Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Heydər Əliyev prospektində yolu bağlayan yük maşınları ilə bağlı açıqlama yayıb.
Qurumdan Bizim.Media-ya daxil olan məlumatda qeyd edilir ki, 2021-ci il ilin iyun ayından etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomibil Nəqliyyatı Xidməti tərəfindən beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin tətbiqi ilə həyata keçirilir. İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də iştirakı təmin edilib.
"Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc edilərək ictimailəşdirilir. Əvvəlllər mövcud olan neqativ hallar tam və birmənalı dayandırılıb.
Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur.
Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.
Bundan əlavə, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol verib.
Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə Rəmiş Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.
Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Rəmiş Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 01 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya Federasiyasının ərazisinə keçmiş və orada yükü naməlum şəxslərə təhvil vermiş, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edilərək onun işgüzar nüfuzuna xələl gətirilib.
Bu il Cəfərov Rəmiş tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq icazələr alınmayıb. Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb.
Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə Cəfərov Rəmiş tərəfindən nəqliyyat vasitələri şəhərin mərkəzi prospektinin ikinci zolağında saxlanılıb.
Onu da bildirmək istəyirik ki, Rəmiş Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılmışdır. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdiriblər.
Qeyd edək ki,“İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır.
Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır", - deyə qurumun açıqlamasında bildirilib.
Xatırladaq ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb. “R-Group” şirkətinin sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz ediblər.
TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları TIR-ları evakuator vasitəsi ilə yoldan çəkdikdən sonra nəqliyyatın hərəkəti bərpa edilib.
Bizim.Media