Son nəfəsə qədər: Bir döyüşün hekayəsi –IX HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi –IX HİSSƏ

Hazırda oxunan: Son nəfəsə qədər: Bir döyüşün hekayəsi –IX HİSSƏ

251037

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin IX hissəsini təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VIII HİSSƏ


Qarlı dağlara sığınan kursantlar

28 fevral 1993-cü il Səhər açılar-açılmaz atamla birlikdə Ağdərəyə yola düşdük. Məqsədim, bölük komandiri ilə dağlarla geri çəkilmiş heyətindən kimin qayıdıb-qayıtmadığını öyrənmək idi. Tərtər rayonunda yerləşən poçt məntəqəsindəki avtomat telefon stansiyasına — ATS-ə gedərək Ali Hərbi Məktəblə əlaqə yaratmaq istədik. Lakin o gün bazar olduğundan poçt bağlı idi.

Oradan birbaşa Ağdərəyə – qərargaha üz tutduq. Ora çatan kimi dərhal qərargaha keçdim. Bölük komandirimizin rabitə tezliyini verdiyim zabiti axtarıb tapdım və komandirdən bir xəbər olub-olmadığını soruşdum. Onun dediyinə görə, 27 fevralda – yəni bir gün öncə bölük komandirimiz özü ilə bərabər 4 zabit, 9 kursant və digər bölmələrdən 14 gənc əsgər, eləcə də Gəncə batalyonundan 1 döyüşçü ilə birlikdə Suqovuşan kəndi yaxınlığında bizim milli ordunun bölmələri tərəfindən qarşılanaraq Bakıya yola salınmışdılar.

Bu xəbərə nə qədər sevinsəm də, zehnimi bir sual rahat buraxmırdı: niyə kursantların sayı 9 idi? Axı düşmən hücum edib yolu bağladıqda və onlar İmarət Qərvənddəki mövqedə qaldıqda 13 kursant idilər. Bölük komandiri də son dəfə rabitə ilə əlaqə saxlayanda yanında 13 kursantın olduğunu demişdi.

— Siz dəqiq bilirsiniz 9 kursant olub? 13 olmalıdı axı.

— Bəli, məlumatda belə keçir. Rabitə jurnalında belə qeyd etmişik, Müdafiə Nazirliyinə də bu şəkildə ötürülüb. Dəqiq 9 nəfərdi. Nəsə səhvlik var?

— Xeyir. Sağ olun, — deyib zabitin nədəsə yanlışlığa yol verdiyini düşünərək atamın yanına qayıtdım.

Atamla birlikdə evə döndük. Elə həmin gecə Bərdə rayonunun Köçərli qəsəbəsindəki dəmiryol vağzalından qatarla Bakıya yola düşdüm.

Səhəri gün — 1993-cü il martın 1-i, sübh çağı Ali Hərbi Məktəbin qarşısına çatanda gördüyüm mənzərə qəlbimi parçaladı.


Nəzarət-buraxılış məntəqəsinin önündə onlarla valideyn dayanmışdı. Kimisi için-için, kimisi fəryad çəkərək ağlayır, kimisi Ali Hərbi Məktəbin nəzarət-buraxılış məntəqəsindən çıxanlardan və kənardan ora girən hər kəsdən bir xəbər ala biləcəklərinə ümidlə, qorxu ilə soruşurdular:

— Bala, mənim oğlum Məmmədov Yalçını görməmisən? Bakirin xalası oğludu...

— Oğlum Əyyubov Fuad da səninlə idi? Salamatdı, xəbər varmı?

Birdən, qəfil biri qolumdan yapışdı. Çevriləndə qarşımda gözləri ağlamaqdan qan çanağına dönmüş, saçları külək kimi dağılmış, dərdi üzünə yazılmış bir ana dayanmışdı. Elə bir fəryad qoparırdı ki, sanki torpaq yarılacaq, göy yerə çökəcəkdi. Səsinin içində elə bir ağrı vardı ki, insanın qanını dondururdu. O "oğlum!" deyə qışqıranda, ətrafdakı hər şey sanki dayanırdı

Gözlərinin içində heç bir işıq qalmamışdı, orada yalnız sonsuz bir boşluq vardı. O, məni oğlu sanmışdı. Yanıldığını anladığında əllərini havaya qaldırıb "Allah, niyə məni yox, onu apardın?" deyə qoparan fəryadı insanın qəlbinin içini yarırdı. Dodaqları titrəyə-titrəyə danışırdı, ancaq bu ananın Allaha qarşı bir üsyan idi…

O, halsız şəkildə dizlərinin üstə çökdü. Qolundan tutub qaldırmaq istədim, amma bacarmadım. Elə bil övladını udmuş torpaq analarıda özünə çəkirmiş... Mən də nə edəcəyimi bilmədən onun qarşısında diz çökdüm.. Carəsizcə susurdum.

O an anladım: ana fəryadı təkcə bir səs deyil — o, torpağı titrədən, daşları əridən, insanı içindən dağıdan bir hayqırtıdır. O fəryadı eşitdikcə, insanın öz ürəyi də sanki onunla birlikdə darmadağın olurdu…

Elə bu anda bir yaşlı kişi — üzünü tük basmış, çöhrəsində dərd izi donmuş biri — yanıma gəlib məni asta səslə qaldırdı:

— Dur, bala, dur... Sən get. Biz bilmirik dərdimizi kimə deyək... Allah sizi qorusun. Bizim balalarımızı da bizə bağışlasın...

Ağır bir yükün altında əzilirmiş kimi addımlayaraq Ali Hərbi Məktəbin qapısından içəri girdim. Qulaqlarımda hələ də o ana fəryadının səsi çalınırdı. Sanki ayaqlarım getmirdi — amma bu səsdən qurtulmaq üçün kazarmaya doğru qaçırdım…

Kazarmada komandirlər və sağ qalmış kursantlardan bəziləri var idi. Hamısı həm fiziki, həm də mənəvi cəhətdən tamamilə tükənmişdilər. Daha ağır vəziyyətdə olanlar artıq hospitala yerləşdirilmişdi. Orada qalanların isə əlləri və ayaqları şişmiş, sifətləri şaxtanın açdığı yaralardan qapqara qabıq bağlamışdı. Bəziləri yeriməyə belə çətinlik çəkirdi. Artıq onların bircə arzusu vardı: məktəbin həyətində saatlarla gözlərini qapıdan ayırmayan valideynlərinə qovuşmaq… və bir də o doğma, isti evlərinə dönmək.

Bölük komandiri və digər zabitlərimizlə görüşdükdən sonra kursant yoldaşlarımla da görüşdüm. Gözlərinə baxmaq bəs edirdi ki, hansı çətinliklərdən keçdiklərini anlayasan. Digərlərinə nisbətən daha gümrah görünən Tapdıqov Vüqara yaxınlaşdım. Onunla danışmaq, bu keçən müddətdə onların başına nələr gəldiyini, yoldaşlarımızı necə və harada itirdiyimizi öyrənmək istəyirdim.

— Necə çıxdınız ordan? Necə oldu ki, uşaqları itirdik?

O isə başını yelləyərək ağır bir nəfəs aldı. Günahkarcasına köks ötürüb baxışlarını qaçıraraq başlarına gələnləri danışmağa başladı...

“1993-cü il, fevralın 21-dən 22-nə keçən gecə və 22-si səhəri İmarənt Qərvənd mövqelərində dayanan kursantlar bölük komandirinə düşmən tərəfdə aktiv hərəkətlilik müşahidə etdiklərini, xüsusilə Qozlu və Qozlukörpü kəndləri ətrafında çoxsaylı zirehli texnikanın toplandığını məruzə etdilər.

Günorta saatlarında qərargahdan UAZ markalı komandir maşını ilə gələn bir zabit bölük komandirinə komandanlığın əmrini çatdırdı: bütün pulemyotçu və qumbaratanlar ayrılaraq hansısa xüsusi bir qrupun yaradılması məqsədilə Həsənrizə (o dövrdə Aterk adlanırdı) göndərilməli idi.
 

Lakin bölük komandiri əmrə tərəddüdlə yanaşdı, rabitə əlaqəsinin kəsildiyini və düşmən tərəfdə dünəndən etibarən başlayan fəallıq barədə komandanlığa heç bir məlumat ötürə bilmədiyini bildirdi. O, həmçinin qeyd etdi ki, qarşı tərəfdən hər hansı hücum olacağı təqdirdə pulemyotçu və qumbaratanların buradakı mövqedə saxlanması daha vacibdir.


Buna baxmayaraq, gələn zabit düşmənin planları barədə məlumatlarının olduğunu, onlara qarşı əks tədbirlər görmək məqsədilə ağır silahlarla təchiz olunmuş heyət toplandıqlarını əsas gətirərək, təyin olunmuş döyüşçüləri özü ilə aparacağını bildirdi. Nəticədə bölük komandiri əmri yerinə yetirməyə məcbur oldu.

Beləcə, bölükdən pulemyotçu kimi Abuşov Eyvaz və Komarov Vadim, qumbaratan kimi isə Zeynalov Yalçın və Robov Oleq həmin zabitin rəhbərliyi altında Həsənrizə getdilər.

Bu hadisədən sonra İmarənt Qərvənddəki mövqelərdə cəmi dörd zabit —

1. Polkovnik-leytenant Kərimov Zakir,

2. Kapitan Rəhimov Aydın,

3. Baş leytenant Babayev Emil,

4. Leytenant Kəşanlı Rizvan


və on üç kursant —

1. Tapdıqov Vüqar

2. Nəbiyev İlqar

3. Abdulov Vüqar

4. Hüseynov Feyzulla

5. Həmidov Elşad

6. Berestenko Sergey

7. Məmmədov Elçin

8. Rəhimov İsrafil

9. Səfərov Vahim

10. Pirimov Səlim

11. Ayyubov Fuad

12. Şirinov Vüqar

13. Məmmədov Yalçın qaldılar.


23 fevral günü, düşmənin artilleriya atəşindən sonra zirehli texnika və canlı qüvvə ilə hücuma keçdiyi zaman bölük komandiri dərhal hər kəsə mövqelərini tutmağı əmr etdi və qalan heyətlə birlikdə dayaq məntəqəsini düşmənin həmləsinə qarşı tam hazırlıq vəziyyətinə gətirdi.

Hücum başladıqda düşməni ilk olaraq Ağdaban çayının kənarında, Qozlukörpü kəndi istiqamətində mövqelənmiş, polkovnik-leytenant Lənkəran Əliyevin rəhbərlik etdiyi — tankları olmayan — gənc əsgərlərdən ibarət heyət qarşılamışdı. Sayca üstün olan və zirehli texnikalrında dəstək verdiyi düşmən qüvvələrinə qarşı igidliklə döyüşən bu tankçılar ağır itkilər verərək İmarənt Qərvənd istiqamətinə geri çəkilməyə məcbur oldular. Bölmələrdən yığılıb Həsənrizə aparılmış pulemyot və qumbaratanların olmaması isə mövqelərdəki müdafiəni xeyli zəiflətmiş, bölmələri düşmənin hücumu qarşısında gücsüz vəziyyətə salmışdı.
 

Geri çəkilən bu heyətin bir hissəsi bizim bölüyün mövqelərinə daxil oldular, digər hissəsi isə Ağdaban çayının o biri sahilində — Çapar kəndinin üstündə mövqelənmişdi.


Səhər tezdən başlayan düşmən hücumuna axşam saat 16 radələrinədək müqavimət göstərdik, düşmənin İmarənt Qərvənddən Həsənrizə gedən yolu ələ keçirməsi və bunun nəticəsində Həsənrizlə bütün əlaqənin kəsilməsi ilə yanaşı, hər tərəfdən mühasirəyə alınaraq tamamilə məhv edilmək təhlükəsini anlayanda, bölük komandirinin əmri ilə bizimlə eyni mövqedə olan tankçı gənc əsgərlərlə birlikdə mərhələli şəkildə geri çəkilməyə başladıq.

Dağlıq ərazidə, qurşağa qədər çatan qarın içərisilə yüksəkliyə doğru qalxanda Gəncə batalyonunun bir qrup döyüşçüsü də bizə qoşuldu və hərəkəti onlarla birlikdə davam etdirdik.



Gecə düşəndə hərəkət istiqamətini dəyişdirib, Həsənrizdən yan keçərək Torağayçayın vadisinə doğru yönəldik. Buz bağlamış çayı ilk olaraq yaşlı döyüşçülər keçdilər. Onlardan sonra buz qırıldığına görə çaydan islanmadan keçmək mümkün deyildi. Nəticədə, hamımız demək olar ki, qurşağa qədər suya batdıq. Bəzilərinin isə paltarları tamamilə islanmış, soyuq gecənin içində daha da ağır bir sınaqla üz-üzə qalmışdıq.

Gecə yarı olduqda bir qədər dincəlmək, islanmış paltarlarımızı az da olsa qurudub özümüzə gəlmək üçün dərələrin birində dayandıq. Hər dəstə ehtiyatla, bir-birindən müəyyən məsafədə kiçik ocaqlar qaladı. Düşmənin harada olduğunu dəqiq müəyyən edə bilmədiyimizdən böyük ocaq qalamaq riskli idi. Soyuq sümüklərə qədər işləyirdi. Hamımız çox çətinliklə, soyunmadan, ocağın zəif istisində paltarlarımızı, botinkalarımızı qurutmağa, bədənlərimizi isitməyə çalışırdıq.

Ocağın ətrafında oturmuş Gəncə batalyonunun yaşlı döyüşçüləri, zabitlərimizlə bir araya gələrək sonrakı marşrutlarını aydınlaşdırmağa çalışırdılar. Gəncə batalyonuun döyüşçüləri Kəlbəcər istiqamətində dağlara doğru hərəkət etmək istəyirdilər. Lakin kapitan Rəhimov narazılığını bildirdi:

— Hamı haldan düşüb. Bu vəziyyətdə o dağlara qalxmaq intihardır. Məncə, Torağayçayın vadisiylə üzüaşağı enmək, sonra da Tərtər çayına birləşdiyi nöqtədən sola dönüb Tərtər rayonu istiqamətində irəliləmək daha məntiqlidir.

Yaşlı döyüşçülərdən Həsənxan adlı bir nəfər onunla razılaşdı:

— Mən Aydına söz vermişəm ki, bu uşaqları sağ-salamat buradan çıxarmağa kömək edəcəm. Ona görə də onlarla birgə gedəcəyəm.

Yoldaşları onun bu sözünə əsəbləşərək:

— Həsənxan, sənə lazımdır bu? Biz hələ heç özümüz bilmirik burdan sağ-salamat çıxa biləciyik ya yox  sən uşaq-muşağa qoşulmusan?

Amma Həsənxan sözündən dönmədi.

Gecə ocağı kənarında uzananda Məmmədov Yalçın, yaşlı döyüşçülərin daha təcrübəli olduğunu əsas gətirərək onlarla getmək istədiyini dedi. Hamımız onu bu fikrindən daşındırmağa çalışsaqda, səhər açılanda Yalçının qərarından dönmədiyini bildik.

Yaşamaq uğrunda ölümlə savaşanlar

Səhəri gün, yəni 1993-cü il fevralın 24-də, hava açılanda artıq Gəncə batalyonunun yola düşdüyünü və  Məmmədov Yalçının da onlarla getdiyini gördük. Bölük komandiri vəziyyəti anlayaraq, onu tapıb geri qaytarmaq üçün dərhal kursantlardan və gənc əsgərlərdən ibarət dəstənin yola düşməsini əmr etdi. Onların izi ilə uzun müddət irəliləsəkdə, nə Gəncə batalyonunu, nə də Yalçını görə tapa bilmədik.

Səhər tezdən yola düşəndə Pirimov Səlimin halı olduqca ağır idi. Bədəni halsızlıqdan taqətdən düşmüşdü, addımlarını belə çətinliklə atırdı. Bu səbəbdən onun silah və əmlakını Nəbiyev İlqarla aramızda bölüşdürdük. Ümumiyyətlə özündə biraz güc tapan hər kəs zəifləmiş və haldan düşmüş yoldaşının yükünü bir az da olsa azaltmaq üçün öz üzərinə götürərək hərəkətə davam etdirirdik.

Ərzaq olmadığından onsuzda günlərdir davam edən aclıqdan mədəmizi birazda olsa aldatmaq yol boyunca çarəsiz şəkildə ağacların budaqlarında şaxtanın dondurduğu çürümüş meyvələri tapıb yeyirdik. Hamımız eyni anda bir neçə düşmənlə mübarizə aparırdıq — bədənlərimiz yorğunluqdan əzgin, gözlərimiz günlərdir yuxusuzluqdan qan çanağına dönmüşdü. Uzun sürən aclıq içimizi oyur, qurşağadək qalın qarla örtülü dağ yolları isə ayaqlarımızı hər addımda geri çəkirdi.  Bəzilərimizin ayaqları o qədər şişmişdiki artıq botinakaya yerləşmirdi. Məcburən əlimizə keçən parça və əski parçaları ilə bükərək addımlayırdıq. Eniş-yoxuşlu, nəfəs kəsən dağlıq ərazi, bir tərəfdən də sümüyədək işləyən kəskin şaxta sanki iradəmizi sınayırdı.
 

Bu, insan üçün təsəvvür edilə biləcək son hədd idi — bundan ötə bir sınaq, bundan artıq bir əzab, bundan çətin bir yaşam mübarizəsi ola bilməzdi.


Axşama yaxın dar bir cığırın kənarında, bir nəfərin kiçik qaya parçasına sığınaraq oturduğunu gördük. O. bizə doğru baxırdı. Məmmədov Yalçın idi. Əvvəlcə onun sadəcə isinmək və bizi gözləmək üçün daşın dibinə qısıldığını düşündük. Amma ümidimiz tez dağıldı — o artıq nəfəs almırdı. Donaraq həlak olmuşdu...


Onu avtomatın kəməri ilə bağlayaraq arxamızca sürüməyə başladıq.

Hava qaralanda dayanmağa məcbur olduq. Növbə ilə həm mühafizə postunda həm də ocağın yanında növbə çəkirdik.  Hər kəs əlindən gələni edirdi, ancaq Berstenko dayanmadan ətrafdan ağac budaqları toplayaraq ocağı qalayır, həm özünü, həm də halsızlaşmış yoldaşlarını isitməyə, az da olsa özlərinə gətirməyə çalışırdı.  Mən radiostansiyanın batareykasının içini çıxararaq qar doldurdum və ocaqda əridərək yoldaşlarımıza, xüsusilə huşunu itirmək üzrə olanlara içirdim.
 

