Tehran görüşündə AZƏRBAYCAN - Cənubi Qafqazda yeni siyasi düzən formalaşa bilər

Tehran görüşündə AZƏRBAYCAN - Cənubi Qafqazda yeni siyasi düzən formalaşa bilər

Hazırda oxunan: Tehran görüşündə AZƏRBAYCAN - Cənubi Qafqazda yeni siyasi düzən formalaşa bilər

84406

Azərbaycan və Avropa İttifaqı arasında enerji müqaviləsi, ABŞ və Rusiyanın yüksək səviyyəli şəxslərinin Cənubi Qafqaz ölkələrinə ard-arda səfərləri, Tehranda bölgənin üç böyük dövlət başçısının görüşü kimi ciddi hadisələr ciddi mətləblərdən xəbər verir.

Görünən odur ki, Cənubi Qafqazda tezliklə yeni siyasi düzən özünü biruzə verəcək. Bununla bərabər xatırlatmaq yerinə düşər ki, Rusiya-Ukrayna müharibəsi hələ də davam edir və bu müharibənin fonunda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb.

Bütün konspiroloji müddəalar daxil olmaqla siyasi ekspert Amid Əliyev Bizim.Media-a gərgin siyasi və geosiyasi prosesləri təhlil edib:

“İlk olaraq baş verən hadisələri nəzərdən keçirək ki, düzgün nəticə çıxara bilək. Belə ki, Qərblə Rusiya Federasiyası arasında baş verən qarşıdurma fonunda bir sıra Avropa dövlətləri Azərbaycan qazının real müştərisinə çevrildilər.
 

MÖVZU İLƏ BAĞLI:

TEHRAN 2022: Daha bir müharibənin taleyi İranda həll ediləcək?


Bunu optimal edən əsas tərəflərdən birincisi Azərbaycanın real və etibarlı tərəfdaş olmasıdır. Azərbaycan heç zaman öz öhdəliklərinə qarşı xilaf çıxmamış və hətta çətin zamanlarda belə müqavilə şərtlərini dəyişməmişdir. Qarşıdan qışın gəlməsini nəzərə alsaq, Avropa özünü enerji cəhətdən sığortalamalı idi.

Bu rolda da Azərbaycan ən vacib məntəqədir. Buna Azərbaycanın real potensialı var. Xəzər dənizində hələ işlənməmiş Abşeron, Ümid-Babək, Azəri, Çıraq və Günəşli yataqları vardır ki, ehtiyatları lazımı qədərdir. Ötən gün imzalanın Memorandumla Azərbaycan 2027 ilə qədər Avropaya 20 mlr. kubmetr qaz ötürəcək”.

Ekspert diqqətə çatdırıb ki, bölgə üzrə son günlər siyasi və geosiyasi aktivlik demək olar ki, pik həddə çatıb:

“Belə ki, süpergüc olan ABŞ-ın kəşfiyyat şefi Ermənistana səfər edib. Bu özlüyündə hansısa hazırlığın getməsindən xəbər verir. Burada bir neçə versiya hakimlik edir. Görünən odur ki, ABŞ Rusiya Federasiyası ətrafında ondan asılı olmayan müstəqil xarici siyasət yeridən dövlətlərdən ibarət çəmbəri yaratmaqda israrlıdır. 

Digər ehtimal isə Qarabağ ətrafından baş verən proseslərlə, daha doğrusu Zəngəzur dəhlizi və ermənilərin hüquqi status ilə bağlı ola bilən məsələlərin genişlənməsi ilə müşayət oluna biləcək hadisələr ola bilər. Bu məsələdə ötən gün ölkə başçısı son mesajlarını verdi. Bunun ardınca İranın Ali Təhlükəsiliz Şurasının Katibinin həm Ermənistan, həm də Azərbaycana səfər etməsi diqqəti çəkən məqamlardandır”. 

İran mövcud problemlərinə toxunana politoloq vurğulayıb ki, Tehran artıq 40 ildən çoxdur ki, Qərbin siyasi və iqtisadi sanksiyaları altında əzilir. İran konstruktiv olarsa, bölgədəki siyasi hərəkətlənmə bu sanksiyaların da üzərinə işıq sala bilər: 

“Bölgədə yeni kommunikasiya dəhlizlərinin açılışı, Azərbaycanda İsrail şirkətlərinin mövcudluğu və Azərbaycanla olan əlaqə, eləcə də son zamanlar İranda dini seqmentə Azərbaycana qarşı olan hücumlar bu səfərin gündəliyinin daha zəngin olmasından xəbər verir. Bu gün isə artıq Rusiya Federesiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narişkin İrəvanda səfərdədir. Görünür, ABŞ həmkarı ilə görüşdən sonra Paşinyanın Rusiya Federesiyası sərhəd qoşunlarının Ermənistanı tərk etməsi haqqında dedikləri Rusiya Federesasiyasını narahat edib. Bu birbaşa RF-nın sərhədlərə də nəzarətinin itirilməsi, İran və Türkiyə ilə sərhədlərin nəzarətsiz qalması anlamına gəlir”.

Amid Əliyev bildirib ki, indiki durumda Tehranda Rusiya, Türkiyə və İran arasında üçtərəfli zirvə görüşünün keçirilməsi çox böyük hadisədir: 

“Bu Tehran 43 dən sonra bölgə üzrə keçirilən ən mühüm görüş hesab olunur. Çünki, hər üç ölkənin bir biri ilə birbaşa ziddiyəti olmasa da region üzrə maraqları toqquşur. Qərb hər üç ölkəni birləşdirən əsas nöqtədir.
Belə ki, RF Qərblə müharibə vəziyyətindədir, Türkiyə ilə münasibətlər üzdə yaxşı olsa da, hələ də ABŞ siyasi dairələrini Türkiyə ilə razı salmayan məqamlar var. İran ilə məsələ daha aydındır. Siyasi və iqtisdi sanksiyalar, nüvə silahının əldə edilməsi üzrə danışıqlar İranı Qərbə qarşı ziddiyətli mövqe tutmasına əsas yaradır. Bundan əlavə hər üç ölkənin Suriyadakı hərbi vəziyyəti, Aralıq və Qara dəniz hövzələrində yaranmış iqtisadi vəziyyəti müzakirə etməsinə də ehtiyac var”. 

Ekspert qeyd edib ki, heç şübhəsiz ki, ikitərəfli görüşlərdə Türkiyə Qarabağ ətrafında baş verən prosesləri də RF ilə müzakirə edəcək. 

“Qısası bölgə üzrə siyasi və geosiyasi konturlar yenidən işlənəcək. Bu planda Azərbaycanın milli maraq və mənafeyinin qorunması olduqca vacibdir ki, buna da əminlik yaradan səbəblər var. İlk olaraq onu qeyd etməliyik ki, həm Türkiyə, həm də RF Azərbaycanın müttəfiqləridir. Azərbaycan qalib dövlətdir və bölgədə sülhün bərqərar olmasını dəstəkləyir. Bundan başqa, 10 noyabr bəyanatının icrası ilə bağlı birbaşa RF üzərinə düşən müddəalar var. 

Azərbaycanın mövqeyi ümumilikdə Qərb tərəfindən dəstəklənir. Belə şərtlər daxilində bu görüşdə Azərbaycana təhlükə yarada biləcək məqamların olması məntiqsiz görünür. O ki qaldı, Qarabağda anti-terror əməliyyatının keçirilməsi məsələsinə, bu barədə ölkə başçısı öz mövqeyini son dəfə Ermənistan tərəfinə mesaj olaraq bildirib. 
Belə bir siyasi vəziyyətdə əsas məsələ RF tərəfindən Ermənistanın siyasi vasitəyə çevrilməsinə yol verməmək və bölgədə əldə edilmiş razılıqların yerinə yetirilməsi lazımdır. Əks halda bölgə üzrə Qərbin təklifləri tələbləri üstələyə bilər”.

Mia Quliyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO