Xəbər verdiyimiz kimi iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.
Parlament qərara gəlib ki, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının tam formalaşdırılması zəruridir.
Bu isə o deməkdir ki, yaxın 2 aylıq müddətdə bizi qızğın parlament seçkiləri kampaniyası gözləyir.
Bəs partiyalar növbədənkənar parlament seçkilərinə necə hazırlaşır?
Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa qeyd edib ki, rəhbərlik etdiyi partiya seçkilərə hazırlığa çoxdan başlayıb:
“Son Prezident seçkilərindən qərargahımız öz fəaliyyətini davam etdirir. Qərərgahımız peşəkar və təcrübəli partiya funksionerlərindən təşkil olunub. Bütün dairələrdə araşdırma aparırıq. Minimum 65-70 dairədən namizədimiz olacaq. Çünki pulsuz efir vaxtı almaq üçün qanunvericilikdə bu xüsusi şərt kimi qoyulub.
Ancaq indidən namizədlərin siyahısını elan etməyə lüzum görmürük. Rəsmi qaydada seçkilərə start veriləndə biz də siyahımızı elan edəcəyik. Hələlik namizədlərin üzərində düşünürük. Bunun üçün bütün rayon təşkilatlarında ciddi araşdırmalar aparılır. Sonda rayon təşkilatları Mərkəzi Seçki Qərərgahımıza məlumatlar verəcəklər. Ondan sonra vahid siyahımız ortaya çıxacaq”.
Ağ Partiya 3 aydır ki, hazırlıqlara başlayıb...
Ağ Partiyanın başqanı Tural Abbaslı da seçkilərə hazırlaşdıqlarını bildirib:
“Artıq 3 aya yaxındır ki, bizim partiyada seçki qərargahı formalaşdırılıb. Hazırda qərargah öz fəaliyyətini davam etdirir. Əsas işlərdən biri namizədlərin müəyyən olunması və dairələr üzrə bölünməsidir. Bundan əlavə namizədlərə dəstək imzalarının toplanması üçün heyətlərin də tərkibi dəqiqləşdirilir. Təbii ki, partiyanın platforması, verəcəyi vədlər, ana şüarlar ətrafında da müzakirələr gedir.
Ağ Partiyanın parlament seçkilərində neçə namizədinin olacağı məsələsinə gəlincə, onu deyə bilərəm ki, bu barədə danışmaq hələ tezdir. Təbii ki, hər bir partiya istəyər ki, 125 dairənin hər birindən namizədi olsun. Amma indiki məqamda bu real deyil. Çünki partiyanın seçkilərə qatılması iqtisadi və sosial baxımdan çox ağırdır. Nə qədər çox namizədin varsa, bir o qədər də çox pul xərcləməlisən. Bu maliyyə imkanı heç də hər partiyada yoxdur.
Bütün hallarda seçki partiyalar üçün bir fürsət, şans və sınaqdır. Əsas o deyil ki, verdiyin bütün namizədlər seçilsin. Əsas odur ki, seçkilərdə partiyalar öz gücünü, imkanlarını və cəmiyyətdəki nüfuzunu bir növ test edir. Ona görə də Ağ Partiya parlament seçkilərinə böyük məsuliyyətlə hazırlaşır”.
ReAL seçkilərə neçə namizədlə qatılacaq?
Respublikaçı Alternativ Partiyanın sədri İlqar Məmmədov isə bildirilib ki, seçkilərlə bağlı ReAL-ın Siyasi Komitəsi qərar hazırlayıb:
“Bu qərara əsasən də partiya üzvlərinin bir qisminin növbəti parlament seçkilərində iştirakı qətiləşib. Partiya bu dəfəki seçkilərə 13 namizədlə qatılacaq. Namizədlər arasında kifayət qədər tanınmış simalar var.
Bununla belə daha bir neçə üzvümüzün namizədliyi barədə yaxın günlərdə əlavə məsləhətləşmə aparacağıq və bu həftənin sonuna qədər onların da qərarı veriləcək. Namizəd sayının nisbətən az olması partiyamızın maddi imkanları ilə bağlıdır. Yalnız bu sayda namizədin uğurlu kampaniyasını keçirməyə vəsaitimiz çatar, hətta seçki vaxtı yığacağımız ianələr nəzərə alınmaqla. Odur ki, maddi resurs əsas götürülməklə, ən yaxşı nəticə göstərə biləcəyimiz dairə və şəxslər üzərindən kampaniya aparmaq qərarına gəldik”.
Surxay Atakişiyev, Bizim.Media
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.
- A-
- A
- A+
Siyasət
10:30 / 25.06.2024
Müxalifət partiyaları parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU
Hazırda oxunan: Müxalifət partiyaları parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU
Hazırda oxunan: Müxalifət partiyaları parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU
198802
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.