Rusiya intiqam HAZIRLIĞINDA: “Reaksiyamız sərt olacaq” – Korotçenkodan ÖZƏL AÇIQLAMA 

Rusiya intiqam HAZIRLIĞINDA: “Reaksiyamız sərt olacaq” – Korotçenkodan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Rusiya intiqam HAZIRLIĞINDA: “Reaksiyamız sərt olacaq” – Korotçenkodan ÖZƏL AÇIQLAMA 

193637

Xəbər verdiyimiz kimi Aİ Şurası Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya hərbi yardım üçün istifadə edilməsi qərarını təsdiqləyib. Bəyanatda qeyd olunub ki, bu aktivlərdən əldə edilən xalis mənfəət Ukraynanın müdafiə potensialının dəstəklənməsi və onun bərpası üçün istifadə olunacaq.

Qərarın əsas müddəalarına aşağıdakılar daxildir:

Depozitarların ildə iki dəfə Aİ büdcəsinə köçürdüyü mənfəətin 90%-i Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün Avropa Sülh Fonduna yönəldiləcək.

Mənfəətin 10%-i Ukraynanın yenidən qurulması üzrə Avropa proqramlarına sərf olunacaq. Depozitarlar mənfəətin 10%-ni risklərin idarə edilməsi üçün saxlaya biləcəklər.

Maliyyələşdirmə hədəfləri hər il nəzərdən keçiriləcək və birinci mərhələ 2025-ci il yanvarın 1-dək planlaşdırılacaq.

Avropa niyə bu addımı atır?

Məsələyə Xəzər(Rusiya) Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkonun münasibətini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Rusiyanın Avropadakı dondurulmuş aktivlərindən əldə olunan faiz gəlirlərinin Ukraynanın silahlandırılmasına yönəldilməsi ilə bağlı qərar Avropa İttifaqının bu ölkəyə yardımlarının minimuma endirilməsi üçün qəbul edilib:

“Məlum olduğu kimi təkcə Rusiya aktivlərdən gələn faizləri yox, bütünlüklə aktivlərin Ukraynaya yönləndirilməsi istiqamətində hazırda Qərbdə ciddi müzakirələr gedir. Nəzərə alaq ki, Rusiyanın aktivlərinin Avropada dondurulması və onun barəsində özbaşına qərarların verilməsi Moskvada ciddi narahatlıq doğurur.

Bununla bağlı ayrı-ayrı Rusiya rəsmiləri zaman-zaman öz narahatlıqlarını dilə gətiriblər. Nəhayətində isə XİN Qərbə xəbərdarlıq edib ki, bu addımlar cavabsız qalmayacaq və Rusiya buna qarşı ən sərt şəkildə reaksiya bildirəcək”.

“Qərb Rusiyanın dondurulmuş aktivlərinin ələ keçirilməsi üçün variantlar axtarır”

Baş direktor onu da qeyd edib ki, hələlik Aİ Rusiya aktivlərinin tam şəkildə özgəninkiləşdirilməsinə risk etmir:

“Nəzərə alaq ki, hazırda Rusiyanın Aİ-dəki aktivlərinin ümumi həcmi 350 milyard dollar civarındadır. Bundan əlavə, artıq Amerikanın yurisdiksiyasında olan Rusiya aktivlərinin tamamilə özgəninkiləşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qəbul edilmiş qanuna görə zərurət yaranacağı təqdirdə bu vəsaitlər Ukraynanın müdafiəsinə xərclənəcək.

Görünən odur ki, Qərb Rusiyanın dondurulmuş aktivlərinin ələ keçirilməsi üçün variantlar axtarır. Baxmayaraq bu addımlar Aİ-nin mövcud qanunvericiliyinə tamamilə ziddir. Bununla belə, Baltikyanı ölkələr və Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərinin - qızıl və valyuta ehtiyatlarının tamamilə ələ keçirilməsini təklif edir.

Belə bir addımın atılması dünyanın maliyyə sistemində çox ciddi təlatümlərə səbəb ola bilər. Ən azından investorlarda Aİ ölkələrinə inam sarsılacaq. Çünki, siyasi münasibətlərə görə absurd maliyyə tədbirləri istənilən halda qəbuledilməzdir. Yəni bu gün Rusiyaya qarşı yönəlmiş addımlar sabah istənilən dövlətlərə qarşı atıla bilər”.

İqor Korotçenko hesab edir ki, Aİ-nin planlarına görə hələlik 2025-ci ildə, ola bilsin ki, 2026-cı ildə də Qərb Ukraynaya hərbi və maliyyə yardımlarının bir hissəsini Rusiyanın dondurulmuş aktivlərindən gələn faiz gəlirləri hesabına ödəmək istəyir:

“Əslində Aİ dövlətləri bu addımla öz ölkələrinə münaqişə nəticəsində dəyən ziyanı sığortalamaq istəyirlər. Bu həm də onu göstərir ki, Qərb müharibənin yaxın zamanda başa çatmasında maraqlı deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO