“İvanişvili Mixeil Saakaşvilidən qisas alır” – Nino Burcanadze ilə ÖZƏL MÜSAHİBƏ

“İvanişvili Mixeil Saakaşvilidən qisas alır” – Nino Burcanadze ilə ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: “İvanişvili Mixeil Saakaşvilidən qisas alır” – Nino Burcanadze ilə ÖZƏL MÜSAHİBƏ

0:00
0:00
44787

“Müxalifətin Gürcüstan hökumətindən etdiyi tələb və istəklər tamamilə ədalətlidir. Amma hakimiyyət höküm sürən vəziyyətə adekvat deyil. Onlardan eşitdiyimiz yeganə şey müxalifətin ünvanına təhqirdir. Bü cür davranışlar isə ölkədə vəziyyəti daha da ağırlaşdırır”.

Bu fikirlərlə Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze çıxış edib. O, Bizim.Media ilə özəl müsahibə zamanı bildirib ki, son illər Gürcüstanda demək olar ki, pozitiv heç nə edilməyib:

- Hazırda Gürcüstandakı vəziyyəti necə dəyərləndirirsiniz?

- İqtisadi, sosial situasiya pisləşib və hər gün daha da pisləşməkdədir. COVİD-lə bağlı vəziyyət praktik olaraq “katastrofik”dir. Çünki uzun həftələrdir ki, 100 min əhali arasında ölüm sayına görə Gürcüstan birinci yerdədir. Yoluxma sayı da artmaqdadır. Bu özünü bir istiqamətdə göstərmir. O cümlədən, ərazi problemlərinin həlli – Abxaziya və Cənubi Osetiyadakı konfliktlərdə, bir dənə də olsun sahədə pozitiv yerdəyişmə yoxdur. 

Və bunun ardınca ümumi narazılığa seçkilərin falsifikasiyası da əlavə olundu. Qeyd olunan qanunsuzluqlar seçki prosesləri zamanı dönə-dönə təkrarlanıb. Bu isə böhranı daha da dərinləşdirib.

- Saakaşvilinin ölkəyə qayıdışı nəyi dəyişdi? 

- Saakaşvilinin Gürcüstana qayıtması krizisi daha da dərinləşdirdi. Hazırda o, həbsxanada aclıq aksiyası keçirir. Və yenə də hökumətin fəaliyyəti adekvat deyil. Çünki burada söhbət ondan gedir ki, 3 həftədən çox zamandır aclıq edən insanı normal, çoxfunksiyalı klinikaya köçürtmək lazımdır. Bu tip klinikalarda onun müalicəsi mümkündür.

Hökumətin inadı, həkim tövsiyələrini rədd etməsi başqa mənzərə yaradır. Yəni, bu, Saakaşviliyə olan iradların fonunda ədalətin bərqərar olunması yox, cənab İvanişvilinin şəxsi qisasıdır. Sadəcə olaraq, İvanişvili Saakaşvilini həbsxanada görmək istəyir. Bununla İvanişvili həm də nümayiş etdirmək istəyir ki, hakimiyyəti əldə saxlamaq üçün hər şeyə getməyə hazırdır. 

Digər tərəfdən, Gürcüstanın bütün mərkəzi şəhərlərində etiraz ovqatı, narazılıq dolu çıxışlar var. Əfsus ki, hazırkı hakimiyyət heç bir tənqidə dözmür.

- Sizcə, Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinin yekun qərarı nə olacaq?

- Hökumətin nə edəcəyini demək mənə çətin olacaq. Belə ki, adekvat və qarşılıqlı güvən olan hökumətin addımlarını proqnozlaşdırmaq mümkündür. Amma siyasi kateqoriyalarla əsaslandırmayan və oliqarx kateqoriyaları ilə düşünən hökumətin nə edəcəyini təxmin etmək qəlizdir. Lakin düzü, onlardan yaxşı heç nə gözləmirəm.

- Siz Mixeil Saakaşvilinin həbsi və digər problemlərin səbəbini Bidzina İvanişvilidə görürsünüz. Bəs Saakaşvilinin həbsxanada olmasını, Gürcüstanda vəziyyətin gərgin qalmasını istəyən üçüncü qüvvələr də varmı?

- Əlbəttə ki, Gürcüstanın daxilində də, xaricində də Saakaşvilini həbsxanada görmək istəyən güclər var. Bununla yanaşı, Gürcüstanı zəif görmək istəyən qüvvələr də az deyil. Belə olan halda Gürcüstan istənilən təsir və təzyiqlərə məruz qala bilər. Amma əsas məsuliyyət bizim, daha doğrusu, bizim hökumətin üzərindədir. Əgər hökumət düzgün addımlar atsa, heç bir kənar qüvvə ölkədəki situasiyanı dəyişə bilməz. Təəssüf ki, hazırda bu yoxdur.

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO