Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - IV HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - IV HİSSƏ

Hazırda oxunan: Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - IV HİSSƏ

246892

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin IV hissəsini təqdim edirik:

Teleqülləyə doğru: Həyat və ölüm arasında

Düşmən bizim çıxılmaz vəziyyətdə olduğumuzu hiss etmişdi və bütün vasitələrlə, son nəfərədək hamımızı məhv etmək istəyirdi. Biz artıq dərədə, avtomobillərin yanında idik. Yaralı yoldaşlarımızı burada toplamışdıq. Hər birimiz susurduq, amma baxışlarımız danışırdı — seçim etmək, qərar vermək və hərəkətə keçmək vaxtıydı.

Hamılıqla Abdinov Həsənin və Qurbanov Zəfərin bu işdə daha təcrübəli olduqlarına inanaraq, ilk olaraq iki avtomobilin irəliləməsinə qərar verdik. Bu, riskli bir addım idi — amma bəlkə də tək çıxış yolumuz idi. Düşünürdük ki, əgər bir avtomobil vurulsa, digəri Həsənrizə (o vaxtkı Aterk) çatmağı bacarar. Yox, əgər hər ikisi də vurulsa, o zaman yerdə qalan avtomobillərlə qalxmaqdan başqa yolumuz olmayacaqdı.

Yaralı yoldaşlarımızı ikinci avtomobilin kuzasına yerləşdirdik. Hər kəs səssiz, amma ürəyində qopan tufanla çalışırdı — sanki nəfəsimizi belə sıxıb içimizdə saxlayırdıq ki, ümid sönməsin. İkinci avtomobilin daha təhlükəsiz ola biləcəyini düşünürdük. Çünki düşmən, ilk olaraq birinci avtomobillə, yəni bizimlə məşğul olacaq, bu zaman ikinci avtomobil onlara görünənədək irəliləmək üçün vaxt qazanacaqdı.Vaxt itirmək olmazdı. Bu, bəlkə də bir neçə saniyəlik üstünlük idi, amma o saniyələrin qiyməti həyatla ölçülürdü. Hər kəs bilirdi ki, indi atılan hər addım, verilən hər qərar ya yaşamaq, ya da şəhid olmaq deməkdir. Amma geriyə baxmaq olmazdı — irəli getməkdən başqa yol yox idi. Tez bir zamanda sağ-salamat Həsənrizə çatmalı idik. Orada rabitə tapmalı, yuxarı komandanlığa vəziyyəti izah etməli, yaralı və şəhid yoldaşlarımızı Ağdərədəki hospitala yola salmalı, kömək göndərilməsinə nail olmalı və nəhayət, PDM-i döyüşə hazır vəziyyətə gətirməli idik. Vəzifələr ağır idi, zaman isə bizim əleyhimizə işləyirdi. Amma geriyə yol yox idi — ya bacaracaqdıq, ya da hamımız orada qalacaqdıq.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi


Mən və mexanik-sürücü Aydınov Həsən birinci avtomobildə, Uralda, Abdinov Həsənlə, Qurbanov Zəfər isə arxada yaralılarla Kamazda olmaqla yerimizi aldıq. Sağ qalmaq şansımızı artırmaq üçün avtomobillərin ara məsafəsini uzun saxlayacaqdıq. Həsən avtomobili işə saldı. Birdən “Ya Allah!” deyib qazı basdı və sürətlə, mühərrikin qışqırtısı altında yuxarı Həsənrizə doğru şütüməyə başladıq. Qarşımızda yuxarıya doğru olan bir neçə kilometr yolu keçib Həsənrizənin üstündəki qülləyə çatıb yüksəkliyi aşsaydıq, artıq atəş bizi tutmayacaqdı.

