Bu gün səhər saatlarında Şəkidə qaz sızması nəticəsində partlayış baş verib, ev sahibi yanıq xəsarəti alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Vərəzət kənd sakini, 55 yaşlı Arif Feyziyev səhər saatlarında yaşadığı evin mətbəxtində qaz iyi hiss edib.
O, qazın sızdığı yeri tapmaq üçün qaz plitəsini alışdırmaq istəyib. Bu zaman mənzildə alovla müşayiət olunan partlayış baş verib.
Hadisə nəticəsində Arif Feyziyev hər iki əlindən, sifətindən və bədənin sinə hissəsindən termiki yanıq xəsarətləri alıb. Ona Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir.
Zərərçəkmişin atası Tapdıq Feyziyev bildirib ki, qarşıdakı saatlarda həkimin rəyi bilinəcək.
“Məsləhət bilinsə, xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə aparılacaq”.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-qərb bürosu