Neftin bahalaşması Azərbaycanda inflyasiyanı sürətləndirəcək? – Müharibənin FƏSADLARI 

Neftin bahalaşması Azərbaycanda inflyasiyanı sürətləndirəcək? – Müharibənin FƏSADLARI 

Hazırda oxunan: Neftin bahalaşması Azərbaycanda inflyasiyanı sürətləndirəcək? – Müharibənin FƏSADLARI 

63009

“Enerji həm xidmət sahəsində, həm məhsulların istehsalında önəmli bir komponentdir. Bu sektorda qiymətlərin artması istehsal xərclərini artırır. Bu artım isə bazara çıxarılan məhsulun qiymətinə transformasiya olunur”.

Bu fikirləri dünya bazarlarında enerji qiymətlərində müşahidə olunan kəskin artımı Bizim.Media üçün şərh edən iqtisadçı ekspert Əhliman Abbasov bildirib.

Ekspertin sözlərinə görə, enerji qiymətlərindəki yüksəliş digər məhsullara da təsirsiz ötüşməyəcək.
 

MÖVZU İLƏ BAĞLI:

İnflyasiyanın sürəti BU TARİXDƏN etibarən azalacaq – İqtisadçıdan PROQNOZ


“Onsuzda yüksələn inflyasiya dövrünü yaşayırıq. Xüsusilə də, son geosiyasi hadisələr, Rusiyanın Ukraynaya hücumu, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalar, “Şimal Dəhlizi 2” layihəsinin dondurulması və ümumiyyətlə Rusiyaya neft və qaz sektorunda təyin oluna biləcə sanksiya xəbərləri neft və qaz qiymətlərinin yüksəlməsini daha da sürətləndirir”, - deyə Əhliman Abbasov bildirib.

İqtisadçının sözlərinə görə, qiymət artımlarının başlıca səbəbi Ukraynada davam edən münaqişədir:

“Lakin qiymət artımının əsas səbəbi Ukrayna böhranından qaynaqlanır. Çünki Ukrayna Rusiya və digər ölkələrin enerji məhsullarının Avropaya ötürülməsində tranzit ölkə kimi çıxış edirdi. Qeyri-stabil vəziyyət isə ixraca da təsirsiz ötüşməyib. Qeyd etdiyimiz kimi, Rusiyaya tətbiq olunacaq enerji sanksiyaları, yaxud da Moskvanın özünün enerji məhsullarını bazara daha az miqdarda çıxarması ilə bağlı xəbərlər də yayılıb. Eyni zamanda Ağ Evdən gələn açıqlamada da Rusiyaya enerji sanksiyalarının tətbiqinin mümkünlüyü vurğulanıb. Bazar da bu cür neqativ gözləntilərə reaksiya verir və qiymət artımı baş verir”.

Əhliman Abbasov dünya bazarlarındakı qiymət artımlarının Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyini vurğulayıb:

“Azərbaycan enerji ixracatçısı olduğu üçün bu sahədə qiymətlərin yüksəlməsi gəlirləri daha da artırır. Lakin Azərbaycanın digər sferalarda xarici bazarlardan idxal asılılığı da yüksəkdir.

Ümumilikdə, qiymət artımının baş verməsi daxili iqtisadiyyatda onsuz da mövcud olan inflyasiya trendini daha da sürətləndirə bilər. Bu baxımdan qiymət artımın Azərbaycan iqtisadiyyatına təsirləri müxtəlif aspektlərdən olacaq.

Təbii ki, bizim regionda ciddi iqtisadi əlaqələrimizin olduğu Ukrayna və Rusiyanın üzləşdiyi məsələlər Azərbaycan iqtisadiyyatına, xarici iqtisadi əlaqələrimizə ciddi təsir göstərəcək. Ən önəmli təsirlərdən biri isə inflyasiyanın daha da sürətlənməsi ola bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO