29-30 may tarixlərində Azərbaycanın Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Vəkillər Palatasının dəvəti ilə sözügedən ölkənin paytaxtı Daşkənd şəhərində keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV Beynəlxalq Hüquq Forumunda iştirak edib.
Bu barədə Bizim.Media-ya Vəkillər Kollegiyasından bildirilib.
Yüksək səviyyəli hökumət rəsmiləri, vəkillər, beynəlxalq təşkilatların nümayəndələri, dünyanın aparıcı ekspertləri, elm xadimləri, 30 dövlətdən 600-dən çox nümayəndənin qatıldığı Forumda VK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov, həmçinin VK-nın üzvləri də iştirak edib.
İki gün davam edən tədbirin plenar iclasının açılışında Özbəkistanın ədliyyə naziri Akbar Djurabayevich Taşkulov çıxış edərək tədbir iştirakçılarını səmimi-qəlbdən salamlayıb, Forumun beynəlxalq hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycanın Ədliyyə naziri Fərid Əhmədov isə Forumun əsas plenar iclasında hüquqi təhsil və onun inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu barədə çıxış edib.
“Texnologiya Dalğasında Hüquqşünaslar: Rəqəmsallaşma oyunun qaydalarını necə dəyişir?” adlı sessiya çərçivəsində Azərbaycanın VK sədri Anar Bağırov çıxış edərək rəqəmsal dəyişikliklərin hüquqi institutlar və vəkillik fəaliyyəti üzərindəki təsirlərindən danışıb, bu prosesin artıq keçici tendensiya deyil, hüquqi xidmətlərin gələcəyini müəyyən edən obyektiv reallıq olduğunu bildirib.
Eyni zamanda Anar Bağırov çıxışda Azərbaycanda vəkillik fəaliyyətində tətbiq olunan bir sıra innovativ yanaşmalar və rəqəmsal halları diqqətə çatdırıb. Sədr VK-da elektron qeydiyyat və sənəd dövriyyəsi, vəkillərin şəxsi elektron kabinetləri, "e-Vəkil" mobil tətbiqi, “Elektron Məhkəmə” sistemi ilə inteqrasiya, hüquqi yardımın elektron şəkildə idarə olunması, “Legalaid” mobil tətbiqi vasitəsilə 24/7 hüquqi dəstək, elektron order sistemi və rəqəmsal müqavilələrin imzalanması, habelə rəqəmsal təhlükəsizlik üzrə ixtisaslaşmış komitələrin fəaliyyətindən danışıb.
Həmçinin Anar Bağırov süni intellekt əsaslı “Pro Bono ChatBot” layihəsinin hazırlanmasından da bəhs edərək, bu vasitənin vətəndaşlara ilkin hüquqi yardımın avtomatlaşdırılmış formada təqdim edilməsində mühüm rol oynayacağını bildirib.
Panel müzakirəsi zamanı rəqəmsal transformasiya prosesində hüquq peşəsinin qarşılaşdığı çağırışlar, vəkillərin adaptasiya imkanları, hüquqi texnologiyaların tətbiqi və regional əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.
Bundan başqa, gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə VK-nın sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ölkələrin Vəkillər kollegiyalarının, habelə Özbəkistan Vəkillər Palatasının rəhbərliyi arasında görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyini ziyarət edib. Görüş zamanı səfərin məqsədi barədə məlumat verilib, Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf edildiyi diqqətə çatdırılıb, hüquq sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub.
Eyni zamanda Azərbaycan Respublikası VK Qadın Vəkillər Alyansının nümayəndələrindən ibarət geniş tərkibli heyət Özbəkistan Vəkillər Palatasını ziyarət edib, Palatanın sədri ilə görüş keçirib. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, xüsusilə Özbəkistan Vəkillər Palatasında yeni yaradılmış Qadın Vəkillər Alyansı ilə sıx əməkdaşlığın qurulması barədə razılıq əldə edilib.
Bizim.Media