“Məsələnin həllinin yeganə yolu ölkənin aviadaşıma bazarının liberallaşdırılması və rəqabətli mühitin yaradılmasından keçir”.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli Azərbaycanda azad edilmiş ərazilərdə tikiləcək aeroportlarla birlikdə hava limanlarının sayı 9 olsa da, hələ də beynəlxalq uçuşların 97 faizinin Bakıdan həyata keçirilməsi məsələsinə toxunarkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-İsrail arasında daha bir SAZİŞ imzalandı
“Məsələnin ən yaxşı variantı ölkə ərazisində beynəlxalq aviakampaniyalara qucaq açılmasıdır.
Yəni rəqabətli mühit formalaşmalı, xarici aviaşirkətlərin Azərbaycandan uçuşlar həyata keçirmələrinə münbit şərait yaradılmalıdır. Belə olarsa, bölgələrdəki aeroportların beynəlxalq uçuşlarda çəkisi də artacaq. Qeyd edim ki, beynəlxalq aviaşirkətlərin maneəsiz fəaliyyət göstərdiyi ölkələrdən xaricə uçuşlar Azərbaycana nisbətən dəfələrlə, hətta bəzən 10 dəfəyə qədər ucuz başa gəlir.
Məsələn, qonşu Gürcüstanın Kutaisi şəhərindən Türkiyə və Avropaya uçan təyyarələrə biletlərin qiyməti 70 dollar ətrafındadır.
Azərbaycandan Avropaya uçuşlar isə minimum 250 dollardan başlayır. Ona görə də bir çox azərbaycanlı xaricə getmək üçün əsasən məhz Gürcüstan aeroportlarına üz tutur”.
Rüfət Sultan, Bizim.Media