Şəkinin Cumakənd kəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qanunsuz qazıntı işlərinin aparıldığı iddiası ilə bağlı xəbər vermişdik. Qazıntı işlərinə səbəb ziyarətgahın altında qızıl olması ilə əlaqələndirilir.
Bu dəfə Bizim.Media-nın redaksiyasına qazıntı işlərininin aparıldığını əks etdirən videogörüntü daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Şəkidəki Pir Baba ziyarətgahını TALAN edən kimlərdir? – “Qızılaxtaranlar peyda olub” - ARAŞDIRMA
Görüntülərdən də belə məlum olur ki, türbənin sahibinin qəbri yandan qazılıb və müdaxilə edilib. Daha sonra naməlum səbəbdən qazılan çala doldurulub.
Məlumata görə kənd icra nümayəndəsi ilə ziyarətgahın nəzarətçisi əlbir olaraq ərazidə qazıntı aparıblar. Hazırda ziyarətgahın bağlı olduğu və ora heç kimin buraxılmadığı deyilir. Kənddə və rayonda dolaşan söz-söhbətlərə görə prosesə yerli polislər də qoşulub.
Şəkinin Cumakənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mustafa Əliyev Bizim.Media-ya açıqlamasında deyilənlərin əsassız olduğunu bildirib:
“Orada heç bir qazıntı işləri aparılmayıb. Kim istəyirsə, gəlib baxa bilər. Ziyarətgah hər kəsə açıqdır və bağlanmayıb. Sadəcə burada bərpa işləri aparılıb və tək daş döşənib. Müəyyən qədər Pir babanın məzarının ətrafı təmizlənib. Bu məsələdə mənə qarşı qarayaxma kampaniyasına başlanıb və səbəbi də bəllidir”.
Mustafa Əliyevin sözlərinə görə Cumakəndin bələdiyyə sədri Məmməd İsmayılov kəndin mərkəzində yerləşən köhnə məktəb binasının 70 sotluq həyətyanı sahəsini satmaq istəyir. Buna isə bir icra nümayəndəsi kimi müdaxilə etmişəm:
“Satılmağını istəmirəm və mane oluram. İstəyirəm ki, orada uşaq bağçası yerləşdirilsin. Ona görə də bələdiyyə sədri tərəfindən mənə qaqrşı qarayaxma və qərəz başlayıb. Guya ziyarətgahda qazıntı işlərinin aparılmasını iddia edir və bununla bağlı sosial mediaya çıxıb. Üstəlik sahə rəisinin və mənim adım çəkilib. Bu daş deyil ki, qaldırıb qoyasan. Qazıntı üçün aylar, illər lazımdır. Kim ora girə bilər? Əgər belə bir qazıntı aparılıbsa, hüquq-mühafizə orqanları buna göz yuma bilərmi? Üstəlik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizlik Xidmətinin yerli idarəsinin nəzarəti var”, - deyə o, əlavə edib.
Xatırladaq ki, ötən dəfə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmişdik. Amma qurumdan hələki cavab gəlməyib. Öz növbəsində isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də rəsmi sorğu ünvanlamışıq.
“Babaratma” Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, ziyarətgahdakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir. Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. “Babarta” “Baba ribat” sözünün təhrif olunmuş şəklidir.
Ziyarətgahın nəzarətçisi Məmməd Süleymanovdur.
Araşdırmamız davam edir, əlaqədar təşkilatların cavabını gözləyirik.
Alçina Amilqızı, Bizim.Media