Avtomobil dərəni keçib qarlı yolla artıq yuxarıya doğru yönəlməyə başladığı vaxt qəfil, bizim üstümüzdən keçən tank mərmisi dağın yamacına dəyərək gurultu qopararaq partladı. Düşmən, bir avtomobilin sürətlə hərəkət etdiyini görən kimi bütün atəşini bizə yönəltmişdi. Mən yan güzgüdən arxaya baxaraq ikinci avtomobili görməyə çalışırdım. Növbəti mərmi avtomobilin arxasına düşdü – qar və torpaq havaya sovruldu. Abdinov sükana daha bərk yapışmışdı, ayağını qaz pedalına son gücü ilə basırdı. Mən isə tutuna biləcəyim hər yerdən sıxaraq bərk-bərk yapışmışdım. Avtomobil, sanki mərmi partlayandan sonra təhlükəni hiss etmişdi və yolu çaynaqları ilə çırmaqlayaraq yuxarıya doğru irəliləyirdi.

Tərtər çayının sağ sahilində Artunaqumer (tarixi adı Qozlu) kəndinin qarşısınakı yüksəklikdə mövqelənmiş, bizdən təqribən 2 km məsafədə olan düşmən PDM-i dayanmadan, fasiləsiz bizim avtomobillərə atəş açırdı. Birdən, avtomobilin kuzasından səs gəldi. Çevrilib geriyə baxdım. PDM-in atdığı mərmilər avtomobilin kuzasının yuxarısından  dəymişdi. Avtomobilin tenti yanmağa başladı. Mən Abdinova baxdım. Onun avtomobilin kuzasında olan yanğından xəbəi yox idi.  o, bir heykəl kimi ancaq irəli baxırdı.

Ən sərt döngədə tankın ikinci mərmisi avtomobilin tam qarşısına düşdü. Avtomobilin qabaq şüşəsi cilikləndi. Avtomobil zərbədən yana, yolun kənarında yığılmış qar topaları tərəfə sürüşürdü, partlayışın dağdan qopardığı daşlar üzərimizə gəlirdi, amma biz dayanmaq fikrində deyildik. Abdinovun başından nazik bir xəttlə qan süzülməyə başladı, amma o, heç nəyi hiss etmirdi. O, irəli baxırdı, sanki gözləri ilə qülləyə bağladığı ipi çəkir, bizim tez çatmağımız üçün bütün gücünü sərf edirdi.

Avtomobilin tentinin üst tərəfi hələ də alov içindəydi. Teleqülləyə çatmağa lap az qalmışdı. Bir döngədən sonra artıq qülləyə çatıb yüksəkliyin arxasına keçməliydik. Keçə bilsəydik, bu həm yaralıların, həm də aşağıda gözləyən onlarla yoldaşımızın taleyini dəyişəcəkdi. Bəzən bir insanın iradəsi bütöv bir döyüşün taleyini həll edir. Və bu da həmin an idi.



Sonuncu döngəni dönməyimizlə teleqüllənin tam yanına mərminin düşməsi bir oldu. Qəlpələr avtomobilin sağ tərəfinə səpələndi. Sağ qapının şüşələridə cilikləndi. Mən qeyri-ixtiyari olaraq başımı əllərimlə qorumağa çalışaraq sola doğru əyildim. Bir anlıq yaraladığımı düşündüm. Şüşə qırıntıları üzümə və əllərimə batsa da ciddi bir şey olmamışdı. Artıq teleqülləni keçmişdik, aşağıya doğru gedirdik, amma Abdinov hələ də sürəti azaltmamışdı.

- Həsən, yavaş ol. Çatmışıq! Ayağını pedaldan götür! – deyə qışqırdım. O, donuq baxışlarla mənə baxaraq:

- Hə, çatdıq? – deyə soruşdu.

- Hə, çatmışıq. Saxla, kuza yanır onu söndürək.

