Qarpızdan ZƏHƏRLƏNMƏ artıb – Yayda necə QİDALANAQ?

Qarpızdan ZƏHƏRLƏNMƏ artıb – Yayda necə QİDALANAQ?

Hazırda oxunan: Qarpızdan ZƏHƏRLƏNMƏ artıb – Yayda necə QİDALANAQ?

28302

Yay aylarında qida zəhərlənməsi hallarının artması müşahidə olunur. Bunların arasında qarpızdan zəhərlənən insanlar az deyil. Zəhərlənmə zamanı həkimə müraciət etsələr də, bəzən gecikirlər və bu, ölümlə nəticələnir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Bizim.Media-ya açıqlamasında deyib ki, may ayından indiyədək Mərkəzə 11 nəfər qida zəhərlənməsi ilə bağlı müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Gündə nə qədər qarpız yemək olar?


Onların çoxu qarpızdan zəhərlənənlərdir. Müraciət edənlərin hər birinin mədə-bağırsağı yuyulandan sonra evə buraxılıblar. Xoşbəxtlikdən ölüm halı baş verməyib.

Ümumiyyətlə hər fəslə görə qidalanma şərtdir. Yay mövsümünə də xas olan ən vacib şərt düzgün qidalanma və qida mədəniyyətinə riayət etməkdir. Yay aylarında qidalanmadan söhbət düşdükdə ilk növbədə orqanizmin su ehtiyacının ödənməsi lazımdır. Bunun üçün gün ərzində ən azı 2 litr su qəbul eləməli və bol meyvə-tərəvəzdən istifadə olunmalıdır.

Bu mövsümdə insanlar çox tərlədiyinə görə orqanizmdən tərlə birlikdə soda, kalium və digər minerallar da xaric olunur. Bu mineralların orqanizmdən xaric olunması isə öz növbəsində halsızlığa, nəbzin zəifləməsinə, yorğunluğa və hərəkət azlığına səbəb ola bilir.

Qida mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında yay aylarında qidanın saxlanmasına, qəbuluna diqqətin daha da artırılmasını vacib sayıb.

“Azərbaycan üçün qarpızın əsl yetişmə dövrü iyulun sonu və avqustun əvvəlinə təsadüf edir. Nəzərə alsaq ki, hal-hazırda satışda olan qarpızlar həddindən artıq azotlu, gübrəli və süni şəkildə yetişdirilmiş məhsullardır. Zəhərlənmələrə də səbəb məhz həmin maddələr olur. Qarpızın miqdarı həddindən artıq qəbul olunduqda və zəif orqanizmdə daha tez özünü biruzə verir. İlk növbədə qarpızı öz mövsümündə almalı və yeməliyik. Qarpız alarkən saplağı quru olmasına, bütöv və kısik olmamasına diqqət edilməlidir. Üzərindəki naxışlar soruna görə dəyişsə belə, aydın və səliqəli olmalıdır. Qarpızın naxışı qarışıq şəkildədirsə, demək ki, təbii yetişdirilməyib. Zəhərlnmələrə digər səbəb bəzi satış mərkəzlərində qarpızın ümumi istifadədə olan bıçaqla kəsilməsidir ki, bu da yoluxmalara, bakteriyalara yol açır. Yaxşı olar ki, bu məqama da diqqət olunsun və ümumi istifadədə olan bıçaqlarla qarpızın kəsilməsinə icazə verilməsin. Qarpız alarkən çox böyük ölçüdə olanlara üstünlük verilməməlidir. Maksimum 7-8 kiloqramlıq ölçüdə olan qarpızların alınması məsləhət görülür. Bundan əlavə qarpız kəsilən gün yeyilməlidir.

Əgər soyudulması üçün soyuducularda saxlanılırsa, mütləq şüşə və ya plastik ağzı bağlı qablarda saxlanılmalıdır. Açıq qalarkən digər qidalarla yanaşı mal qonşuluğu prinsipi pozulduğu üçün tərkibi dəyişir və bu da zəhərlənməyə səbəb olur”.


Ekspertin sözlərinə görə bəzi qidaları birgə qəbul edən zaman orqanizmdə ciddi fəsadlar yaranır:

“Qarpızı yemişlə eyni vaxtda qəbul etdikdə baş ağrıları, ürəkbulanma və ishal yaranır. Bu zaman təzyiq qəfil aşağı düşür və zəhərlənmələrə səbəb olur. Bəzi qidalar var ki, onlar yay mövsümündə yüksək risk qrupuna aid olduğu üçün tez xarab olur. Buna ət və ət məhsulları, süd və süd məhsulları, eləcə də tərəvəzlə hazırlanan salatları misal gətirə bilərik. Xüsusilə, mayanezlə hazırlanan salatları mümkün qədər az istifadə etməliyik. Bu salatlar tez xarab olduğundan zəhərlənməyə səbəb olur. Belə salatlar hazırlandıqdan sonra 6 saat ərzində yeyilməlidir”.

Mütəxəssis hesab edir ki, yay aylarında tez həzm olan qidalara daha çox üstünlük verilməlidir:

“Yay mövsümündə temperatur yuxarı olduğu üçün və maddələr mübadiləsi nisbətən zəiflədiyindən tez həzm olunan qidaların qəbul olunması daha məqsədəuyğundur. Bütün qidalar yaxşı olar ki, istehlak ediləcəyi qədər bişirilsin. Gün ərzində az-az və tez-tez yemək lazımdır. Bir oturumda həddindən artıq çox və fərqli yeməklərin bir arada qəbulu həzm prosesini çətinləşdirdiyi üçün sağlamlıqda bir çox problemlər yarada bilər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO