Azərbaycanda neft hasilatı yenidən artacaq? – İlham Şabanın ŞƏRHİ  

Azərbaycanda neft hasilatı yenidən artacaq? – İlham Şabanın ŞƏRHİ  

Hazırda oxunan: Azərbaycanda neft hasilatı yenidən artacaq? – İlham Şabanın ŞƏRHİ  

178742

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftə Azərbaycanın yeni tarixində iz buraxacaq bir hadisənin də şahidi olduq. Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi zamanı ölkəmizin yeni dövrünün hədəflərini açıqladı.

Onların içərisində enerji sektorunun gələcək inkişafı ilə bağlı maraqlı fikirlər vardı. Bu məsələləri daha ətraflı təhlil edəcəyik. Hələlik dünya bazarlarında baş verənlərə nəzər salaq.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Şaban: "Azərbaycanda təbii qaz ixracı nefti üstələyəcək" – MÜSAHİBƏ 


Qlobal bazarlar 

Bu həftə Avropada qaz qiymətləri kifayət qədər ucuz satılması ilə yadda qaldı. Qazın 1000 kubmetrinin qiyməti həftə əvvəli 300 dollardan aşağı qiymətə ticarət edilirdisə, həftə sonu 276 dollaradək ucuzlaşdı. Ötən ilin iyun ayından Avropada mavi yanacaq bu qiymətə ticarət edilməmişdi. Bəs səbəb nədir? İlk növbədə bu, Avropa iqtisadiyyatının daha aşağı səviyyəli artım templərindən qaynaqlanır. Bazarda tələb qış mövsümünə baxmayaraq yüksək deyil.

Yeraltı qaz anbarlarında ehtiyatlar 66%-dən çoxdur. 

Neftə gəldikdə isə vəziyyət fərqlidir. Fevralın 8-dən qiymətlər 1 barel üçün 80 dollardan baha satılır. Fevralın 15-də isə neftin ən baha partiyası üzrə London birjasında müqavilə 83 dollar 25 sentə bağlanıb. Qiymətlərin bahalı həddə ticarət edilməsini bazar iştirakçıları müvəqqəti sıçrayış halı kimi qiymətləndirirlər, buna hələ də Qırmızı dənizdə ticarət gəmilərinə olan təhlükə, Yaxın Şərqdə heç cürə başa çatmayan İsrail-Fələstin münaqişəsi də öz təsirini göstərməkdədir.

Sonrası necə olacaq? Proqnoz etmək heç də asan deyil, çünki dünyada hazırda yaşananlar onun gərginlik amplitudasından asılı olaraq istənilən an enerji daşıyıcıların qiymətini gah yuxarı, gah da aşağı apara bilir.         

“Yaşıl enerji” hədəfləri

Azərbaycan Prezidenti andiçmə mərasimində iqtisadi sahədə vacib vəzifələrdən biri kimi bərpaolunan enerjinin inkişafına diqqət yetirib. Onun sözlərinə görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və su elektrik stansiyaları tikilməlidir. “Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış müqavilələr əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat”, deyə İlham Əliyev bildirib. 

Beləliklə, alternativ enerji mənbələrindən elektrik enerjisinin istehsalının artımı hesabına Azərbaycan böyük həcmdə təbii qazını stabil şəkildə uzun dövr üçün ixrac imklanları əldə edəcək. 

“Biz iqlim dəyişikliyi məsələlərinə də öz töhfəmizi vermiş olacağıq, xüsusilə nəzərə alsaq ki, Azərbaycan bu il COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır”, deyə İlham Əliyev “yaşıl enerji”yə rəsmi Bakının verdiyi önəmi vurğulayıb. 

Dövlət başçısının bəyan etdiyi məsələ isə artıq yavaş-yavaş reallaşır. Bu həftə “Azərenerji”nin ictimailəşdirdiyi bir məlumatı dərindən təhlil etsək Azərbaycanın nə qədər imkanlara malik olduğunu görə bilərik.    

Qarabağın “yaşıl” enerjisi 

Alternativ və bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması Azərbaycanda yaşıl enerjinin əhatəsi sürətlə genişləndirilir. 

Xüsusən də bu deyilənlər işğaldan azad edilən Azərbaycan ərazilərinin yaşıl enerji zonasına çevrilməsində özünü göstərir. Təkcə Laçın rayonunda “AzərEnerji” tərəfindən 4 kiçik su elektrik stansiyası yaradılıb və daha 5-i yaradılmaqdadır. Belə ki, bu günə kimi Laçın rayonunda 8,25 meqavat gücündə “Mişni”, 8 meqavat gücündə “Güləbird”, 6 meqavat gücündə “Alxaslı” su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 4 meqavat gücündə “Sus” Su Elektrik Stansiyası bərpa edilib. 

Nəticədə Laçın rayonunda istismara verilən su elektrik stansiyalarında “AzərEnerji” 77 milyon kilovat saatdan artıq ekoloji cəhətdən təmiz enerji istehsal etməyə nail olub.

Bunun nəticəsində isə 18 milyon kub metr qaza qənaət edilib və 32 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. 

Hazırda Laçın rayonunda ümumi gücü 40 meqavatdan artıq olan daha 5 su elektrik stansiyasının tikintisi davam edir. Artıq “Ağbulaq” SES-də işlər tamamilə yekunlaşıb. “Ağbulaq-2”, “Qaraqışlaq”, “Mirik” və “Zabux” su elektrik stansiyalarında tikinti işləri başa çatıb və hazırda quraşdırma və sazlama işləri həyata keçirilir. “2024-yaşıl dünya” naminə həmrəylik ili çərçivəsində bu 5 su elektrik stansiyasının da istismara verilməsi planlaşdırılır.

Energetika nazirliyindən verilən məlumatdan isə aydın olur ki, indiyə qədər Qarabağ və Şərqi Zəngəzurun hidropotensialı hesabına artıq 20 ədəd su elektrik stansiyası istismara verilib.

Onların ümumi gücü 165 MVt-a yaxındır. Təkcə cari il ərzində daha 12 su elektrik stansiyasının istifadəyə verilməsi həyata keçirilməlidir ki, bu da əlavə 105 MVt gücün enerji sistemimizə daxil edilməsinə imkan yaradacaq. 

Azərbaycan COP29 tədbiri başlayana qədər isə işğaldan azad olunmuş ərazilər üzrə özünün enerji sisteminə “yaşıl” enerji mənbəli 32 su elektrik stansiyası daxil etməyə hazırlaşır.

Bu stansiyaların ümumi gücü isə 270 MVt təşkil edəcək. Onların fəaliyyəti nəticəsində illik elektrik enerjisi istehsalının 754 mln kVt/saat həcmində olacağı gözlənilir. Bu isə artıq 167 mln kubmetr təbii qaza qənaət, 334 min ton karbon qazının atmosferə atılmasının qarşısın alınması deməkdir. 

Bütün bunlar isə başlanğıcdır. Biz hazırda “yaşıl enerji”nin astanasındayıq. Əsas odur ki, artıq bu yeni enerji növünün qapısını xarici investorlar üçün də aça bilmişik. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ötən ilin oktyabrında Azərbaycanda yaşıl enerji üzrə ilk böyük elektrik stansiyasını – Qaradağ günəş elektrik stansiyasını istismara verdi. Bunun ardınca Biləsuvarda, Neftçalada, Naxçıvanda, Cəbrayılda da iri günəş elektrik stansiyalarının tikintisi reallaşacaq.  

Ənənəvi enerji növləri 

Neft-qaz sahəsinə toxunan Azərbaycanın dövlət başçısı bundan sonra da bu yöndə işlər davam etdiriləcəyini qeyd edib. 

İlham Əliyev xüsusən də diqqəti neft hasilatının sabitləşməsi yönümündə görülən işlərə çəkib. Onun sözlərinə görə, bu istiqamətində işlər gedir və yaxın gələcəkdə nəticələr olacaq. “Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir”, deyə dövlət başçısı bəzi məqamlara işıq salıb.

Söhbət təbii ki, hasilatın azalma templərinin zəiflədilməsindən gedir. Çünki 2022-2023-cü illərdə hasilat çox yüksək templə azalmağa başladı.

Əgər 2022-ci ildə illik azalma tempi 1,93 mln ton təşkil etmişdisə, 2023-cü ildə neftin azalma tempi 2,46 mln tona qədər artım nümayiş etdirib. Bu sürətlə azalma tempi Azərbaycanda yalnız bir dəfə - 2011-2012-ci illərdə olub. Amma o zaman hasilatın pik həddindən enmə dövrü idi və bu, müəyyən mənada başa düşülən idi, indiki zamanda isə təbii ki, belə bir hadisənin yaşanmasını sakitcə müşahidə etməklə yoluna qoymaq olmaz. 

Ona görə də Prezident öz çıxışında bu hadisənin üzərində dayandı və cəmiyyətə mesaj verdi ki, qara qızılın hasilat məsələlərini stabilləşmək məcrasına yönəltmək üçün danışıqlar apaılıb, görüləcək işlər müəyyənləşdirilib və bundan sonrakı orta müddətli dövr üçün azalma tempi narahalıq doğura biləcək məcradan kənara çıxmayacaq. 

Neft hasilatının stabilləşdirilməsi. Qeyd edim ki, Azərbaycanda neft hasilatın azalması əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarının hesabına baş verir. Amma layihənin operatoru olan BP şirkəti ilin əvvəlindən hasilatın stabilləşdirilməsi yönümündə müəyyən addımlar atıb, yanvarda ilk dəfə uzunmüddətli dövr üçün 4D geoloji seysmik işlərinə start verib. 

Bundan əlavə “BP-Azərbaycan” şirkətinin rəsmiləri açıqlayıblar ki, təkcə bu il üçün 18 quyunun qazılması planlaşdırılır ki, bunun da 12-si istismar quyuları olacaq. Bundan əlavə texniki quyular da qazılacaq ki, laylara su və qazvurma hesabına neftverimliyi daha da artırmaq mümkün olsun. 
Bundan əlavə “Abşeron” və “Ümid” yataqlarında kondensatın, maye karbohidrogenin hasilatı da artmalıdır. Ümumiyyətlə, bundan sonrakı dövrdə qaz yataqlarının işlənməsi nəticəsində əldə edilən kondensat hesabına obyektiv səbəbdən azalan neftimizin bir hissəsini əvəzləmək olar. 

Qaz ixracı 

Təbii qazımızla bağlı vəziyyət isə mən deyərdim ki, gözlədiyimizdən də yaxşı məcrada gedir. Bizim artıq səkkiz ölkə ilə qazın alqı-satqısına dair kommersiya müqavilələrimiz var. Tələbat isə daha böyükdür, ilk növbədə, təbii ki, Avropa İttifaqı məkanından. 

Prezident İlham Əliyevin dediyi kimi, “Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. Bax, bizə edilən xahişlər bu məqsədi daşıyır. Biz isə etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir”. 

Burada dövlət başçısı onu da vurğulayıb ki, “düzdür, heç də hər zaman Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində etdiyi addımlar Avropada lazımınca qiymətləndirilməyib və əlavə edib ki, vaxtilə bizi istəməyən qüvvələr şayiə yayırdılar ki, Azərbaycanda neft yoxdur.

Daha sonra isə bunu qazımızla bağlı danışmağa başladılar. “Təbii ki, bu da cəfəngiyatdır”, deyə Prezident Əliyev bəyan edib. 

Qazımızın ixracına gəldikdə isə, dövlət başçısı gələcəkdə ixrac coğrafiyamızın artacağına, özü də bunun Avropa istiqaməti üzrə baş verəcəyini bildirib. Prezident Əliyev Azərbaycanın qaz ixracını artırmaq üçün kifayət qədər yetərli resursların olduğunu bir daha açıqlayıb. 

Qaz resurslarımız. “Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. Gələn il isə “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da bizim resurs bazamızı artıracaq”, deyə dövlət başçısı bəyan edib. 

Azərbaycanın qaz resursları isə bunlarla bitmir. “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var. 
Qeyd edim ki, Azərbaycanın enerji sektoruna xarici şirkətlərin diqqət etməsinin isə bir neçə səbəbi var. Əvvəla, Azərbaycan az qisim ölkələr sırasındadır ki, imzaladıqları müqavilələrə sonradan birtərəfli qaydada hansısa dəyişikliklər fikrinə düşməyib. Bu isə ölkəmizdə uzunmüddətli layihələrə yatrırım etmək istəyənlərin marağında olan məsələdir. İkincisi, Azərbaycan zamanında lazımi infrastruktur layihələrini icra edib başa çatdırıb, Xəzər dənizini dünya bazarları ilə birləşdirə bilib. 

Və nəhayət, Azərbaycanın bir enerji növündən digərinə keçid etməsində kimsə hansısa həlledilməz problem görmür.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO