"Azərbaycanın böyük hissəsi səhradır. Amma burada üç milyon əhalisi olan paytaxt Bakıda tanrı kimi yaşayırsınız. Sadəcə olaraq hər kəs öz üzərinə düşəni etməlidir, onda hər şey yaxşı gedir. Şəhərin köhnə hissəsi o qədər gözəldir ki, ətrafdakı qala divarları ilə birlikdə YUNESKO-nun irsi siyahısına salınıb".
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına müsahibəsində deyib.
Mütəxəssis Bakıda yaşayışın yaxşı olduğunu deyib:
"Demək olar ki, bütün əcnəbilərin yaşadığı kompleksdə mənzilim var. Burada hara getsəniz, həmişə tıxaca düşürsünüz. Bakıda hər cür mətbəxi təqdim edən restoranlar, şərab və italyan məhsulları olan supermarketlər var".
"Baş məşqçi kimi Azərbaycan millisi ilə Albaniya yığmasındakı uğurlarınızı təkrarlamağı hədəfləyirsinizmi?" - sualına De Byazinin cavabı belə olub:
"Bəli, amma fərqli şəkildə. Albaniyada oyunçuların demək olar ki, hamısı Avropada oynayırdı. Albaniya millisi İngiltərə, İspaniya və İtaliyada çıxış edən futbolçularla çox inkişaf edib. Burada isə əksinə, xarici ölkələrdə oynayan cəmi beş heyət üzvüm var: biri Türkiyədə, biri Portuqaliyada, biri Almaniyada və ikisi Polşada çıxış edir".
Bizim.Media