O, ayağını pedaldan götürdü və avtomobili saxladı. Tez bir zamanda kuzanın yanan tenti sökməyə başladıq. Ipləri bıçaqla kəsərək tenti yerə atdıq. Bir neçə dəqiqə sonra Zəfərdə ikinci avtomobillə çatdı. Oda bizim qədər həyacanlı idi. Rəngi ağ-appaq olmuşdu. Cəld kuzaya qalxıb yaralılara baxdıq. Yolda heç birinə heç nə olmamışdı ancaq yaraları ağır idi. Tez bir zamanda hospitala göndərməliydik.

Artıq gecikmək olmazdı. Səhər gəldiyimiz yolla geri qayıdırdıq. Yoxuşda olan yanacaq daşıyan avtomobil hələ də orada idi. Bizim PDM də hələ bizi gözləyirdi. Mexanik-sürücünü PDM-in yanına düşürdük. Həsənrizin içərisinə doğru irəllədik. Biz hər hansı bir bölmənin qərargahını tapmalıydıq.

İrəlidə, səhər keçərkən gördüyüm tanklar olduğu yerdə dayanmışdı. Onlara çatan kimi maşından düşüb, qarın içində sürətlə orda olan əsgərlərə tərəf qaçmağa başladım:

– Qardaş, komandiriniz hardadır? Bizə təcili rabitə və sanitar maşın lazımdır!

Hərbi qulluqçulardan bir neçəsi yerindən sıçrayaraq bizə tərəf gəldi. Narahat baxışlarla yaxınlaşdılar:

– Nə olub, ay qardaş? O tərəfdəki partlayışlar nədir elə?

– Bizimkilərdi... Uşaqlar pusquya düşüblər. Şəhidimiz var, yaralılarımız var. Onları ordan çıxarmaq lazımdır!

– Qardaş, siz niyə ora getmisiniz axı? O istiqaməti ermənilər dünəndən alıb. Bizim mövqe İmarət Qərvəndin üstündədir. Gəl, gedək içəri, rabitə ordadı.

Bu sözləri deyən tankçı bir anda arxaya dönüb yoldaşlarına səsləndi:

– Uşaqlar, sanitarkanı çağırın, tez gəlsin!

Bunlar 703 saylı briqadanın tərkibində olan, mayor Nəsirov Səmədin rəhbərlik etdiyi 732 saylı hərbi hissənin şəxsi heyəti idilər. Səhər gördüyüm tanklar isə polkovnik-leytenant Lənkəran Əliyevin rəhbərlik etdiyi tank taborunun bu əlahiddə batalyona dəstək üçün verilmiş tankları idi.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ


Abdinov Həsən dərhal onunla birgə qaçaraq binaya daxil oldu ki, rabitə ilə qərargahla əlaqə saxlasın. Biz isə həyəcanla gözləyirdik...

Bir neçə dəqiqə sonra sanitar avtomobilin uğultusu eşidildi və o, sürətlə bizə yaxınlaşdı. Onların  köməyi ilə yaralıları ehtiyatla maşından endirib sanitar avtomobilə yerləşdirməyə başladıq.

Gizir Əhədovun vəziyyəti ağır idi. Buna görə də yaralanmış, amma hələ də ayıq olan Şamilov Vidadiyə üzümü tutub dedim:

– Vidadi, ora çatanda mütləq kiminləsə danış, vəziyyəti tam izah elə. De ki, bizə təcili kömək lazımdır!

Vidadi başını yelləyərək anladığını bildirdi. Sanitar avtomobil yaralılarla birlikdə sürətlə Ağdərəyə doğru yola çıxdı...

Mən artıq PDM-i çıxarmaq üçün bu tanklardan birini aparmaq haqda düşünərkən bir nəfər yaxınlaşıb məni qucaqladı:

- Zaur, sən nə gəzirsən burda?

Bu, mənim kəndçim Quliyev Elçin idi. Məndən yaşca böyük idi və müharibə başlayan gündən cəbhə bölgələrindəydi. Bacısı Rəsmiyyə ilə bir sinifdə oxumuşdum. Sinif nümayəndəsi və məktəbin komsomol təşkilat katibi olduğuma görə demək olar ki, məktəbdə oxuyan bütün şagirdlərin ailələrini tanıyırdım. Elçinlə isə xüsusi münasibətimiz vardı.

- Sən bəs Ali Hərbi məktəbdə deyildin?

- Hə, qardaş, bizi də gətirdilər. Qozlukörpüyə gedirdik, ermənilər bizi vurdu. Demə bizimkilər orda deyilmiş. Ordan danışa bilmədik yuxarıyla ki, bizə kömək göndərsinlər, ordan çıxaq. Maşınla gəlmək məcburiyyətində qaldıq.

O, gəldiyimiz Urala və Kamaza baxıb sonra təccüblə mənə baxdı:

- Gülrabə xala namaz üstəymiş. Bunlarla necə gəlmisiniz? Bunlar ki aşsüzədi!

Mən çiyinlərimi çəkdim:

- Bu tanklardan birini apara bilərik, irəlidə bizim PDM ilişib qalıb.

- Qurbandı sənə. Deyim birini işə salsınlar, gedək.

Abdinov Həsən tələsik binadan çıxdı. Başı artıq sarıqlı idi, yəqin içəridə görüb sararmışdılar.

- Danışdıq. Dedilər kömək olacaq. Mən Zəfərlə maşınları aparıram hardasa yerləşdirim.

- Oldu qardaş. Mən də gedirəm,  PDM-i düzəldim, tez qalxam yuxarı! – deyərək bizə doğru gələn tankın üstünə qalxdım.

Biz isə tankla birlikdə PDM-in yanına gəldik. Mexsnik-sürücü Aydınov Həsən artıq hər şeyi hazırlamışdı. Köməkli PDM-in tırtılını yerə otuzdurduq. Buksirlə tanka qoşduq. Tank nərildəyərək bir güc vurmaqla PDM-i bir oyuncaq kimi sıldırımın kənarından, girdiyi qaya parçasından qoparıb yolun ortasına qoydu. Artıq PDM və tanklarla yoldaşlarımıza kömək etməliydik. Onların bəlkədə tək ümidi biz idik.....

***

Qar içində qara bir ləkə

PDM hazır olduqdan sonra qüllənin yanına qalxaraq yuxarıdan aşağıya – bölüyümüzün pusquya düşdüyü ərazini izləməyə başladım. Gözlərimin önündə dəhşətli bir mənzərə vardı. Qarla örtülmüş ağ təbiətin ortasında bizim pusquya düşdüyümüz yer  seçilirdi – sanki təbiətin saf üzünə vurulmuş qanlı bir yara idi. Qarın üstündəki qan izləri, partlayış çuxurları və yanmış texnikalar ağ bəyazlıqda ləkə kimi görünürdü. Ancaq bu ləkə yalnız torpağın üstündə deyildi – o gün orada yaşananlar Azərbaycanın hərb tarixində silinməyəcək QARA BİR LƏKƏ kimi həkk olunacaqdı. Unudulmayacaq, bağışlanmayacaq bir ləkə kimi.

Bölüyün şəxsi heyəti gözə dəymirdi – yəqin ki, artıq tutduqları mövqelərdə soyuq və şaxta ilə mübarizə aparırdılar. Çünki əmlakımız və ərzağımız olan maşın yanmışdı. İndi onlar həm isti paltarsız, həm də ərzaqsız qalmışdılar.

Düşmən tərəfi müşahidə etməyə başladım. Tərtər çayının sağ sahili boyunca yerləşdirilmiş atəş vasitələri İmarət Qərvənd və Zərdəxaç kəndləri istiqamətində bizimkilərə atəş açırdılar. Səhər irəliləmək istəyən düşmən qüvvələri gözədəymirdilər. Durduğum yerdən düşmənə olan məsafəni ölçdüm. Təxminən 4-5 km olardı.

Əvvəldə qeyd etdiyim kimi, PDM-2 zirehli döyüş maşını üzərində yerləşdirilən 30 mm-lik 2A42 avtomatik topun zirehli hədəflərə qarşı effektiv atış məsafəsi 1500 metrə, digər hədəflərə isə 2500 metrədəkdir. Demək, bu məsafədən bizim PDM heç nə edə bilməyəcəkdi. Üstəlik, burada texnikanı qoruyacaq heç bir maneə, səngər də yox idi. Bu məsafədən ancaq tank nəsə edə bilərdi.

Yanımda uzanmış Elçinə tərəf çevrilib soruşdum:

— Sizin tanklar buradan ermənilərə atəş aça bilər? Siz ata bilsəydiniz, bizimkilər oradan çıxardılar ...

Elçin başını buladı:

— Qardaş, batalyon komandirinə deyə bilərəm amma inanmıram nəsə edə bilə. Çünki onlar da bura çıxan kimi açıq hədəf olacaqlar. Düşmən bizi həmin dəqiqə artilleriya və minaatanlarla məhv edər. Özün də görürsən, ərazi necə balacadı. Nə gizlənməyə yer var, nə də mövqelənmək mümkündü.

Biraz susub davam etdi. 

— Həm də... Nəcməddin Sadıqovun əmri var. Onun göstərişi olmadan heç bir texnika yerindən tərpənə bilməz.

— Aydındı, qardaş...

PDM-in qülləsinə qalxıb rabitə vasitəsilə bölük komandirini çağırmağa başladım. Danışıq kodlarımız yox idi, bu səbəbdən açıq danışmağa məcbur idim.

— “Qartal”, “Yalquzağ”am, qəbul.

Bütün diqqətimlə rabitənin xışıltısı içərisindən gələcək cavabı gözləyirdim. Vaxt mənim üçün dayanmış kimi idi. Hər çağırış arasında sanki saatlar keçirdi. Nəhayət, o başdan yorğun bir səs gəldi:

— “Yalquzaq”, “Qartal”am, qəbuldayam.

— “Qartal”, dediklərinizi etdik. Gətirdiyimizi apardılar. Məndəki qutu da hazırdır. Amma dığaya çatmaz...

— Mən səni anladım. Gözləyirik. Əlaqədə qal. Lazım olsa, mən sənə çıxacağam.

— Qəbul.

Teleqüllənin altında üzü Qozlukörpüyə doğru uzanıb nə edə bilcəyimi düşünməyə başladım. Səhər bura gəldiyimizdən bəri 6-7 saata yaxın vaxt keçmişdi. Amma mənə elə gəlirdi ki, burada bir ömür keçmişik. Hər saniyə bir saat, hər saat bir ömür kimi uzanırdı. Bu qısa zaman ərzində artıq səkkiz nəfər yoldaşımız şəhid olmuş, çoxu yaralanmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - III HİSSƏ


İllərlə bir yerdə oxuduğumuz, bir kazarmada qaldığımız, gündə üç dəfə birgə çörək kəsdiyimiz dostlarımız indi gözümüzün önündə can vermişdilər. Onların qanı əllərimizə, paltarımıza bulaşmışdı. Hələ özümüz də sağ qalmaq üçün çırpınırdıq. 18 yaşlı bir yeniyetmə üçün bu, ağlasığmaz bir psixoloji yük idi. Bəlkə də, sakit şəraitdə bir dostumuzu itirsəydik, göz yaşımıza hakim ola bilməzdik. Amma indi, burada, heç kim ağlamırdı. Çünki bu 6-7 saat ərzində artıq 10, bəlkə də 20 il böyümüşdük. Bizi dəyişdirən təkcə müharibə deyildi — bu, bizi qopan zamanın içində yetişdirən bir zəlzələ idi.

Birdən, haradansa eşitmədiyim, qəribə bir səs gəlməyə başladı. Əvvəlcə uzaqdan gələn boğuq bir uğultu idi — elə bil göydə hansısa əjdahanın ürəyi döyünürdü. Səs getdikcə güclənir, havanı titrədirdi. Həsənrizin şimalından, səhər gəldiyimiz Umudlu kəndi istiqamətindən gəlirdi. Baxışlarımı üfüqə zillədim, hələ heç nə görünmürdü, amma içimdə bir hiss deyirdi – bu nədisə bura yaxınlaşır.

Birdən, uzaqda göyün üzündə iki qara nöqtə peyda oldu. Vertolyotlar idi – əvvəlcə kiçik bir nöqtə kimi görünsələrdə, sonradan yavaş-yavaş böyüyərək, metal qanadları ilə göyü yararaq üstümüzə gələn əjdahaya döndülər. Səs və görüntü birləşdi. Həsənrizin şimal kənarından fırlanaraq bölüyümüzün üstünə doğru uçurdular. İlk anda düşmən vertolyotları olduğunu düşündüm – bəlkə də bütün gün apardıqları atəş nəticə vermədiyi üçün indi havadan hücum edirdilər.

Amma yox… onlar bizimkilər idi!

Vertolyotlardan biri Heyvalı kəndi üzərindəki yüksəkliklərdə yerləşən düşmən mövqelərinə raket buraxdı. Ardınca isə ard-arda mərmilər yağmağa başladı. Hər partlayış özündən sonra od, tüstü və qulaqbatıran bir uğultu buraxaraq düşmən mövqelərinə çırpılırdı. Elə bil göy guruldayırdı.



Digər vertolyot isə yan tərəfdəki Qozlukörpü istiqamətindəki mövqeləri vururdu. Mərmilər sel kimi yağır, gilizlər sanki göydən dolu kimi tökülürdü. Göy də, yer də susmuşdu – təkcə bu iki alovlu əjdaha danışırdı, düşmənin başa düşəcəyi dildə: od və alovla!

Aşağıda ümidsizcə gözləyən bölük heyəti sevincdən qışqırmağa başladı, hətta bəziləri pulemyotla düşmənə atəş açırdı. Düşmən mövqeləri isə lal sükuta qərq olmuşdu. Az öncə atəş açan texnikalar təpik dəymiş küçük kimi zingildəyərək quyruqlarını ayaqları arasına alıb qaçırdılar.

Vertolyotlar bir neçə dəfə dövrə vuraraq bütün raket və mərmilərini düşmənin başına ələdilər. Sonra isə gəldikləri istiqamətdə uçub uzaqlaşdılar.

Sonradan öyrəndik ki, yaralılarımızı aparan sanitar avtomobil Ağdərəyə çatmamış Müdafiə naziri Rəhim Qazıyevlə və briqada komandiri polkovnik Nəciməddin Sadıqovla  qarşılaşıblar. Maşını görən kimi saxlatdırıblar. Əvvəlcə onların döyüş bölgəsindən qaçdıqlarını düşünüblər. Lakin yaralıları görəndən sonra  dərhal vəziyyəti anlayıblar. Şamilov baş verənləri danışıb, bölüyümüzün hələ də düşmənin içində köməksiz qaldığını bildirib.



Nazir dərhal xəritə tələb edib, həm özümüzün, həm də düşmənin mövqelərinin yerini dəqiqləşdirdikdən sonra iki vertolyotun dərhal havaya qalxaraq bizə köməyə getməsi üçün əmr verib. Eyni zamanda, yaralıların hospitaldan təcili Bakıya göndərilməsinə də göstəriş verimişdi.

Əraziyə tam sükut çökmüşdü. Sanki bir an əvvəl burada heç bir döyüş olmamışdı. Biz, o dağların sinəsində qalan bir ovuc kursant, ilk dəfə rahat nəfəs ala bildik. Və o an bir şeyi anladım — bu, yalnız başlanğıcdır. Şəhid olan yoldaşlaımız üçün döyüş bitmişdi, amma bizim üçün indi başlayırdı...

ARDI VAR...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO