Ermənistanın sabiq baş nazir müavini Armen Gevorkyan barəsində 13 milyon dollardan artıq vəsaiti leqallaşdırmaq (yumaq) ittihamı ilə cinayət işi başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
İstintaq materiallarına əsasən, Armen Gevorkyan müxtəlif illərdə rəsmi səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz yolla əldə edilmiş böyük miqdarda maliyyə vəsaitini gizlədərək fərqli hesablara köçürüb və bu pulların mənşəyini ört-basdır etməyə çalışıb. Hazırda cinayət işinin məhkəməyə verilməsi gözlənilir.
Armen Gevorkyan Ermənistanda Robert Köçəryanın prezidentliyi dövründə Təhlükəsizlik Şurasının katibi və prezident administrasiyasının rəhbəri, daha sonra Serj Sarkisyanın hakimiyyəti zamanı baş nazirin müavini vəzifələrində çalışıb. O, uzun illər Ermənistanın ali hakimiyyət dairələrində təmsil olunub və korrupsiya qalmaqallarında adı keçən məmurlardan biri kimi tanınıb.
Qeyd edək ki, Armen Gevorkyanın siyasi hamisi və yaxın tərəfdaşı Robert Köçəryan Azərbaycanın Xocalı şəhərində 1992-ci il fevralın 26-da törədilən soyqırımının başlıca təşkilatçılarından və məsul şəxslərindən biridir.
Həmin vaxt Köçəryan “Dağlıq Qarabağ”da separatçı silahlı birləşmələrin rəhbərlərindən biri olub və Xocalıya hücum əməliyyatlarının koordinasiyasında birbaşa iştirak edib.
Xocalı qətliamı nəticəsində 613 nəfər azərbaycanlı (onlardan 106-sı qadın, 63-ü uşaq, 70-si qoca olub) vəhşicəsinə qətlə yetirilib. Soyqırımı beynəlxalq insan haqları təşkilatları və müxtəlif dövlətlər tərəfindən tanınıb və pislənilib.
Bu baxımdan, Robert Köçəryan və onunla birgə fəaliyyət göstərmiş şəxslərin korrupsiya, siyasi cinayətlər və insanlığa qarşı törədilmiş əməllərlə bağlı məsuliyyətə cəlb olunması, yalnız Ermənistan daxilində deyil, beynəlxalq hüquq çərçivəsində də aktuallıq kəsb edir.
Bizim.Media