30 ildir çirkaba bürünən Zabrat QƏBİRİSTANLIĞI - ŞİKAYƏT - VİDEO

30 ildir çirkaba bürünən Zabrat QƏBİRİSTANLIĞI - ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: 30 ildir çirkaba bürünən Zabrat QƏBİRİSTANLIĞI - ŞİKAYƏT - VİDEO

23480

3 ay əvvəl Zabrat qəbirstanlığının kanalizasiya sularının altında qalmasını xəbər vermişdik. Qrunt, çirkab və kanalizasiya sularına bürünən məzarlıq daha acınacaqlı duruma gəlib.

Bu barədə Bizim.Media-ya şikayətlənən Zabrat sakinləri məzarlığa gölməçələr və üfunət qoxusundan yaxınlaşmaq mümkün olmadığını bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Məzarların suyunu təmizləyən qurum tapılmır - Zabrat qəbirstanlığında - FOTO


Sakinlərin dediyinə görə yağış yağanda məzarlıqda iyrənc mənzərə yaranır. Ölülərini ziyarət etməyə gedənlər bataqlq və palçıq ucbatından məzarlığa daxil ola bilmirlər. Qəbirlər çirkab sularının altında, məzarlıq daxilindəki yollar isə keçilməz haldadır.  

Aidiyyəti qurumlar hələ 3 ay əvvəl Bizim.Media-da ictimailəşən məsələnin həll ediləcəyi ilə bağlı vəd versələr də problem dəyişməz olaraq qalır. Daha doğrusu problemin əsl kökünü bilən qurumlar yaxasını kənara çəkir.  

Qəsəbə sakinlərinin gileyinə görə əzizlərinin qəbirlərini ziyarət etməyə illərdir ki, həsrət qalıblar. Məzarlıqda uyuyan doğmalarının qəbirlərinin kanalizasiya suları altında qalması ruhən onları incidir. Yerli bələdiyyə isə bu duruma sadəcə “tamaşa” edir.

Zabrat qəbiristanlığının nəzarətçisi Sail Səttarov Bizim.Media-ya açıqlamasında acınacaqlı mənzərənin 30 ildən çoxdur ki, mövcud olduğunu deyib:

“Məsələ mətbuatda ictimailəşəndən sonra “Bakı Abadlıq” Xidməti MMC-dən, Sabunçu Rayon Prokurorluğundan və “Azərsu” ASC-dən nümayəndələr gəlmişdi. Ora kanalizasiya xətti çəkilməyənə qədər problem düzələn deyil. “Azərsu” əməkdaşları əvvəlcə suyu çəkmək üçün əraziyə qurğu quraşdırılması lazım olduğunu bildirdilər. Amma müşahidə aparılandan sonra məlum oldu ki, problem qurğuluq deyil, mütləq kanalizasiya xətti çəkilməlidir”. 

“Azərsu” ASC -nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə bu il üçün sözügedən əraziyə kanalizasiya xətti çəkilməsi üçün heç bir layihə nəzərdə tutulmayıb:

“Bildiyim qədər 2021-ci il üçün orada hər hansı layihə planlaşdırılmır. Hökumətin sonradan hansısa layihə ilə bağlı qərar verəcəyini bilmirəm”.

Sabunçu rayonu Zabrat bələdiyyə sədri Nailə Nəsirova isə telefonla açıqlama verməyəcəyini deyib:

“Nə sualınz varsa gəlin yerində verin və cavabınızı da alın. Mən telefon vasitəsilə heç bir suala cavab verməyəcəyəm”.


Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq isə mümkün olmayıb.

Qeyd edək ki, Bizim.Media Zabrat qəbiristanlığındakı vəziyyəti 3 aydan artıqdır ki, gündəmə gətirib.

Bələdiyyə sədri Nailə Nəsirova saytımıza  bundan əvvəlki açıqlamasında gah qəbirstanlığın Zabrat bələdiyyəsinə 4 ay əvvəl verildiyini, gah da problemin “Azərsu” ASC tərəfindən həll ediləcəyini əsas gətirərək aqressiv münasibət sərgiləyib. “Azərsu”ASC isə bu il qeyd edilən əraziyə kanalizasiya xəttinin çəkilməyəcəyini qeyd edir. 

Görünən odur ki, məzarlığın qrunt sularından azad ediləcəyi ilə bağlı zaman hələ sual altındadır. Ölülərini ziyarət etmək istəyənlər isə bu mənzərəni ürəkyanğısı ilə izləməkdə davam edəcəklər...

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO