“Rusiya sülhməramlıların üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsi, onların nəzarəti altında olan ərazilərdən erməni silahlılarının çıxarılmaması, eyni zamanda sülhməramlıların gözü qarşısında səngərlər inşa etməsi bölgədə mövcud olan gərginliyin yenidən artmasına səbəb olub”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan ordusu Xocalıda döyüş mövqeyi yaradır - Sülhməramlılar hara baxır? – VİDEO
Ekspertin sözlərinə görə, bölgədə vəziyyət onsuz da kifayət qədər gərgin idi:
“Çünki erməni silahlı qüvvələri Azərbaycanla sərhədin Kəlbəcər istiqamətində intensiv olaraq atəşkəsi pozurdular. İndi isə mövcud gərginliklərə bir də erməni silahlılarının Qarabağ ərazisində səngərlər qazması da əlavə olunub. Digər tərəfdən rusların qanunsuz olaraq Qarabağa silah keçirmək cəhdləri bir daha onu göstərir ki, sülhməramlılar öhdəliklərini yerinə yetirmirlər. Bu öhdəliklərin yerinə yetirilməməsi isə onların nəzərdə tutulan müddətdən əvvəl Azərbaycan ərazilərindən çıxarılmasına və həmin ərazilərdə Azərbaycan Ordusunun erməni silahlılarına qarşı təmizləmə əməliyyatına başlamasıyla nəticələnə bilər”.
Ədalət Verdiyev rusların müvəqqəti yerləşdiyi ərazilərin Azərbaycana məxsus olduğunu da xatırladıb:
“Onların həmin ərazilərdə yerləşməsinə Azərbaycan hökuməti razılıq verib. Əgər onlar öz funksiyalarını yerinə yetirmək və dayanıqlı sülhü təmin etmək yerinə ora silah daşıyırlarsa, o zaman Azərbaycan Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti barədə çox ciddi və sərt qərarlar qəbul edə bilər”.
Murad Əhmədov, Bizim.Media