Ən böyük arzum Şuşada rəsmlərimdən ibarət sərgimin açılmasıdır.
Bizim.Media xəbər verir ki, bu sözləri Marneulidən olan gənc azərbaycanlı rəssam Günel Zeynalova AZƏRTAC-a müsahibəsində deyib.
Rəssam bildirib ki, 2020-ci ilin sentyabrında şanlı Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə biz də azərbaycanlı olaraq tarixi Vətənimizin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdik.
İşğaldan azad edilmiş ərazilərdə indi sürətlə quruculuq işləri aparılır. Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilib. Bir azərbaycanlı kimi, mən də Şuşada olmaq istəyirəm. Amma Şuşaya əliboş getmək istəmirəm. Niyyətim və ən böyük arzum çəkdiyim rəsm əsərlərindən ibarət sərgimin Şuşada açılmasıdır.
G.Zeynalovanın uşaqlıqdan rəssamlığa marağı olub. O, rəssamlığa Marneulidəki “Çay Evi”ndən başlayıb. Ailəsi ilk vaxtlar onun bu sənəti seçməsini istəməsə də, sonradan marağını nəzərə alaraq, ona dəstək verib. Günelin rəssamlıqla yanaşı, musiqiyə də böyük marağı var. O, fortepianoda çox gözəl ifa edir.
Gənc rəssam əsasən realizm janrında rəsmlər çəkir. O deyir:
“Mən reallığı daha çox əks etdirmək istəyirəm. Həm də yağlı boya və pastel texnikalarına daha çox üstünlük verirəm. Onlar rəngli olmaqla yanaşı, mənim iç dünyamı daha yaxşı göstərməyə imkan verir”.
İndiyədək Günelin bir neçə dəfə sərgisi təşkil edilib. Onun ilk fərdi sərgisi Marneuli Mədəniyyət Evində açılıb. Rəssamın əsərləri, həmçinin Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində, Gürcüstan Rəssamlıq Akademiyasında, A.Kutatelidze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Muzeyində, Marneuli Mədəniyyət Evində, “Ata Holding”, “Çay Evi” və digər məkanlarda sərgilənib. O, indi Şuşaya, eləcə də Azərbaycanın işğaldan azad olunmuş digər bölgələrindəki tarixi-mədəni abidələrinə, füsunkar təbiətinə aid mövzular üzərində işləmək istəyir.
Gənc rəssam Xocalı faciəsi barədə də rəsm çəkib. O bu barədə bildirib:
“Xocalı faciəsi baş verəndə mən heç dünyaya gəlməmişdim. Sonradan bu faciə haqqında valideynlərimdən, yaxınlarımdan çox eşitdim, mətbuatdan və kitablardan oxudum. Ürəyimdə baş qaldıran ağrı ilə Xocalı soyqırımı ilə bağlı rəsm çəkdim və əsərim Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi sərgidə böyük marağa səbəb oldu.
Mən bu əsərdə insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayəti dünyaya çatdırmaq istəyirdim. Düşünürəm ki, buna nail oldum”.
G.Zeynalova 1997-ci il aprelin 17-də Marneuli rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. 2020-ci ildə Akademiyanı bitirdikdən sonra Gürcüstana qayıdıb və rəssamlığın sirlərini burada yeniyetmə və gənclərə öyrədir.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
21:36 / 01.10.2023
Gənc rəssam: “Ən böyük arzum Şuşada sərgimin açılmasıdır” - FOTO
Hazırda oxunan: Gənc rəssam: “Ən böyük arzum Şuşada sərgimin açılmasıdır” - FOTO
Hazırda oxunan: Gənc rəssam: “Ən böyük arzum Şuşada sərgimin açılmasıdır” - FOTO
157875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.