25 fevral səhərə yaxın başlayan güclü qar heyətimizin hərəkətini daha da ləngidir, addımlarımız ağırlaşır, nəfəsimz daralırdı. Artıq tamamilə taqətdən düşmüş Pirimov Səlimi Nəbiyev İlqarla növbə ilə kürəyimizdə daşıdığımıza görə yavaş-yavaş dəstədən geri qalmağa başlamışdıq. Səlimin gözləri qarın parıltısına dözmədi, qar korluğuna tutuldu. Onun başına əşya kisəsi keçirərək gözlərini örtdük ki, bəlkə bir az rahatlasın, bir az ağrıları azalsın.


Dəfələrlə dayanıb onu ovxalayaraq ayıltmağa çalışsaqda, bu səylərimiz boşa çıxdı. Şəxsi heyətin çığır boyunca səpələnərək geridə qaldıqlarını görən bölük komandiri irəliləyən kolonu dayandırdı. Zabitlərin köməkliyilə geridə qalanlar, həmçinin biz  dəstəyə çatdıq. Bölük komandiri vəziyyətin ağırlığını nəzərə alaraq qısa müddətli məcburi istirahət elan etdi.

Lakin istirahət başa çatıb hərəkətə başlamaq istədikdə nə qədər çalışsaq da, Səlimi və gənc əsgərlərdən birini oyada bilmədik. Onların gözlərinin qarası itmiş, bədənləri buz kimi soyumuşdu...


Bölük komandiri, onların və Məmmədov Yalçının bulaq kənarında, daşlar və qarla dəfn olunmasına qərar verdi. Bu qərar nə qədər acı olsada onları daşımağa nə gücümüz, nə də taqətimiz qalmamışdı. Hamı eyni durumdaydı — fiziki və psixoloji cəhətdən tükənmişdik. Yoldaşlarımızın gözümüzün önündə donaraq həlak olması hamımızı sarsıtmışdı, ruhumuz çökmüşdü, qəlbimizdəki ümidlər sönməyə başlamışdı. Artıq bir çoxumuz ailəmizə qovuşmaq ehtimalının azaldığını qəlbinin dərinliyində etiraf edirdi. Sanki həyatla onların arasındakı ip nazikləşmiş, qopmaq üzrə idi.


Və hər kəs anlamışdı: irəlidə kim zəifləsə, artıq ona yardım etmək mümkün olmayacaqdı. Çünki hər kəs gücünün son damlasını yalnız özü ayaqda qalması üçün sərf etməyə məcbur idi. Bəlkə də bu acı reallıq içimizdə sağ qalmaq üçün gizli bir güc oyatdı. Hamı sağ qalmaq uğrunda mübarizə aparırdı.

Gecə, dayandığımız dərənin içində hamı bir daşa, ağaca söykənərək yorğunluğunu çıxarmaq üçün mürgülədiyi vaxt birdən polkovnik-leytenant Kərimovun boğazını yırtarcasına rusca bağırtısına oyandıq:

— К оружию! Нападение на пост! Заключенные сбегают. (Silaha! Posta hücum! Dustaqlar qaçır)

O, əvvəllər Sovet dönəmində türmədə işləmişdi. İndi isə bədəni burda olsa da, aclıq, yorğunluq və şaxta onu burdan qopararaq geriyə, keçmişə qaytarmışdı. Gözünə hər yer türmə kimi görünürdü.

Hamımız çaşqınlıq içində yerimizdən sıçrayaraq silaha sarıldıq və qaranliğin içindən düşmənin yaxınlaşdığını düşünərək mövqelərə dağılışdıq. Bütün diqqətimizi qaranlığın içərisinə zilləyərək onun dediyi düşməni tapmağa çalışırdıq.

Amma o, qəfil yerə çökərək titrək səslə xahiş etməyə başladı:

— Evdəkiləri çağırın... məni tibb məntəqəsinə aparsınlar...

Artıq onun bədəni də, ruhu da amansız şaxtanın təsiri altında qırılmışdı. Halüsinasiyalar görür, reallıqla əlaqəsini itirmişdi. Bu vəziyyəti anlayan bölük komandirimiz onu Səfərov Vahimə təhikim edərək daşımağı tapşırdı.
 

Vahim nə qədər yorğun olsa da, bu tapşırığı sonadək layiqincə yerinə yetirdi.


Həmidov Elşadın görmə qabiliyyəti xeyli zəifləmişdi. Özünün dediyinə görə, gecə tonqal qalayarkən tüstü gözlərinə dolmuşdu və o andan sonra gözləri yanmağa, bulanıq görməyə başlamışdı. Lakin əsl səbəb o deyildi— hər tərəfə göz işlədikcə uzanan ağappaq qar dənizi onun da gözlərini zədələmişdi. Bu, şübhəsiz ki, qar korluğunun başlanğıcı idi.

26 fevral səhəri yola düşmək üçün komanda veriləndə, Şirinov Vüqar və iki gənc əsgəri oyatmaq mümkün olmadı. Onları vuraraq, silkələyərək ayıltmağa çalışdıq. Amma bütün cəhdlərimiz nəticəsiz qaldı. Çox güman ki, gecə –amansız şaxtanın qucağında – keçinmişdilər.


Onları da dəfn etdik, silahlarını, əmlaklarını və hərbi biletlərini götürərək hərəkətə başladıq. Hamıdan irəlidə Həsənxanla Məmmədov Elçin gedirdi. Elçin, nə qədər hamımızdan boyca balaca olsa da, irəlidə qalın qarı yara-yara gedir, bizə yol açırdı.

Artıq mən də o qədər taqətdən düşmüşdüm ki, ayaqlarım sözümə baxmırdı. Yavaş-yavaş hamının məni ötüb keçdiyini hiss edirdim. Yerə çökdüm, bir az dincəlmək, sonra hərəkətə davam etmək istədim. Gözlərim yumuldu. Valideynlərim və qardaşım başımın üstündə dayanmışdılar. Onlar əllərini mənə uzadaraq:

— Vüqar, qalx, yatma. Yoldaşlarına çat. Yoxsa səni bir daha görə bilməyəcəyik, — deyə məni qaldırmağa çalışırdılar.

Gözlərimi açdım. Ətrafımda heç kim yox idi. İrəliyə doğru uzanan cığıra baxdım — heç kim görünmürdü. Əllərimi yerə dirəyib qalxdım və qarın içində yoldaşlarımın  yaratdığı dərin izlə irəliləməyə başladım.
 

Günortaya yaxın qarın hündürlüyü azalmağa başladığına görə, sürətimi bir qədər də artırdım. Hamı irəlidə, bir dərənin içində toplanmışdı. Halsızlıqdan və yorğunluqdan hamı bir-birindən xeyli uzaq düşdüyünə görə bölük komandiri şəxsi heyəti yoxlamaq üçün dayandırmışdı. Yoxlama zamanı məlum oldu ki, Əyyubov Fuad gəlməyib.


Bölük komandiri mənə yaxınlaşıb, Fuadı gələrkən görüb-görmədiyimi soruşdu.

— Xeyr, görmədim, — özümə əmin şəkildə dedim.

O, dərhal zabitləri geri göndərərək Fuadı tapmalarını tapşırdı.


Hərəkətə davam etdik. Bir müddət sonra bir çayın sahilinə çatdıq. Sahil boyu irəlilədiyimiz zaman qarşıda üzərində yalnız trosları qalmış bir körpü göründü — döşəməsindəki taxtalar çoxdan qırılıb, buz kimi axan suya tökülmüşdü. Qarşı sahildə yol aydın seçilirdi. Bu körpüdən keçmək, demək olar ki, mümkünsüz görünürdü. Amma başqa yolumuz yox idi.

Bu vaxt Abdulov Vüqar irəli çıxaraq, bölük komandirinə yaxınlaşıb ilk keçmək üçün icazə istədi. Kapitan Rəhimov başı ilə razılığını bildirdi. Vüqar asta addımlarla trosun başlanğıcına gəldi, yuxarıdakı trosdan möhkəm yapışaraq, ayaqlarını ehtiyatla aşağı trosun üzərinə qoydu. Hərəkət etməzdən əvvəl trosu dartaraq qarşı sahildəki birləşməsinin güvənilir olmasını yoxladı. Sonra nəfəsini içində saxlayaraq, bütün bədən ağırlığını trosa verib, yavaş-yavaş yan üstə irəliləməyə başladı.


Hər dəfə əli və ya ayağı azacıq sürüşəndə, hamımızın ürəyi ağzına gəlirdi. Həmin an elə bil hamı nəfəsini tutmuşdu — sanki Vüqar dünya çempionatının final mərhələsində həlledici finiş xəttinə yaxınlaşırdı.
 

O isə aşağı baxmamağa çalışaraq ayaqlarını trosdan ayırmadan yana tərəf sürüyürdü. Trosun üzərində irəlilədikcə iradəsi və cəsarətilə bizi ruhlandırırdı.


Vüqar qarşı tərəfə keçdikdən sonra hamı bir bir qarşı tərəfə keçməyə başladı. Halsız və qar korluğu olan yoladaşlarımizı digər yoldaşlarımıza bağlayaraq keçirdik. Hamı keçib qurtardıqdan sonra durduğumuz yedən biraz yuxarıdan keçən yola çıxdıq.  Dincəlmək və Əyyubov Fuadın arxasınca gedənləri gözləmək məqsədilə  yolun kənarında dayandıq. Bir müddət sonra zabitlər qayıdaraq Fuadı heç bir yerdə tapmadıqlarını məruzə etdilər. Bölük komandiri  hərəkəti davam etdirməyə məcbur oldu.

Zabitlərdən, kursantlardan və gənc əsgərlərdən bir neçəsi irəlidə, dozor kimi hərəkət edirdilər. Qarın burada nisbətən az olması səbəbindən irəliləmək bir qədər asan idi. Lakin hamı artıq son gücünü toplayaraq hərəkət etməyə çalışırdı — bədənimiz artıq ruhumuza tabe olmurdu. Hüseynov Feyzulla isə tamam tükənmişdi. Həmidov Elşadla onu daşımağa çalışsaq da, Feyzulla hərdən üsyan edir, ayağa qalxıb davam etməyə gücünün qalmadığını deyirdi.

Birdən qarşıda, dozorun gediyi istiqamətdə partlayış oldu.  Hamımız dərhal həmin istiqamətə tələsdik. Ora çatdıqda  dozorun heyətindən bir gənc əsgərin RQD-5 qumbarası vasitəsilə qurulmuş sürprizə düşdüyünü,  dozorda olan hər kəsin  müxtəli yerini tutaraq yerə uzandıqlarını gördük.

Sürprizə düşən əsgərin ağzı və yanağı parçalanmışdı. Baş leytenant Babayev Emil sol budundan, leytenant Kəşanlı Rizvan ayağından, Rəhimov İsrafil sinəsindən, Abdulov Vüqar isə sağ budundan yaralanmışdılar.

Bacardığımız qədər onlara ilkin tibbi yardım göstərdik. Yaralıların olması hərəkətimizi tamamilə mümkünsüz etmişdi. Bölük komandiri bir qədər gümrah olanları irəli göndərərək, qalmaq üçün yer tapmalarını tapşırdı. Bir müddət sonra onlar qayıdıb bildirdilər ki, irəlidə – çayın sahilində bir tikili var.

Bölük komandiri dərhal hərəkət əmri verdi və hamını  daşıyaraq həmin tikiliyə yerləşdik. Oranı yoxladıqdan sonra orada qalmağa qərar verildi. Gecə bir neçə yerdə mühafizə postu quruldu, qalan şəxsi heyət isə tikilinin içini hazırlamağa başladı. Tikilinin damındakı taxtaları və fanerləri sökərək pəncərələri tutduq ki, çölə işıq sızmasın və içəridə ocaq qalaya bilək.

Düzdür, içəridə tüstü vardı, gözlərimiz yaşarırdı, nəfəs almaq çətin idi — amma dözürdük. Səhərə qədər bu şəkildə həm isinib, həm də bir az istirahət edə bildik.

27 fevral səhər hava işıqlananda bölük komandiri hərəkət edə bilənlərin irəlidə, donmuş və yaralı heyətin isə geridə –hərəkət etməsinə qərar verdi. Bir müddət bu qaydada irəlilədikdən sonra qarşıdan bir UAZ maşını gəldiyini gördük. Dərhal komandirimizin əmri ilə yolun kənarında döyüş mövqeyi tutduq.

UAZ yaxınlaşdıqda onun bizim polislərin maşını olduğunu anladıq. Bölük komandiri ayağa qalxaraq maşını saxlatdı və vəziyyətimizi izah etdi. Onlar dərhal rabitə ilə əlaqə yaradıb bir avtobus çağırdılar. Gələn avtobusun içərisində çoxlu təndir çörəyi var idi. Neçə gündür ac olduğumuzdan, çörəkləri gözümüzə təpərək yedik və bizi qoruyan göylərə, dağlara və şəhid yoldaşlarımızın ruhuna təşəkkür etdik.
 

Bölük komandiri şəxsi heyəti yoxlayanda Hüseynov Feyzullanın olmadığını aşkar etdi. O, polislərdən UAZ-la geriyə getməyi və kursantı axtarıb tapmağı xahiş etdi. Özü də maşına minib, polislərlə gəldiyimiz yolla geri qayıtdı.


Feyzulla isə həmin UAZ-ı uzaqdan görəndə onun düşmənə məxsus olduğunu zənn etmiş,yol kənarındakı borunun arxasında gizlənmişdi. Kapitan Rəhimov onu taparaq geri gətirdi.

Gətirəndə gördük ki, Feyzullanın ayağında heç nə yoxdur, ayağı tam yalın idi — amma özü heç nə hiss etmirdi...

Bizi avtobusla Goranboy rayonuna, polis məntəqəsinin qarşısına gətirdilər. Hüseynov Feyzullanın və üzü tanınmaz hala düşmüş gənc əsgərin vəziyyəti xüsusilə ağır olduğundan, onları dərhal rayon xəstəxanasına təxliyə etdilər. Bölük komandiri silah, sursat və digər əmlakı rəsmi qaydada aktlaşdırdı.

Ətrafda toplaşan rayon sakinləri bizi görən kimi böyük bir həssaslıq və qayğıkeşlik göstərdilər — hər kəs evindən nə tapa bildisə, gətirib bizi geyindirməyə, doyurmağa çalışırdı. Yaxınlıqdakı yeməkxanada bizə isti yeməklər verdilər. Uzun müddətdən sonra ilk dəfə idi ki, doya-doya yemək yeyirdik.

Daha sonra, gənc əsgərləri Gəncəyə göndərdilər. Biz isə avtobusla Bakıya, hərbi məktəbə gəldik. Orada əvvəlcə tibb məntəqəsində ümumi yoxlamadan keçdik, vəziyyəti daha ağır olan Nəbiyev İlqarı isə birbaşa hospitala göndərdilər.”

Kursantlarını itirmiş bölük komandirimiz, kapitan Rəhimov Aydın qayıtdığı gündən özünə yer tapa bilmirdi. Gecə-gündüz vicdanının səsini susdura bilmir, kursantların faciəli aqibəti gözlərinin önündən getmirdi. Donmuş cəsədləri ilə Vətən torpağına qarışmış gənclərin valideynləri ah-nalə ilə ondan imdad diləyirdilər. Onların fəryadı sanki ruhunu deşirdi.

Nəhayət 3 gün sonra, 1993-cü il martın 3-də ölümün, şaxtanın və ümidsizliyin hökm sürdüyü o yerlərə bir daha dönmək qərarına gəldi. Məqsədi bir idi: kursantların nəşini tapmaq, heç olmasa ailələrinə onları son mənzilə yola salmaq haqqını vermək.

Bu ölüm səfərində o tək deyildi. Ona itkin düşmüş kursant Əyyubov Fuadın dayısı, Ali Hərbi Məktəbin idman kafedrasının müəllimi, mayor Əyyubov Vaqif və  leytenant Məmmədov Abdulhüseyn də qoşulmuşdu.


Lakin çox keçmədi ki, acı xəbər yayıldı: kapitan Aydın Rəhimov və onunla birgə gedənlər də itkin düşmüşdü. Onlardan heç bir iz tapılmadı. Sanki həmin gün qarlı dağlar, şaxtalı dərələr onları öz bağrına basmış və bir sirr kimi gizlətmişdi.

Aradan illər keçməsinə baxmayaraq, bu günə qədər nə onların harada yoxa çıxdığı, nə də hansı şəraitdə həyatlarını itirdikləri barədə dəqiq bir məlumat tapılmayıb. Onların taleyi qarla örtülmüş dağlar qədər müəmmalı qalıb — təkcə bizim xatirələrimizdə, yaxınlarının bitməyən göz yaşlarında yaşayır…
 

Gələcəyin zabitləri olacaq 18 yaşlı kursantların yaşadıqları bu hadisələri qələmə almağı özümə borc bildim. Çünki nə qədər acı olsa da, bu yazılanlar 1993-cü ilin qarlı fevralında taleyin ümidinə buraxılmış bir ovuc kursantın qanla yazılmış tarixidir. Sonrakı nəsil orada şəhid olanları, eləcə də insan ağlının təsəvvür edə bilməyəcəyi çətinliklərə baxmayaraq sağ qalan yoldaşlarımızın qəhrəmanlıqlarını heç vaxt unutmamalıdır.


Mən bu hadisələri qələmə almağı özümə borc bildim. Çünki nə qədər acı olsa da, 1993-cü ilin qarlı fevralında taleyin ümidinə buraxılmış bir ovuc kursantın qanla yazılmış tarixidir. Sonrakı nəsil orada şəhid olanları, eləcə də insan ağlının təsəvvür edə bilməyəcəyi çətinliklərə baxmayaraq sağ qalan yoldaşlarımızın qəhrəmanlıqlarını heç vaxt unutmamalıdır.

O cəhənnəmdən sağ çıxmağı bacaran Məmmədov Elçin və Həmidov Elşad sonralar zabit oldular, lakin ömürləri yenə savaş yollarında sonlandı — hər ikisi qeyri-bərabər döyüşdə mərdliklə şəhid oldular. Onlarla birlikdə addımlayan bir çox yoldaşımız isə o günlərin izini bədənində daşıyaraq ağır yaralandı...


Bu hekayə — Vətən uğrunda son gülləsinə, son nəfəsinə qədər döyüşənlərin,donaraq can verənlərin, yaşamaq üçün insan iradəsinin haraya qədər dirəniş göstərə biləcəyinin canlı salnaməsidir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO