Firəngiz Mütəllimovadan özünə EFİR QADAĞASI: “Bundan sonra yalnız…” – ÖZƏL 

Firəngiz Mütəllimovadan özünə EFİR QADAĞASI: “Bundan sonra yalnız…” – ÖZƏL 

Hazırda oxunan: Firəngiz Mütəllimovadan özünə EFİR QADAĞASI: “Bundan sonra yalnız…” – ÖZƏL 

70153

“Verilişlərə qatılmamağımın səbəbi pandemiyadır. 2013-cü ildə ağır beyin əməliyyatı keçirtdim. Mən risk qrupundayam. Özümü masksimum dərəcədə qorumağa çalışıram. Həkimimin tövsiyələrinə əməl edirəm. Qapalı yerlərə getməmişəm, bütün qoyulan qayda-qanunlara riayət edirəm. Ailədə də deyirdilər ki, heç yerə getmə. Mənə görə çox narahatlıq keçirirdilər.

Gözləmə mövqeyindəyəm. Gözləyirəm ki, pandemiya tam bitsin, sonra yenidən tamaşaçıların qarşısına yeni işlərlə gələcəyəm. Məni serial çəkilişləri gözləyir. Bu müddət ərzində cəmi 2 dəfə teatra gedib, “Qarabağnamə” adlı əsərdə rolumu ifa etmişəm”. 
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Firəngiz Mütəllimova deyib.  

30 illik həsrətdən sonra “Şuşa”ya qovuşan sənətkar, oradakı evlərinin dağıldığını açıqlayıb. “Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox qəribə hisslər yaşadım. Sanki Şuşada 5 yaşında körpə uşaq qoyub getmişdim. Ora qayıdanda isə o artıq böyümüşdü. Mən gözümdən yaş axa-axa, oxşaya-oxşaya Şuşaya girdim.

30 ildir hər gün Allaha yalvarırdım ki, Qarabağımız, Şuşamız işğaldan azad olunsun. Şuşa da Qarabağın açarıdır. Keçən il mayın 12-də anamın doğulduğu gün, Ramazan bayramında Şuşaya girdim. Mənə çox təsir etdi. Oradakı məhəlləmiz sanki yığılıb, balacalaşıb. Evimizin içində ağaclar bitib. Evimiz darmadağın olub. Cəmi bir-iki daşı qalıb”.  
Mütəllimova mətbuatda yayılan “Yenidən Şuşaya qayıdıb, artıq orada yaşayacaq” iddialarına da münasibət bildirib:  

“Nə zaman yaşamağa icazə versələr, böyük məmnunniyyətlə gedib Şuşada yaşayaram. Bu mənim bəlkə də ən böyük arzumdur. Ora mənim doğulub, boya-başa çatdığım yerdir. Şuşa işğal olmazdan əvvəl hər yay Bakıdan çıxıb, ora istirahətə gedirdim. Mənim üçün Şuşadan doğma yer yoxdur”.  

Hazırda evdə oturduğunu və işləmədiyini bildirən aktrisa əlavə gəlir yerinin olmadığını söyləyib.

“Prezident təqaüdü alıram. Öz maaşımla dolanıram. Əlavə heç bir gəlirim yoxdur. Arada bir reklam təklifi aldım. Oradan az-çox qonorar aldım. Seriala çəkilmədim. Mənim təmtəraqlı həyatım yoxdur, sadə insanlar kimi həyatımı yaşayıram. Nəyim də varsa, min dəfə Allahıma şükür edirəm”.  


F.Mütəllimova aktrisa və müğənni bacısı Nərgizin üzə çıxmamasını belə şərh edib.  

“Bacım heç yerdə işləmir. Çox zaman birlikdə oluruq. Pandemiya çox insanları depressiyaya saldı. Hamı çəkildi kənara. Pandemiyaya görə heç doğmalarımızla doğru-düzgün görüşə bilmədik. İkimizə də seriallardan təkliflər gəlir. Amma ürəyimizcə deyil”.  

Xalq artisti özünə qoyduğu qadağandan söz açıb. O, bundan sonra yalnız özünə aid verilişlərə çəkiləcəyini bildirib.

“Bundan sonra mən yalnız sırf sənətimə və özümə aid portret, teatr və Şuşaya aid verilişlərə çıxacağam. Başqa proqramlara qatılmayacağam. Mənə aid olmayan verilişlərə zamanımı boş-boş sərf eləmək istəmirəm. Çünki mənim gündəmdə qalmağa ehtiyacım yoxdur. Mənim bu sənətimdən başqa işim yoxdur ki, çıxım nədənsə danışım ki, məni kimsə tanısın. Məni 7-dən 77-yə hamı tanıyır. Eyni mövzular barədə danışıb, insanları yormaq istəmirəm. Mən bizim kanallarda yalnız xəbərlərə və müəyyən sənətlə bağlı verilişlərə baxıram”.  

Redaksiyamızın əməkdaşı ilə söhbətində Firəngiz Mütəllimova bəzi sənət nümayəndələrinin verilişlərdən qonorar tələb etməsinə də münasibət bildirib.  

“Mənim belə bir niyyətim yoxdur. Amma istəyənlərə də haqq verirəm. Niyə də olmasın? Bəs nə yaxşı kanallar pul qazananda yaxşıdır, sənət adamları onlardan qonorar istəyəndə isə pis olur, arada da konflik yaranır.
O qədər reklamlar verirlər efirlər. Verilişlərinə də 2-3 sənət adamı çağırırlar. O qazandıqları pullardan onlara da versinlər. Bu təklifdən çox xoşum gəldi. Sənət adamlarına qarşı haqsızlıqdır. Sayılıb-seçilən incəsənət nümayəndələrinə telekanallar pul ödəsələr, çox yaxşı olar. Sadəcə bunun üzərində müəyyən işlər aparılmalıdır”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO