“İsrail səfirliyimizin Qüdsdə açılmasını istəyir” - Fərid Şəfiyev  

“İsrail səfirliyimizin Qüdsdə açılmasını istəyir” - Fərid Şəfiyev  

Hazırda oxunan: “İsrail səfirliyimizin Qüdsdə açılmasını istəyir” - Fərid Şəfiyev  

17820

Azərbaycanın yaxın münasibəti olan ölkələrdən biri kimi İsraildə səfirliyinin olmaması məsələsi yenidən gündəmə gəlib. 

Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük töhfə verəcəyi kimi qiymətləndirilir.

İsrailin Azərbaycandakı səfirliyi 1993-cü ilin avqustundan fəaliyyət göstərir. İsrail Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb.

İki ölkənin diplomatik münasibətləri 1992-ci il aprelin 6-da qurulub. Amma hələ də İsraildə Azərbaycan səfirliyi yoxdur. Səfirliyin olmamasına baxmayaraq Azərbaycan İsraillə yaxın əlaqələri, diplomatik münasibətləri, eləcə də iqtisadi və siyasi əməkdaşlığı lazımı nöqtəyə çatdıra bilib. 

Maraqlıdır, illərdir müzakirə olunan səfirliyin açılmasına mane olan səbəblər nədir? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bizim.Media-ya açıqlamasında məsələdə həssas məqamların olduğunu deyib:

“Səfirliyin açılması gündəmdədir. Niyə açılmır? Burada müxtəlif səbəblər var. Hesab edirəm ki, Azərbaycan və bu məsələ ilə bağlı qərar verən qurumlar səfirliyin indiyədək açılmaması barədə o qədər də düşünməməlidirlər. Bir az gələcəyə baxmaq lazımdır. Səfirliyin açılmasında həssas məsələlər var. Bilirik ki, bir çox səfirliklər Təl-Əvivdə yerləşir. Amma İsrail tərəfi bəyan edir ki, səfirlik Qüdsdə (Yerusəlim) açılsın. Fikrimcə, bu barədə ortaq məxrəcə gəlmək olar”.

Fərid Şəfiyev hesab edir ki, səfirliyin açılması iki ölkə arasındakı əlaqələri yeni siyasi müstəviyə apara bilər:

“Bəziləri deyir ki, səfirliksiz də Azərbaycan-İsrail əlaqələri çox sıxdır. Amma düşünürəm ki, səfirliyin olması və diplomatların fəaliyyət göstərməsi həm iqtisadi, həm də ticari cəhətdən vacibdir. Ölkənin xüsusilə qeyri-neft sektorunun inkişafında İsrailin təcrübəsi və texnikası əhəmiyyətli ola bilər. Digər tərəfdən İsraildə çox sayda Azərbaycan vətəndaşları yaşayır.

Vətəndaşlığı hələ də saxlayan və itirənlər var. Ora köçüb İsrail vətəndaşlığını qəbul edənlərin müəyyən sənəd işlərində çətinlik yaranır. Bu baxımdan səfirliyin açılması bu kimi problemləri həll etmiş olar. Digər tərəfdən ərəb ölkələri və İsrail arasında yaxınlaşma müşahidə olunur.

Bir çox ərəb ölkələri də artıq səfirlik açıb. Ola bilsin ki, Türkiyənin İsraildəki səfiri məsələsi də bərpa olunsun.

İstənilən halda Azərbaycan İsraildə səfirlik açmaq məsələsində digər ölkələrin mövqeyini də nəzərə alacaq. Bunu ölkə başçısı İlham Əliyev də bir neçə dəfə deyib. Bizim xarici siyasət milli maraqlara əsaslanır. Qərar da buna əsasən qəbul olunmaldır. İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı bu günlərdə verdiyimiz təklif də bu istiqamətdədir. Hansı ki, müvafiq qurumlar tərəfindən müzakirə oluna bilər”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO