Olimpiya məşəlindən Zəfər tonqalına gedən YOL

Olimpiya məşəlindən Zəfər tonqalına gedən YOL

Hazırda oxunan: Olimpiya məşəlindən Zəfər tonqalına gedən YOL

52151

ABŞ-ın nüfuzlu dövlət xadimlərindən John W.Gardner bir liderin ən önəmli xüsusiyyətinin ümidləri canlı tutmaq olduğunu deyirdi. Qələbəyə gedən yolda, bəlkə də, hər şeydən çox ehtiyac duyulan amil məhz qələbəyə olan ümiddir. 

Azərbaycan xalqı 2020-ci il də 25 ildir ki, həsrətində olduğu qələbəni əldə etdi. Ərazi bütövlüyümüzün bərpa olunması, qaçqın və məcburi köçkünlərimizin öz ata-baba torpaqlarına qayıtması, illərdir yaşadığımız ağrı-acıların və nakam ruhların təskinlik tapması bu tarixi qələbənin nəticəsi idi. 

Bu gün hər bir azərbaycanlının qürur və fəxarət mənbəyi hesab etdiyi “Zəfər günü” qələbəmizin böyüklüyünün, bu yolda çəkdiyimiz əziyyətlərin və verdiyimiz qurbanların nişanəsidir.

Lakin qazanılan hər uğurun təməlində illərlə qurulub yaradılan inam, qələbəyə olan ümid yer alır. “Zəfər günü” təkcə silah sursatın deyil, həm də qələbə əzminin təntənəsi idi. Bu əzmi bizə bəxş edən və arxada qoyduğumu 25 il ərzində bizi daim qələbəyə inandıran, zəfər ümidlərimizi sönməyə qoymayan Ali baş komandan, cənab İlham Heydər oğlu Əliyev oldu.
 

İstər Milli Olimpiya Komitəsinin, istərsə də ölkə prezidenti kimi İlham Əliyev, 90-cı illərin ağır sınaqlarından çıxmış Azərbaycanı gücləndirməyin tək yolunun xalqın özünəinam hissini bərpa etməkdə olduğunu başa düşürdü.


Azərbaycanın ümidə ehtiyacı vardı, arxada qoyduqlarının və verdiyi qurbanların qisasını alacağı günlərə inanmağa ehtiyacı vardı. Azərbaycan üçün bu ümid işığı 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin perzidenti vəzifəsinə təyin olunması ilə parladı.

Bu tarixə qədər müstəqil Azərbaycan iki dəfə 1992-ci il Barselona və 1996-ci il Atlanta Yay Olimpiadasında iştirak etmişdi. Lakin bu yeni təyinat Atlantada olduğu kimi, 1998-ci il Naqano Qış Olimpiadasından da medalsız dönən Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi.

İlham Əliyevin ilk işi yeni vəzifəyə təyin olunduğu 1997-ci ildə qarşıdan gələn Sidney Yay Olimpiadası üçün hazırlıq konsepsiyasının işlənib hazırlanması oldu. İdmançıların sosial problemlərinin həll olunması və federasiya daxilində səmərəli fəaliyyətin təmin olunması Sidney uğuruna gedən yolun sadəcə kiçik pillələri idi.

Olimpiadalara tamamilə fərqli münasibət nəticəsində 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə tarix yazdı. 

2-si qızıl və 1-i bürünc olmaqla qazanılan 3 medal azərbaycan xalqının mübarizə ruhunu yenidən oyatmışdı. İllər sonra əldə olunan ilk qələbə gələcək uğurların xəbərçisi idi. Dünya Azərbaycan himninin sədalarını dinləyərkən bizlər də öz tarixi kimliyimizi, yaddaşımızı və öz gücümüzə olan inamımızı yenidən qazanırdıq.

Əldə olunan uğurlu başlanğıcı davam etdirən Azərbaycan Afinada (2004) 5, Pekində (2008) 7, Londonda (2012) 9, Rio-de-Janeyroda (2016) isə 18 medal qazandı. Ardıcıl qələbələr, idmanın bir çox sahəsində əzəli və əbədi düşmənlərimiz üzərində inamlı zəfərlər ümidlərimizi yenidən oyatmışdı. Tatamilərdəki kiçik qələbələri daha böyük meydanlardakı uğurlar izləyirdi. Bütün bu uğurların fonunda isə ağıllı və məntiqə əsaslanan, saat mexanizmi kimi işləyən idarəçiliyin, lider obrazının mövcudluğu hiss olunurdu. 

Əldə olunan qələbələr, qazanılan medallar Azərbaycan üçün sadəcə uğur yox, həm də milli özünüdərkin önəmli tərkib hissəsi idi.
 

Hər qələbə bizi gələcəkdə gözləyən şanlı Zəfər gününə bir addım daha yaxınlaşdırırdı. Hər uğur bizi laiq olduğumuz qələbə üçün hazırlayır, nüfuzlu idman yarışlarında Ali baş komandan İlham Əliyevin daşıdığı məşəllər Azərbaycanın tarixi qələbəsinin rəzmi olan Zəfər tonqalının ilk qığılcımlarına çevrilirdi.


Bu gün, qalib ölkənin vətəndaşları olaraq yaxın keçmişə nəzərə saldığımızda bir vaxtlar dağınıq və xaotik görünən tarixi hadisələr nəzərimizdə yenidən mənalanır. Bu illər ərzində ilmək-ilmək toxunan qələbənin hər anını sanki yenidən yaşayırıq. 

Müzəffər Ali baş komandan İlham Əliyev təkcə prezident deyil, o həm də bir xalqın qələbə ümidini sönməyə qoymadığı, addım addım bu ümidi daha da közərtdiyi və tarixi əzəmətini ona geri qaytardığı üçün həqiqi liderdir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO