“Məktəblər bağlanacaq, müəssisələr qapanacaq, SMS icazə qayıdacaq”. Koronavirusa yoluxma sayı artdıqca, bu cür iddialar da artır.
Baxmayaraq ki, Azərbaycanda vaksinasiyanın ümumi sayı 9 milyonu keçib, hələ də qapanmaların geri qayıdacağı ilə bağlı təşviş mövcuddur.
Son vaxtlar yoluxma sayının xüsusilə toylarda artması ilə bağlı fikirlər daha çox yayılır. Bu həftənin şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinin keçiriləcəyi və qəbul ediləcək qərarlardan birinin də toylarla bağlı olacağı barədə iddialar daha çoxdur.
Məsələni dəqiqləşdirmək üçün ilk olaraq Operativ Qəragahla əlaqə saxlamağa cəhd etdik. Uzun sürə zəng etməyimizə bazmayaraq telefonlarımıza heç kim cavab vermək istəmədi.
Millət vəkili Fazil Mustafa ilə söhbətimiz əsnasında isə o, bildirdi ki, toyların dayandırlmasını doğru hesab etmir. O, Bizim.Media-ya müsahibəsində dedi ki, ümumiyyətlə qapanmaya getmək olmaz:
“Bu bilavasitə Azərbaycan iqtisadiyyatına, əhalinin sosial durumuna təsir edir. Vətəndaşları bir daha məsuliyyətə çağırmaq lazımdır. Bu artıq tibbi deyil, mədəni məsələdir. Hamı çevrəsində yoluxanları, müalicə alanları artıq gördü. Böyük əksəriyyət bunu müəyən dərəcədə anlasa da, qaydalara əməl etmək istəmir. Belə olacaqsa, problem qalacaq və qapanma da burada çıxış yolu deyil. Nəticəsi Azərbaycan üçün xeyli faciəvi olacaq”.
Yoluxmanın daha çox toylarda baş verməsi ilə bağlı fikirlərə gəlincə, deputat hesab edir ki, bu bir bəhanədir:
“Son vaxtlar çox toy da olmur. Toylar dayandırılanda bizim iqtisadiyyatımız çökür. Bu bizə lazımdırmı indi? Onsuz da yoluxma təkcə toylarda olmur. İctimai nəqliyyatda sıxlıq olur ki, bu da kifayyət qədər yoluxmaya rəvac verir. İctimai nəqliyyat məsələsi vaxtında çözülməyib. Ayrı-ayrı məmurlar öz keflər ilə hərəkət edib, ölkədə onu-bunu ləğv ediblər, nəticədə də bu cür durum yaranıb. Məncə, bu məsələnin üzərində düşünmək lazımdır. Toyları isə yoluxmaya görə dayandırmaq olmaz”.
Xatirə Nəsirli, Bizim.Media