“Sputnik Azərbaycan”ın yeni rəhbəri İŞƏ BAŞLADI – Deputatlardan SƏRT REAKSİYA

“Sputnik Azərbaycan”ın yeni rəhbəri İŞƏ BAŞLADI – Deputatlardan SƏRT REAKSİYA

Hazırda oxunan: “Sputnik Azərbaycan”ın yeni rəhbəri İŞƏ BAŞLADI – Deputatlardan SƏRT REAKSİYA

65514

Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinə Vitali Denisovun rəhbərlik etməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə bundan əvvəl qondarma Cənubi Osetiya respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edən, çalışdığı müddətdə separatçı informasiyalar yaymaqla məşğul olan Rusiya əsilli Vitalinin həssas məqamda ölkəmizə təyinat alması təxribat və qərəzli addım kimi qiymətləndirilib.

Üstəlik Denisovun “Sputnik”in rəhbəri, erməni əsilli Marqarita Simonyanın yaxın kadrlarından biri olduğunun üzə çıxması ciddi müzakirələr doğurub.  
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın “Sputnik Azərbaycan” TƏXRİBATI - Kimlər etiraz etdi?


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Razi Nurullayev indiki həssas məqamda belə bir şəxsin Azərbaycandakı “Sputnik”ə rəhbər gətirilməsini yaxşı addım hesab etmir:

“Mən Vitali Denisovu tanımıram və adını ilk dəfədir ki, eşidirəm. Əgər o, doğurdan da qondarma Cənubi Osetiya respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edibsə, həmin dövrdə də separatçı məlumatların yayılmasında iştirakçı olubsa, o zaman onun Azərbaycanda işləməsi heç də xoş qarşılana bilməz və bu məsələyə heç kim isti yanaşmayacaq. Bu baxımdan Azərbaycan özünün diplomatik kanalları ilə təyinata yaxşı baxmadığını nəzərə çatdırmalıdır ki, Rusiya tərəfi də bununla bağlı lazımi addımları atsın”. 

Deputatın sözlərinə görə çox güman ki, Denisovun əvvəlki fəaliyyəti Azərbaycan tərəfindən tam olaraq araşdırılacaq:

“Yox əgər, onun bioqrafiyasında ləkəli məqamlar yoxdursa, Cənubi Asetiyada separatizmi dəstəkləməyibsə, o başqa məsələdir. Əksindirsə, bəri başdan mən də Milli Cəbhə Partiyasının sədri və Milli Məclisin üzvü kimi bu təyinata etirazımı bildirirəm”.

Millət vəkili Fazil Mustafanın fikrincə, hər hansı bir şəkildə bu fəaliyyət məqsədli addım kimi nəzərdə tutulubsa, buna qarşı sərt reaksiyamızı verməliyik:

“Təbii ki, “Sputnik” Azərbaycan Rusiyadan idarə olunan və müəyyən dərəcədə oranın informasiya siyasətinə xidmət edən, eyni zamanda da Azərbaycan reallıqlarını nəzərə alan informasiya şəbəkəsidir. Müəyyən dərəcədə Azərbaycan üzərindən obyektivliyini qorumağa çalışır. Orada  çalışan azərbaycanlı jurnalistlər də əslində bu prinsipə əməl etməyə xüsusi diqqət ayırırlar.
 

Konkret olaraq oranın rəhbərliyinə gətirilən şəxsin həqiqətən də separatizmi dəstəkləyən fəaliyyətləri varsa, bu, olduqca narahatedici bir amildir. Ona görə də bu məsələyə daha diqqətli yanaşılmalı və həmin qurumun rəhbərliyinə bu barədə bildirilməlidir”.


Deputat əlavə edib ki, Azərbaycanla bağlı fəaliyyətə məhz separatizmi dəstəkləyən bir anlayışla yanaşmaq, həm də Qarabağa yönəlik müəyyən fəaliyyətlərdə də özünü göstərə bilər:

“Bu baxımdan sözügedən məsələdə həssaslığımızı diqqətə çatdırmalıyıq”, deyə o, qeyd edib.

Xatırladaq ki, məsələ ilə bağlı Media İnkişafı Agentliyinə iki gün əvvəl rəsmi sorğu göndərmişik. Azərbaycanda media qurumlarına nəzarət funksiyasını həyata keçirən Agentliyin sözügedən addımla bağlı da mövqeyi maraqlıdır. Qurum hələlik sorğumuzu cavablandırmayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinə rəhbər təyin olunan Vitali Denisov artıq iş başındadır.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO