“Dostum təkid elədi, sonra damara işlədim” – Narkomanla 40 dəqiqəlik SÖHBƏT

“Dostum təkid elədi, sonra damara işlədim” – Narkomanla 40 dəqiqəlik SÖHBƏT

Hazırda oxunan: “Dostum təkid elədi, sonra damara işlədim” – Narkomanla 40 dəqiqəlik SÖHBƏT

29356

Onunla ilk tanışlığımız təsadüfi oldu. Arıq sifətini tük basmış, gözləri isə bir nöqtəyə baxan bu kişi sanki özü yanımda, xəyalları isə tamam başqa yerdə idi. İnsan ona baxanda içərisindən bir sızıltı keçirdi. Onu görəndə ürəyimdən bir sual keçdi “Niyə axı, insan özünü bu vəziyyətə salsın”. Yəqin ki, mən bu suala heç vaxt cavab tapa bilməyəcəm...

Söhbətimiz başlayır. Onunla 40 dəqiqəlik söhbətimiz zamanı siqareti siqaretə calayırdı. Sanki o, tütünün tüstüsü ilə öz vicdanını təmizləmək istəyirdi.

- İlyas, (ad şərtidir) Özündən bir az bəhs et. Neçə yaşın var nə işlə məşğulsan?

- Bu il 45 yaşım oldu. Öz biznesim vardı. Sadəcə, indi sağlamlığımla bağlı məşğul ola bilmirəm. Ən əsası Dağıstana və Çeçenistana gedib qida məhsulları gətirib özümə məxsus olan dükanda, tanışlara satıb alver edirdim. Arada Rusiyaya da gedirdim. Hazırda ölkədən çıxa bilmirəm. Uzun yol məni yorur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlanıb


- Ailəlisən?

- İndi deyəcəm ailəliyəm və beş övladım var ürəyinizdə məni daha çox qınayacaqsız.

- Qınamıram.

- Hamı elə deyir. Ancaq mən bilirəm ki, bu belə deyil. Bizi görənlərin çoxu bizə acıyır. 5 övladım var. Böyük övladımın 14, kiçiyinin isə 4 yaşı var. Yəqin ki, onlarda məndən utanır.

- Necə oldu bu cür alışqanlığa tuş gəldiniz. Bəlkə həyatınızda nəsə çatmırdı, yoxsa...

- İndi deyəcəyim sözlərə bəlkə də inanmayacaqsınız. 4 ildi narkomaniyadan əziyyət çəkirəm. 10 il məni bu yola döndərmək istədilər, bacarmadılar. Deyəsən, sonda onlar qalib gəldilər.

- Kimlər?

- Dost, tanış. Bilirsiniz, 20 ildir ki, alvernən məşğulam. Demək olar ki, ayın 20 gününü yollarda olurdum. Bununla az- çox özümə imkan da yaratmışdım. Bir də ayıldım ki, ətrafımda dost-tanış artdı. Ən çox dostluğum çeçenlərnən idi. Onlarla iş birliyində idim. Qarşılıqlı alver edirdik. Hər dəfə mən orada səfərdə olanda, bütün səyləri ilə məni “mal”a dəvət edirdilər.

Mən isə onların bütün səylərinə yox deyirdim. Bilirsiz, mən 20 ilə yaxın qatı dindar idim. Gənclərə, islama gəlmək istəyən şəxsləri dinə dəvət edirdim. Onlara peyğəmbərdən, hədislərdən danışırdım. Sayəmdə minlərlə insan namaz qılmağa başlayıb.

- Bəs sonra?

- Dörd il bundan əvvəl özümdə bir az nasazlıq hiss etdim. Sanki hər bir şey məni boğurdu. Həyatımda hər şeyim var idi. Pulum, ailəm, övladlarım. Ancaq elə bil mən bir boşluğa düşmüşdüm. Sanki hər bir şey məni darıxdırırdı. Bir gün yenə yolum sərhədin o tayına düşmüşdü. İşdən sonra dostlarla bir süfrə arxasına yığışdıq. Yeməkdən sonra hamı öz dərdindən danışanda mən də öz boşluqlarımdan şikayət etdim. Bu zaman “dostumun” biri “Mən bilirəm sənə nə yaxşı kömək edər” deyib cibindən heroin çıxardı. Mən hər zaman olduğu kimi imtina etdim, o, 2-3 dəfə israrla təkid etdikdən sonra deyəsən şeytana uydum.

- Və bu yola başladız..

- Hər şey “bir dəfə ilə heç nə olmazla” başladı. Dörd ildir artıq özümlə bacarmıram. İlk əvvəl heroinlə başladım. Daha sonra yeni narkotik maddələr, psixotrop maddələr “Kakos”, “şüşə”. “Kakos” və “şüşə”nin asılılığı daha dəhşətlidir. Sintetik narkotiklərin 1-2 dəfə istifadəsindən sonra səni əsirinə çevirir.

1-2 ay çəkəndən sonra artıq damarını deşmək məcburiyyətində qalırsan. Çünki “doza” artdıqca həzz azalır və sən daha yeni hisslər axtarırsan. Belə-belə asılılıq yarandı. Buna görə, demək olar ki, biznesimin mayasını, gəlirini də itirdim. Əlimdə qalan hələ ki, ailəmdir. O da yəqin ki, bir gün məndən bezəcək. 

-Ailən ümumiyyətlə, nə edir? Səni bu asılılıqdan qurtarmağa çalışır? Yoxsa onlar da talelərilə barışıblar?

-Hazırda müalicə alıram, bilmirəm nə dərəcə bunu bacarıram, amma edirəm. Onlarla bir yerdə yaşamıram. Bacımın birini rayondan gətirib, onların yanında qoymuşam. Çünki, “lomka” vəziyyətində qorxuram onlara nəsə edərəm. Aqressiv oluram bu zamanlarda. Yadımdadır, bir dəfə uşaqlarla gəzməyə çıxmışdıq.

Özümü pis hiss etdim, deyəsən “lomka”nın vaxtı gəlmişdi. Çarəsizlikdən uşaqları kafedə qoyub, yaxın aptekə getdim. Bit qutu ağrəkəsici alıb qayıtdım. Onun səkkiz ədədini üst-üstə qoyub, çox duzlu ayranla içdim. Narkomanlar bilər, bu bir az müvəqqəti də olsa dinclik gətirir. O zaman uşaqların gözlərində mənə qarşı qorxunu hiss etdim. Onlar təəccüblə mənə baxırdılar. O anda durub, oradan qaçıb yox olmaq istədim. 

- Peşmansan?

- Çox. Ümumiyyətlə özümə, öz iradəsziliyimə, gücsüzlüyümə nifrət edirəm. Bəlkə uşaqlar indi balacadırlar hələ ki, olanları tam dərk edə bilmirlər. Ancaq bir gün hər şeyi başa düşəcəklər. Məni qorxudan, dəhşətə gətirən bax budur. Kimsə onlara “atan narkomandır” deyəcək. Onda gərək mən yaşamayım, ölüm.

-Sonunu necə görürsən? Bu asılılıqdan yaxa qurtarıb, olduğun yerdən həyatına davam edə biləcəksən? 

- Ən azından mən buna çaılışıram. Bir insanın bundan artıq rəzil durumu yoxdur yəqin ki. Mən açıq şəkildə deyirəm mən rəzil durumdayam. Bir ata əgər övladlarının gözlərinə dik baxa bilmirsə, hər onları görəndə utanırsa bu onun üçün rəzillikdir. Bunun başqa adı ola bilməz.

- Əsas bu vəziyyətdən çıxış yolu tapmısız. Özünüzə inanırsız?

- Narkomanda özünə inam olsa idi, ümumiyyətlə bu yola qurşanmazdı. Ancaq hazırda bununla mübarizə aparmağa çalışıram, özümdə buna güc tapmışam.

- Bu özü də inamdır…

-Allah Kərimdir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO