Apteklərdə BAHALAŞMA – Ucuz dərmanları kim dövriyyədən çıxarıb?

Apteklərdə BAHALAŞMA – Ucuz dərmanları kim dövriyyədən çıxarıb?

Hazırda oxunan: Apteklərdə BAHALAŞMA – Ucuz dərmanları kim dövriyyədən çıxarıb?

52150

Apteklərdə ucuz dərman preparatlarının “yoxa çıxıb”. Demək olar ki, Rusiya istehsalı ağrıkəsicilər, şəkər, böyrək, ürək  əleyhinə preparatlar satışdan yığışdırılıb. Onların yerinə bu preparatlardan qat-qat baha olan firma dərmanlarının alıcılara təqdim olunması cəmiyyət arasında böyük narazılıqlar yaradıb.

Alıcılar bildirirlər ki, bu cür halların yaşanması dərman biznesi ilə məşğul olan işbazların birbaşa onların ciblərinə girməsidir. Hətta ölkəyə dərmanların gətirilməsinin xüsusi qaydalar və qiymət tənzimlənməsi ilə həyata keçirilməsini də təklif edənlər var.

Məsələ ilə bağlı bir neçə şəhər apteklərində araşdırma aparıb, həqiqətən də hansı preparatların yoxa çıxması ilə bağlı maraqlandıq. Apardığımız müşahidələrimiz zamanı deyilən iddiaların əsaslı olduğunu, bəzi ucuzlu preparatların həqiqətən apteklərdən yığışdırıldığının şahidi olduq.
 

MÖVZU İLƏ BAĞLI:

Apteklərdə dərmanlar sürətlə bahalaşır – SƏBƏB nədir? 


Məsələn “Ranitin”, “İmodium” kimi dərman preparatları heç bir aptrekdə tapılmadı. Əvəzində əczaçı bizə onların bahalı əvəzələyicilərini təqdim etdi.

Şəhər apteklərinin birində əczaçı çalışan Süsən Hacıyeva faktı Bizim.Media-ya təsdiqləyib. Onunla söhbət zamanı öyrənirik ki, bəzi dərmanlar Səhiyyə Nazirliyi tərəfindən qadağa olunub, lakin elə dərmanlar da var ki, aptek müdirləri onu gətirmir. Əczaçı xanımın sözlərinə görə, buna səbəb o dərmanların üzərində olan az gəlirdir.

“”Olitetrin”, “Fosfolügel”, “Ranitidin” preparatları 30 – 60 qəpik arasında satılırdı. Ancaq hazırda bu dərmanlardan heç yerdə tapmaq olmur. Məsələn “Ranitidin” preparatının əvəzinə “Kvamatel” preparatı 3 manat 80 qəpiyə təklif olunur.  Məsələn “İmmodium” preparatının  qiyməti 20 dənəsi 7-8 manat civarında idi. Alıcılar dənəsi 40 qəpikdən olaraq onu əldə edə bilirdilər. Lakin hazırda o, apteklərdən yığışdırılaraq əvəzində alıcılara 10 ədədi 11 manata olan “Enterol” təklif olunur.  
S. Hacıyeva həmçinin qeyd edib ki, uşaqlar üçün ucuz olan dərmanları da şəhər apteklərindən tapmaq qeyri-mümkündür. 

“Bizə tez-tez gənc analar köp, qusma əleyhinə “Motilium” adlı dərman preparatı üçün müraciət edirlər. Qiyməti də hər cibə uyğun idi. Hazırda bu ekstrakt apteklərdə satışda yoxdur, əvəzləyici kimi isə ondan qat-qat baha olan “İmeran” dərmanı təklif olunur. Bundan başqa allergiya xəstələri üçün 50 qəpik qiymətində olan “Diazalin” preparatı vardı, o da yoxa çıxan dərmanların siyahısındadır. Alıcıları hər dəfə əliboş və ya əvəzləyicisi olan baha preparatla yola salanda utanıram. Hazırda onun yerinə 7-10 manat qiyməti olan “Rolinoz”, “Lominal” dərmanları təklif olunur”.

Mütəxəssis ən çox axtarılan dərman preparatının isə böyrək xəstələri üçün olan “Nitroksolin” preparatının olduğunu vurğulayıb.
 

“Bu 50-60 qəpik qiymətində olan preparat da yoxa çıxıb. İndi onun əvəzinə bizə “Uronef”,  “Urotamz”, “Sitrosin” preparatları gəlir ki, onların da qiyməti 30-20-10 manat civarındadır. Ürək döyüntüsünü azaldan “Nifedipin” dərmanı da nadir tapılanlar sırasındadır. 


Əczaçı söhbət zamanı bildirib ki, bəzi preparatların qiyməti nəinki 100 % hətta ondan çox artan dərmanlar var. 

“Mən bu preparatlardan birinin, qiyməti kəskin şəkildə artan tərkibi vitamin və mikroelement olan Zevitseldən danışmaq istəyirəm. Bu preparatın qiyməti 19 manatdan düz 39 manata qədər yüksəlib. Yəni özünüz gördüyünüz kimi bu preparatda 200 % bahalaşma müşahidə olunur”.

Sonda o, qeyd edib ki, söhbət zamanı sadaladığı heç bir preparat Səhiyyə Nazirliyi tərəfindən qadağalar siyahısına daxil edilməyən preparatlardır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO