“III Şuşa Qlobal Media Forumu hər il önəmini daha çox artırır. Xarici media qurumlarının bu foruma xüsusi yanaşması, media orqanlarının sayının ilbəil artması, qonaqların sayı ölkəmizə, onun liderinə verilən önəmin göstəricisidir. Bu Forumda toxunulan məsələlər və Prezident İlham Əliyevin şərhləri təkcə regionumuzu deyil, həmçinin dünyanı da maraqlandırır. ABŞ prezidenti Donald Trampın Cənab prezidentlə bağlı paylaşımı da bunun göstəricisidir”.
Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Forumda çox vacib məsələlərə toxunuldu. Bunlardan da ən əsası əlbəttə bütün dünyanı da maraqlandıran Zəngəzur dəhlizi məsələsidir. Cənab Prezidentin də qeyd etdiyi kimi bu arteriya bir çox ölkələri birləşdirəcək. Çünki Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən ibarət deyil.
Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Nəqliyyat və logistika infrastrukturuna son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, onun yükqaldırma qabiliyyəti 25 milyon tona çatıb.
Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Ona görə də bütün bunlar nəzərə alınarsa Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir.
Azərbaycanın potensialının bu qədər genişləndirilməsi nəticəsində biz deyə bilərik ki, bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır.Qeyd edim ki, Forumda o da diqqətə çatdırıldı ki, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir.
Bakı limanı təkcə yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıdır.
Əlbəttə belə böyük layihənin reallaşmasında da Ermənistan sanki bir əngəl olmağa çalışır. Bu istiqamətdə son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.
Artıq bütün dünyaya bəllidir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatmaq iqtidarındadır. Onun iradəsinin qabağında heç nə dayana bilmir. Ancaq Ermənistan da unutmamalıdır ki, bu prosesin qarşısını almaqda davam etsələr özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.
Vüqar İskəndərov - Milli Məclisin deputatı
Bizim.Media