“Televiziya rəhbərləri işlərini düz qurmayıblar, onlar kanalları bir neçə uşaq-muşağın əlinə verib, özləri qıraqdan seyr edirlər. Elə mövzular var ki, onu danışmaq xatirinə danışmaq olmaz. Əgər bir ekspert çıxıb efirdə ailə münaqişəsindən danışırsa və özünün ailəsində kifayət qədər problemi varsa, o kiməsə örnək ola bilməz. Elə tarixi hadislər var ki, onu da hər kəsin şərh etməsi insanları çaşdırır, doğru olmayan bilgilər yaradır”. Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bu fikirdədir. İndi ölkəmizdə müharibə şəraitidir , hərə öz səngərində vuruşmalıdır deyir. “Tarix ciddi məsələdir, qoy bununla bağlı tarixçi alimlər izahat versin, təhlil aparsın. Efirə tarixi bilənləri çağırın, saxtalaşdıranları yox!” deyə o, televiziya rəhbərlərinə səsləndi.
“Televiziyaya elə adamları çağırıb dəvət edirlər ki, onların heç tarixdən xəbəri yoxdur. Jurnalistlər tarixi haradan bilir? Orta məktəbdə, universitetdə nəsə öyrəniblərsə bu tarixi məsələlərə fikir söyləmək imkanı vermir. Əsas elmi mərkəz olan Tarix İnstitutuna müraciət olunmalıdır”.
Direktor müavini Prezident İlham Əliyevin ermənilərin köçürülməsi məsələsi ilə bağlı Rusiya televiziyasındakı çıxışına da toxundu. “ Prezident 1805-ci il “Kürəkçay, 1913-cü il “Gülüstan”, 1928-ci il ”Türkmənçay” müqavilələrinə diqqət çəkdi. Dedi ki, müqavilələr Azərbaycanın bölünməsi məsələsidir və İrəvan Azərbaycan şəhəri idi. Prezident tarixi hadisələrə müfəssəl yanaşdı” deyən tarixçi televiziya məkanında aparıcıların və dəvət etdikləri ekspertlərin isə əksinə bu sahədə naşı olduğundan gileyləndi. “Sizcə televiziya kanalları sizin institutun mütəxəssislərinə niyə müraciət etmirlər?” sualına isə tarixçi özünəməxsus cavab verdi: “Bu nə deməkdir? Qısqanclıqdırmı?”