4 il sonra aktuallaşan “Tərtər” işi ilə bağlı məsələnin müzakirəsi səngimir. Tərtər işi” ilə bağlı sosial mediada Hərbi Prokurorluğa yönəlik müxtəlif ittihamlar, qərəzli fikirlər səslənməkdədir. Ölənlərin və sağ qalanların ailələri sosial şəbəkələrdəki çıxışlarında hələ də baş verənlərdə günahkar olanların cəzalandırılması tələbiylə çıxış edirlər.
Mövzunun aktuallığını nəzərə alıb, həmin hadisələrlə bağlı ehtiyatda olan tibb xidməti polkovniki Samir İbiş oğlu Qasımovun Bizim.Media-ya açıqlamasını təqdim edirik.
Həmin dövrdə Müdafiə Nazirliyində Silahlı qüvvələrin baş terapevti kimi məsul vəzifədə çalışdığını deyən Samir Qasımov sözügedən hadisələrin birbaşa şahidi olduğunu bildirib:
“Ölkədən kənarda yaşayan bəzi blogerlərimiz dövlətimizin imicinə xələl gətirən qarayaxmalar aparmaqla hərbi həkimlərin və prokurluq orqanların fəaliyyətinə kölgə salan çıxışlar edirlər.
Halbuki özüm bu hadisələrin şahidi olmuşam. Hərbi qulluqçulara qarşı işgəncə hadisələri olurdu. O vaxt Tibb Baş İdarəsinin rəisi, ətrafında olan məsul şəxslərlə birgə işgəncə faktlarını gördük. Bu barədə bizim baş idarəyə məruzə olundu. Tibb Baş İdarısinin rəisinin göstərişinə əsasən işgəncəyə məruz qalmış hərbi qulluqçular təxliyə olundu”.
Ehtiyatda olan polkovnik söyləyib ki, Silahlı qüvvələrin baş klinik hospitalında kazarma vəziyyəti elan olunmuşdu və həkimlərimiz mütəmadi orada qalıb müvafiq yardımlarını edirdilər:
“Hətta günahları sübuta yetirilməmiş bir insanın da həyatda qalması üçün yardımçı olduq. Çünki heç bir istintaq tədbirləri görülmədən və araşdırmalar aparılmadan onlara işgəncələr verilmişdi. Başda Hərbi prokuror Xanlar Vəliyev tərəfindən bu işə son qoyuldu. İşgəncəyə məruz qalmış insanlara qarşı ittihamlar sübuta yetirilmədi.
Hansı ki, onlara işgəncə verən şəxslərin günahları sübuta yetirildi və onlar da lazımi orqanlar tərəfindən cəzalarını aldılar”
Samir Qasımov qərəzli çıxışları edən və ictimaiyyət arasında çaşqınlıq yaradanlara üzünü tutub “belə etməyin” deyə müraciət edib:
“Bizim bir düşmənimiz var, o da ermənidir. Xahiş edirəm belə dezinformasiyalara inanmayın. Qurban Məmmədov və digər blogerlərin dediklərinə uymayın. Hamısı yalandır. Prezident və ordu ətrafında sıx birləşək. Bir düşmənim uğrunda mübarizə aparaq”.
Alçina Amilqızı, Bizim.Media