Savaşa gedəndə halallıq istədi, qəhrəmancasına şəhid oldu

Savaşa gedəndə halallıq istədi, qəhrəmancasına şəhid oldu

Hazırda oxunan: Savaşa gedəndə halallıq istədi, qəhrəmancasına şəhid oldu

3804

Hər kəs dünyaya ya qız, ya da oğlan olaraq gəlir. Bir də Oğul olmaq var, hər oğlan doğulan da oğul olmağı bacarmaz. Başqaları nə düşünür, deyə bilmərəm, mənə görə oğlan və oğul sözləri bir-birindən çox fərqlənir. Ata sözlərimizdə də var-“Oğul düşmən çəpəridir”.

Bir neçə həftə öncə Azərbaycan düşmənə çəpər olan oğullarımızın qəhrəmanlığı, igidliyi sayəsində şanlı zəfərə, böyük qələbəyə imza atdı.

Cəmi 44 günə 100 illik bir yol keçdik, tarix yazdıq. Azərbaycan torpaqlarının azadlığı uğrunda ölümü yaşamaq eşqindən qat-qat uca Oğulların qanı ilə yazıldı qələbə tariximiz.

Həmin oğullardan biri də qəhrəmancasına şəhid olan Xalid Nəciyevdi. Hər dəfə onlar haqqında yazanda ürəyimdən “kaş ki, hər birini həyatda tanıyardım” kimi kədərli bir istək keçir. 

Ötən həftənin cümə günü dostum Billurə Hacızadənin bir paylaşımına rast gəldim:

“Xalidi çox istəməmək mümkün deyildi ki. Xalid elə özü qazanırdı bu sevgini, bu hörməti, bu istəyi. Uzun zamandı gözləyirdik, xəbərini gözləyirdik – qayıdacaq, işinin başına dönəcək deyə. Amma cənab leytenant canından çox sevdiyi Vətən torpağını işğaldan azad edərkən şəhid olub. Elə indicə eşitdiyim bu xəbər o qədər sarsıtdı ki, o qədər parçaladı içimi... Sözlə ifadə edə bilmirəm...

Vətən və Bayraq uğruna can verən şəhidim, gözəl insan, dəyərli həmkarım, sən gedərkən halallıq istəmişdin. İndi sən halal et haqqını bizlərə! Şəhadətin mübarək, qardaşım!”

Fotodan isə həyat dolu bir gənc boylanırdı. Azərbaycan Ordusunun leytenantı Xalid Nəciyev Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızdan biridir. Xalid Saatlı rayon Təhsil şöbəsinin əməkdaşı, PR üzrə mütəxəssis, leytenant, taqım komandiri olub. Müharibəyə gedəndə iş yoldaşları ilə halallaşıb, mesaj göndərib.

Bütün dostları, tanıyanlar çox sevirdilər onu. Doğru, dürüst, ədalətli və işinin peşəkarı idi Xalid. Nə qədər arzuları, istəkləri vardı, amma vətən sevgisi hər şeydən başda gəlirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.

Ağanisə Sultan Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO