neftçi”nin “Rapid”i keçməsi “Vaduts”un “Konyaspor” səddini adlaması qədər mifik görünürdü.

Bu, püşkün nəticələri bilindikdən sonra aydın olmuşdu. Laurentsiu Regekampfın komandasının yekunda gülən tərəf olması üçün bir neçə vacib amil birləşməli idi: 1) inanılmaz motivasiya 2) məşqçinin taktiki təhlildə vizavisini aşkar üstələməsi 3) “Futbol Tanrısı”nın “ağ-qara” libasda olması 4) futbolçuların ən yaxşı oyununu keçirməsi.

Təəssüf ki, bu bəndlərin hamısı lehimizə işləmədi. Motivasiya və istək sarıdan təmsilçimizdə hər şey əla idi. Mübahisəli olan 2-ci bənddi. Regekampf əslində yaxşı hesab-dəftər tutmuşdu.

Rumıniyalı mütəxəssis ilk yarıdakı təzyiqi göz önünə alaraq, oyunu əsasən müdafiədən qurmuş, böyük quvvəylə rəqibin həmlələrini zərərsizləşdirmək istəyirdi. İlk yarıda İvan Brkiçin qapısı qaynar qazanı xatırlatsa da, fasiləyə qədər tablodakı “0”-lar dəyişməz qaldı.

Regekampf ikinci hissədə rəqibin açılacağını və belədə, yaxşı əks-hücum şanslarının yaxalanacagina ümid edirdi.

Bu imkanlar yarandı da, lakin “Furbol Tanrısı” ötən gecə “Avstriya bayrağı”na bürünmüşdü. Elə 4-cü bənd də bərbad idi. İvan Brkiç, Emin Mahmudov, Kenni Sayef, Qodsvey Donyo kimi futbolçular bacarıqlarından xeyli aşağı performans sərgilədilər.

Nəhayət, daha bir olduqca vacib məqam. Bu, oyunçu qıtlığıdı. Regekampf avrokuboklarda keçirdiyi 4 oyunun hamısında start heyətini eyni futbolçulardan qurdu. Bu, yalnız bir şeydən xəbər verir: “ağ-qaralar”ın büdcəsi yalnız 9-10 normal oyunçu almağa kifayət edir. Heç kim də “Rapid”in küçə komandası olmasını iddia etməsin. Avstriya klub reytinqi də 9-cu pillədədi. Zarafat deyil e, qitənin TOP-10-luğunda yer almaq.
 

Hər kəs “ayağını yorğanına görə uzatmalıdı”. “Neftçi” də belə edib. Klub nə etsin ki, bu “yorğan”la “ayaqlar çöldə qalır”? Yəni, “Neftçi” daha yüksək hədəflər uğrunda mübarizə aparmaq məqsədi güdürsə, buna uyğun da büdcə olmalıdı.


Nəhayət, hakimlik haqda. Ötən gecə norveçli referi meydan sahiblərinin qalib gəlməsi üçün hər şey etdi.

Matçın ilk dəqiqədən İvan Brkiçi təzyiq altında saxlayan ədalət təmsilçisi, bütün mübahisəli qərarları meydan sahiblərinin xeyrinə verir, aşkar kobudluqlara görə, “Rapid”in oyuncularına sarı vərəqə göstərmir, “ağ-qaralar”a sərt oynamağa imkan vermirdi.

Bax, bütün bu komponentlər toplandıqda “Neftçi” niyə uduzdu” sualına aydınlıq gəlir. Komandanın baş məşqçisi kifayət qədər savadlıdı. Yetər ki, ona qrupa düşmək üçün tələb olunan vəsaiti verələr.

Necə deyərlər “könlü balıq istəyənin quyruğu suda gərək”.

Ceyhun Əliyev, Vyana-Bakı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO