Hövsana kanalizasiya xətti niyə ÇƏKİLMİR? – Sakinlər öz hesabına İŞƏ BAŞLAYIR

Hövsana kanalizasiya xətti niyə ÇƏKİLMİR? – Sakinlər öz hesabına İŞƏ BAŞLAYIR

Hazırda oxunan: Hövsana kanalizasiya xətti niyə ÇƏKİLMİR? – Sakinlər öz hesabına İŞƏ BAŞLAYIR

68546

Suraxanı rayonunun Hövsan qəsəbəsində illərdir ki, sakinlər kanalizasiya sisteminin olmamasından gileylənir. 

Qəsəbənin Oqtay Şabanov və Çöllük küçələri, Bağ massivi, eləcə də kənd Hövsanda kanalizasiya xətləri olmadığından sakinlər əziyyət çəkirlər. Getdikcə sayı artan fərdi evlər isə bu durumu daha acınacaqlı hala salır. 
Sakinlərin bildirdiyinə görə bir ayda şambonun boşaldılması üçün ən azı 100 manat xərc çəkirlər. Məvacibi aşağı olan ailələr bu pulu ödəməkdə çətinlik çəkdiklərini deyirlər. Üstəlik, istər yay, istərsə də qış aylarında üfunətdən ərazidə nəfəs almaq olmur. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə qəsəbənin bir hissəsində fərdi evlərdə yaşayan sakinlər öz hesablarına kanalizasiya xəttinin çəkilməsini qərarlaşdırıblar və bunun üçün aidiyyəti qurumlardan icazə  alıblar.

Hər evdən isə nə az, nə çox 500 manat pul yığılması təklif olunub. Bəzi ev sahibləri məbləğin çox olduğuna etiraz etsələr də, birdəfəlik həll olunacaq problemin yoluna qoyulması üçün sonradan razılığa gəliblər. Məlumata görə yaxın günlərdə kanalizasiya xətti çəkiləcək ərazidəki asfalt örtüyü sökülərək, müvafiq işlərə başlanacaq. 

Maraqlıdır, aidiyyəti qurum, yəni “Azərsu” ASC sözügedən ərazidəki kanalizasiya xəttinin çəkilməsi üçün sakinlərə icazə veribmi? Ümumiyyətlə, ərazi Bakının Baş planına salınıbmı? 

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə qeyd olunan qəsəbədə  kanalizasiya infrastrukturunun qurulması 2022-ci ildə nəzərdə tutulmasa da, bu məsələ Bakının Baş Planına salınıb. 

Vətəndaşların öz hesabına bu xətti çəkmələrinə və icazə sənədinə gəlincə, Anar Cəbrayıllı özbaşına bu xətlərin çəkilməsinin yolverilməz olduğunu deyib:

“O sular hara axıdlacaq? Biz vətəndaşların özbaşına su və ya kanalizasiya xətti çəkmələrini təqdir etmirik. Çünki kanalizasiya xətlərində ilk növbədə kollektor (təmizləyici qurğu), sonra isə şəbəkə olmalıdır. Baxırsan ki, vətəndaşlar özləri yığışıb kanalizasiya xətləri çəkirlər, sonra açıq kanala çevrilir və mətbuatda şikayətlər çoxalır ki, “Azərsu”, yerli bələdiyyə və ya icra hakimiyyəti məsələyə baxmır. Əvvəl bu işləri görürlər, sonra problem yaradırlar. Problemin həlli üçün isə müvafiq dövlət qurumlarına müraciət edirlər. Ümumiyyətlə özbaşına su və ya kanalizasiya xətlərinin çəkilməsi yolverilməzdir. Bunun üçün hökmən texniki çıxarış alınmalı, ən azı aidiyyəti qurumlarla razılaşdırmalar olmalıdır. Əgər aidiyyəti qurumlar buna razılıq vermirlərsə, çəkilməməlidir”.

Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov isə bildirib ki, bütün kanalizasiya xətlərinin çəkilməsi Dövlət Proqramına salınıb:

“Bu işlər Baş Plana əsasən mərhələli şəkildə həyata keçirilir. Qaldı ki, hansısa küçə öz vəsaiti hesabına bu işləri görürsə, bələdiyyə “Azərsu” ASC-yə vətəndaşlara kömək edilməsi üçün məktub ünvanlamalıdır.

“Azərsu” gəlib həmin əraziyə baxış keçirməli, doğurdan da o vəsaiti yığıb verə biləcək vətəndaşlar varsa, dövlət səviyyəsində məsləhət olunan hansısa şirkət vasitəsilə bu işlər görülür. Hansı küçə və qəsəbə hansı mərhələyə düşübsə, o formada işlər aparılır”.  
Elbrus Xəlilovun sözlərinə görə hazırda qəsəbənin Oqtay Şabanov küçəsindəki bir döngəsinə kanalizasiya xəttinin çəkilməsinə icazə verilib:

“Qəsəbənin yarısı Oqtay Şabanovdur. Bu küçənin yalnız bir döngəsinə icazə verilib. Qalanı isə növbəli şəkildə, “Azərsu” ASC-nin təsdiqlədiyi planı əsasında baş tutacaq. Hövsan kəndinin 7 əsr tarixi var, hələ kanalizasiya xətti yoxdur. Bu gün qəsəbənin yalnız 10 faizində kanalizasiya sistemi var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO