Güney azərbaycanlı qadın hüquqları müdafiəçisi İran Kəşfiyyat İdarəsinin yerli bölməsinə çağrılıb.
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi Pərisa Ciddi İran Kəşfiyyat İdarəsinin (ETTELAAT) yerli bölməsinə çağırılıb.
Oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün idarənin yerli bölməsinə getməsi tələb olunub.
Qadın hüquqları müdafiəçisi ETTELAAT məmurlarının təkrar zənglərinə cavab olaraq, yazılı çağırış göndərilmədiyi təqdirdə idarəyə getməyəcəyini bildirib.
Onun hansı məsələlərə görə çağırılması barədə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, İranın Cinayət Prosessual Məcəlləsinin 169 və 170-ci maddələrinə görə, yalnız məhkəmə orqanı şəxslərin məhkəməyə çağırılması üçün yazılı çağırış verə bilər.
Məhkəmə orqanı tərəfindən telefon vasitəsilə çağırılma haqda qərar çıxarıldıqda, bu, Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq elektron icraat qaydaları çərçivəsində olmalıdır. Əks halda, qeyri-məhkəmə dövlət orqanlarının yazılı və ya şifahi çağırışlarının heç bir hüquqi qüvvəsi yoxdur.
Bizim.Media