Nizami Mərkəzinin problemləri: Bakıda keçiriləcək mötəbər tədbirdən ictimaiyyət niyə xəbərsizdir?

Nizami Mərkəzinin problemləri: Bakıda keçiriləcək mötəbər tədbirdən ictimaiyyət niyə xəbərsizdir?

Hazırda oxunan: Nizami Mərkəzinin problemləri: Bakıda keçiriləcək mötəbər tədbirdən ictimaiyyət niyə xəbərsizdir?

78649

16-18 iyun tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə IX Qlobal Bakı Forumu keçiriləcək. Forumda 2022-ci ildə bəşəriyyətin üzləşdiyi qlobal problemlərin qiymətləndirilməsi ilə yanaşı, keçmişdə yol verilmiş səhvlərə diqqət çəkiləcək və bəşəriyyət qarşısında dayanan çətin vəzifələrin çıxış yolları müzakirə olunacaq.

Beynəlxalq səviyyəli tədbirdə bir sıra ölkələrdən olan mötəbər qonaqlar, elm adamları, ictimai-siyasi xadimlər iştirak edəcək.

Məlumat üçün bildirək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 2011-ci il tarixli müvafiq sərəncamına dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubliey tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci ildə Gəncədə keçirilmiş toplantıda təsis edilib. Mərkəz özündə bir sıra ölkələrin keçmiş dövlət başçıları və nüfuzlu ekspertlərini birləşdirir. 

Mərkəzin həmsədrləri Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldindir. NGBM-in əsas məqsədi qlobal tədbirlərə və fəaliyyətlərə töhfə vermək, eləcə də Nizami Gəncəvinin ədəbi irsinin araşdırılmasından ibarətdir.

Keçən müddət ərzində Mərkəz tərəfindən dünyaca nüfuzlu şəxslərin iştirakıyla 8 dəfə Bakı Qlobal Forumu təşkil olunub.

Lakin 9-cu dəfə keçiriləcək Forumla bağlı PR və informasiya yayılması problemləri var. Belə ki, ölkə mətbuatında bu cür beynəlxalq səviyyəli tədbirin keçiriləcəyi ilə bağlı hər hansı informasiyaya rast gəlmək müşkülə çevrilib. Öncədən məlumat verilmir, xarici qonaqların və jurnalistlərin belə mötəbər tədbirin Azərbaycanda keçirilməsində bixəbər olduqları məlum olur.

Səbəb isə sadədir. 

Birincisi, təəssüflər olsun ki, Mərkəzin rəsmi saytının yeniliklərlə bağlı ictimaiyyətə lazımi informasiyanı çatdırmamasıdır. Belə ki, sonuncu dəfə ötən ilin dekabrın 6-da saytda NGBM-in fəaliyyəti ilə bağlı saytda məlumat paylaşılıb.

Həmin vaxtdan indiyə kimi olan 7 aylıq dövr ərzində mərkəzin fəaliyyətində bir sıra mühüm yeniliklər yaşansa da, bunlarla bağlı saytda heç bir məlumat dərc olunmayıb. 

Maraqlıdır ki, qeyd olunan tarixdən öncəki 3 aylıq müddət ərzində də saytda Mərkəzin fəaliyyəti ilə bağlı hər hansı paylaşıma rast gəlmədik. Baxmayaraq ki, noyabr ayında VIII Qlobal Bakı Forumu kimi mötəbər tədbir baş tutub.

IX Qlobal Bakı Forumunun öz işinə start verməsinə sayılı günlər qalmasına baxmayaraq, yenə də hər hansı informasiya, press-reliz və ya elan saytda yerləşdirilməyib. Və paytaxtın bu cür böyük tədbirə ev sahibliyi etməsindən insanlar, xarici ekspertlər, xarici jurnalistlər bixəbərdirlər. 

Bu cür vəziyyətin Forumda iştirak etmək istəyən yerli və xarici media mənsubları və vətəndaşların tədbirlə bağlı məlumatsız qalmasına səbəb olmaqla, Foruma olan marağa birbaşa təsir edəcəyi də şübhəsizdir. 

Digər tərəfdən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tanıdılması və ictimiayyətlə birbaşa təmasda olması üçün rəsmi saytn günümüz reallığında nə qədər vacib olduğunu nəzərə alsaq, NGBM-in ən qısa müddətdə problemi həll etməsi də bir o qədər önəmlidir.
Maraqlısı odur ki, ölkə rəhbərliyinin Azərbaycanda beynəxalq tədbirlərinin keçirilməsinə göstərilən diqqət fonunda, tədbirin təşkilatçıları və icracıları belə tədbirləri sadəcə tədbir xətrinə keçirmək istəyirlər. Və yaxud sadəcə bu kimi tədbirlərin Azərbaycanın səsinin dünya mediyası və ekspertləri arasında eşidilməsində nə qədər önəmli olduğu haqda məlumatlı və maraqlı deyillər. 

Nizami Gəncəvi Beynəlxaq Mərkəzinin PR və ictimaiyyətlə əlaqələr problemlərinin tezliklə həll edilməsi ümidilə...

Mövzunu davam etdirəcəyik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO