Bizim.Media xəbər verir ki, 1 yanvar 2021 tarixindən etibarən NATO-nun yüksək hazırlıqlı birgə operativ qruplaşmasının (VJTF) komandanlığı Türkiyəyə keçib.
Bir neçə gün əvvəl NATO-dan verilən rəsmi məlumatda yeni ildən etibarən Türkiyənin Polşadan təhvil aldığı NATO qüvvələrinin komandanlığını icra edəcəyi qeyd olunmuşdu.
MÖVZU İLƏ BAĞLI:
NATO-nun Baş katibi: “S-400 NATO təyyarələri üçün təhlükə yaradır”
Yeni dövrdə operativ qruplaşmanın əsasını Türkiyə Quru Qoşunlarının 66-cı mexanikləşdirilmiş piyada briqadasının 4200 əsgəri təşkil edəcək.
ABŞ və Britaniya hərbiçiləri də daxil olmaqla 9 NATO üzvü dövlətdən daha 2200 hərbi qulluqçu operativ qruplaşmanın tərkibinə daxil ediləcək və 6400 nəfərdən ibarət qruplaşmaya 1 il müddətində türk zabitləri komandanlıq edəcək.
VJTF (Very High Readiness Joint Task Force) Krımın Rusiya tərəfindən ilhaqından sonra 2014-cü ildə Uelsdə keçirilən NATO toplantısında yaradılıb.
Bu qruplaşmanın 48 - 72 saat ərzində döyüş tapşırığını yerinə yetirməyə hazır vəziyyətə gətirilərək hücum və ya müttəfiq ölkələrə qarşı hücum təhdidindən müdafiə üçün göndərilməsi nəzərdə tutulur.
Verilən açıqlamada Türkiyənin komandanlığının NATO-nun ən çevik hərəkət qabiliyyətinə malik qruplaşma hesab olunan VJTF üçün xüsusilə logistika və sursat baxımından önəmi qeyd olunub.
Xatırladaq ki, daha öncə 2016-сı il NATO-nun Varşava zirvə toplantısında Rusiya sərhədlərində Baltikyanı ölkələri və Polşada silahlı birləşmələrin yerləşdirilməsi və Qara dənizdə (Rumıniyada) çoxmillətli NATO briqadasının yaradılması haqqında razılıq əldə olunmuşdu.
2018-ci ildə keçirilən Brüssel toplantısında isə Rusiya sərhədlərində daha 30 mexanikləşdirilmiş tabor, 30 hava eskadrilyası və 30 hərbi gəmidən ibarət yeni qruplaşmanın formalaşdırılması barədə qərar qəbul olunmuşdu.
Türkiyənin rəhbərlik edəcəyi yeni qruplaşma “Çevik Reaksiya Qüvvələri”-nin ikinci eşelonu kimi fəaliyyət göstərəcək və ehtiyac yarandığı halda maksimum 30 gün müddətində qruplaşmanın təyinat məntəqəsinə göndərilməsi nəzərdə tutulub.
Rəvan Əliyev, Bizim.Media