Gürcüstanda Baş nazirliyə namizəd İrakli Kobaxidzenin parlamentdə səsləndirdiyi “Ölkədə sülhü qorumaq və ərazi bütövlüyünü yalnız sülh yolu ilə bərpa etmək üçün biz Rusiyaya qarşı praqmatik siyasəti davam etdirəcəyik” fikirlərindən və hakim partiyanın respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarından sonra başlayan etiraz aksiyaları gün keçdikcə daha böyük vüsət alır.
“Yanğına körüklə gedən” Qərb ondan dəstək alan müxalif qüvvələrin bu aksiyalarının səngiməməsi üçün əlindən gələni ardına qoymur. Xüsusilə də, QHT-lərdən bu işdə aktiv istifadə olunur. Belə ki, Qərbin QHT maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və öz gündəliyini qəbul etdirmək planı hadisələrin vətəndaş qarşıdurması həddinə qədər gəlib çıxmasına səbəb olub.
Hazırda Gürcüstanda müşahidə olunan vəziyyət Ukraynada 2014-cü ildə baş verən "Maydan hərəkatı"nı xatırladır. 10 il əvvəl Ukraynada da Qərbdən maliyyələşən QHT-lərin aktiv iştirakı ilə qızışdırılan aksiyalar sonda hakimiyyət dəyişikliyinə gətirib çıxarmışdı.
Görünən qədərilə, seçkilərdə "Gürcü Arzusu"nun qələbəsini həzm edə bilməyən Qərb Ukrayna ssenarisini Gürcüstanda da reallaşdırmaq üçün gücünü səfərbər edib.
Maraqlıdır, Qərbin bu canfəşanlığı nə ilə yekunlaşacaq?
Mövzunu Bizim.Media-ya şərh edən politoloq Tofiq Abbasov bildirib ki, burda əsas məsələ müxalifət və onun arxasında dayanan Qərb İnstitutlarının ölkədəki seçkinin nəticələri ilə barışmamalarıdır:
“İndi onların ən böyük istəkləri odur ki, Gürcüstanda yeni bir qarışıqlıq yaratsınlar. Təsdiq olunmuş nəticələr ləğv edilsin və yeni seçkilər keçirilsin. Yəni faktiki olaraq, onların məğlubiyyətlə razılaşmaması, barışmaması gərginlik yaradıb. Təbii ki, müxtəlif ölkələrdə çoxlu belə hadisələr olub.
Gürcüstana gəldikdə isə Qərb bu ölkədəki institutlar, təsisatlar, qeyri-hökumət təşkilatlarını, gürcülərin kosmopolit qüvvələrini daim dəstəkləyib. Onlara külli miqdarda qrantlar və tranşlar ayırıb. O pullar Gürcüstana Saakaşvili dövründən gəlir və faktiki olaraq böyük bir məbləğə çevrilib.
Hətta bir müddət nazirlər xaricdən gələn maliyyə hesabına maaş alırdılar. Yəni bunlar hamısı siyasi proseslərə qoyulan investisiyalar idi. Bu investisiyaların külli miqdarda olması, əlbəttə, Qərb institutlarının özünü də çətin vəziyyətə saldı. Onlar düşünürlər ki, “bu qədər vəsait xərcləmişik, amma dəstəklədiyimiz insanlar, namizədlər seçkidə uduzdular.
Biz orda Qərb xəttinin güclənməsi əvəzinə onun zəifləməsi ilə üzləşdik. Gürcüstan demək olar ki, Rusiyanın təsiri altına keçir”.
“Qərb gərginliyi artırmağa çalışır”
Politoloq deyib ki, bu səbəbdən Qərbpərəst qüvvələr gərginliyi saxlamaq, vəziyyəti qızışdırmaq kursu götürüblər:
"Bununla da İvanişvilini, indiki hakimiyyəti pis vəziyyətə salmaq, onları təkrar seçki keçirmək üçün yola gətirmək istəyirlər. Gürcüstan hakimiyyəti də deyir ki, seçi bitib, uduzmusunuz, bu məsələyə bir də dönməyəcəyik. Gürcü xalqı öz iradəsini ifadə edib və geriyə dönüşün heç bir mənası yoxdur. Buna görə də müxalifət Gürcüstanda hakimiyyətdə olan qüvvələri rusiyayönlü siyasəti aparmaqda günahlandırır".
“Qərb Gürcüstan xalqının rifahını düşünmür”
Politoloq qeyd edib ki, gürcü siyasətçiləri Qərbyönlü yaxud Rusiyayönlü deyil, Gürcüstan yönlü siyasət yürütməlidir:
"Digər tərəfdən, Gürcüstan Rusiyanın qonşusudur. Rusiyada 1 milyondan artıq gürcü yaşayır, fəaliyyət göstərir. Hətta öz ölkələrinə, qohum-əqrəbalarına 2 milyard civarında vəsait göndərirlər. Xatırlayırsınızsa, Gürcüstanla Rusiya arasında hava xətlərinin bərpa olunması Qərbdə böyük təşviş doğurmuşdu. Az qalırdılar deyələr ki, niyə bunu edirsiniz? Yəni sağlam ideyalara sadiq olan insanlar həmişə yolların, kommunikasiyaların açılmasına can atırlar.
Amma Qərb hava xətləri açılıb deyə matəmə batmışdı. Bu bir daha onu göstərir ki, Qərbdə heç də Gürcüstan xalqının rifahını düşünənlər yoxdur. Onlar çalışırlar sadəcə, Rusiyanı təkləsinlər, onu mənəvi, iqtisadi baxımından qonşularından uzaqlaşdırsınlar. Rusiya üçün yeni problemlər yaratsınlar. Elə Ukrayna ilə olan müharibə də buna görədir.
Başqa sözlə, proseslərin hamısı göz önündədir.
Məsələyə hakim olan insanlar götür-qoy edib anlayırlar ki, Qərbin burdakı siyasəti əslində nədən ibarətdir".
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:20 / 30.11.2024
Gürcüstan üçün “Ukrayna SSENARİSİ” – Qərb 10 il əvvəl Kiyevdə etdiyini Tbilisidə reallaşdırmağa ÇALIŞIR
Hazırda oxunan: Gürcüstan üçün “Ukrayna SSENARİSİ” – Qərb 10 il əvvəl Kiyevdə etdiyini Tbilisidə reallaşdırmağa ÇALIŞIR
Hazırda oxunan: Gürcüstan üçün “Ukrayna SSENARİSİ” – Qərb 10 il əvvəl Kiyevdə etdiyini Tbilisidə reallaşdırmağa ÇALIŞIR
222965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.