Günə 60 BOŞANMA – “Nikahın pozulmasına normal baxanların sayı artıb” – KOMİTƏ

Günə 60 BOŞANMA – “Nikahın pozulmasına normal baxanların sayı artıb” – KOMİTƏ

Hazırda oxunan: Günə 60 BOŞANMA – “Nikahın pozulmasına normal baxanların sayı artıb” – KOMİTƏ

155429

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. 7 ay ərzində 12610 boşanma, günə 60 boşanma faktı deməkdir.

Boşanmaların ilbəil artması artıq narahatlıq doğurur.

Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri üzrə şöbə müdiri Gülnarə Məmmədova qeyd edib ki, nikahın pozulmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq ailələrlə və gənclərlə iş aparırlar:
 



MÖVZU İLƏ BAĞLI:

Ölkədə nikahlar azalıb, boşanmalar artıb

 


“Bu görüşlər təhsil müəssisələrində və bölgələrdəki 11 mərkəzdə həyata keçirilir. Təhsil müəssisələrində uşaqlarla yanaşı onların müəllimləri, hətta valideynləri də iştirak edir. Komitə olaraq işimizin əsas məqsədi ailənin cəmiyyətdə rolunun yüksəlməsi və inkişaf etdirilməsidir.

Həmçinin uşaqların ailədə sağlam və xoşbəxt böyümələrinə nail olmaqdır. Mütəmadi olaraq milli-mənəvi ailə dəyərlərinin qorunaraq nəsildən-nəslə ötürülməsi, müasir dövrdə yaşlı nəsillə gənc nəsil arasında münasibətlərin düzgün qurulması, gənclərin ailə həyatına psixoloji hazırlığı, ailənin sağlamlığı və onun sosial müdafiəsinin qorunması yönündə maarifləndirmə işləri aparırıq.

Çoxuşaqlı, tənha və təcridxanada olan qadınlarla da vaxtaşırı işləyirik. Bütün bunlar bizim gündəlik işimizə aiddir”.

Gülnarə Məmmədova nikahın pozulmasına əsas səbəb olaraq ailə zorakılığını əsas gətirib. O, deyib ki, bu istiqamətdə də Komitə müəyyən layihələr həyata keçirir:

“4-5 il əvvəl layihələrimizi yalnız gənclərə istiqamətləndirirdiksə, bu gün həm də onların valideynləri ilə mütəmadi olaraq görüşürük. Gənclərə dediyimiz sözü onların valideynlərinə söyləyirik. Əsas məqsədimiz ailələrin möhkəmlənməsidir.

Bunun üçün nümunəvi ailələrin də təbliği ilə məşğul oluruq. Əgər cəmiyyətə nümunəvi ailələri göstərməsək, bizim onlara dediyimiz sözün də gücü olmaz. Yalnız 60 il birgə yaşayan ailə nümunəvi sayıla bilməz.

O həm də cəmiyyətə nümunəvi övladlar bəxş edən bir ailədir. Bu istiqamətdə canlı görüşlər keçiririk. Gənclərlə görüşlərimizdə onlara atalıq və analıq etməyin çətinliyi ilə bərabər məsuliyyətini də izah edirik.
Düşünürəm ki, valideynlər evliliyə girən övladlarına xeyir-dua verərkən, həm də ailənin uzunmüddətli olmasının sirrlərini də öyrətməlidirlər. Amma əksər valideynlər özləri də bəzi hallarda çıxılmaz vəziyyətdə qalırlar.

Övladlarının seçiminə hörmətlə yanaşdıqları üçün onların boşanma qərarına müdaxilə edə bilmirlər. Hesab edirəm ki, bütün hallarda ailə quran gənclər düşünülmüş addım atmalıdırlar. Bunlara baxmayaraq boşanmaların sayının artması təssüf doğurur.

Əslində boşanmalar hər zaman olub və bütün dünyada nikahın pozulması adi bir hala çevrilib”.

Qurum rəsmisi qeyd edib ki, hazırda nikahın pozulmasına normal baxan insanların da sayı artıb:

“Əvvəllər boşananlarla bağlı qınaq var idisə, indi kənardan qınaqların sayı da azalıb. Əslində məişət zorakılığı olan ailələrdə nikahın pozulmasına daha çox üstünlük vermək lazımdır.

Çünki əsas məsələ uşaqların sağlam ailədə böyüməsidir. Bu gün boşanmalara əsas səbəb fikir ayrılığı, ailədə baş verən psixoloji gərginlik və zorakılıq, kənardan müdaxilə, təhsili olmayan qızların erkən yaşda ərə verilməsi, həyat yoldaşının laqeyd münasibəti və çox az faizlə sosial durumun aşağı olmasıdır.

İstənilən halda ailədə baş verən psixoloji iqlimin düzgün qurulmaması da nikahın pozulmasına xüsusi təsir göstərir. Bu, ailədə uşağın olub-olmamasından, yaxud bir və ya 5 ilin gəlini olmasından asılı olmur.
Ailəyə kənar müdaxilə olmasa, insanlar sağlam həyat tərzi keçirsə və cütlüklər ailə qurarkən düşünülmüş addım atsa boşanmalar da bir o qədər az olar. Ümumiyyətlə, ailə qurmaq istəyən gənc evliliyə hazır olmalıdır.

Daha vacibi onların psixoloji durumu yoxlanılmalıdır. Necə ki, nikahdan əvvəl cütlük tibbi müayinə olunur, eləcə də psixoloqa göndərilməlidirlər”.

Komitə rəsmisi Azərbaycanda sivil boşanmaya çox nadir hallarda rast gəlindiyini də bildirib. O, deyib ki, insanlar normal şəkildə boşanmağı bacarmırlar:

“Əgər boşanırsansa, ya övladın, ya da kiməsə xatir normal ayırlma olmalıdır. Amma bizdə boşandıqdan sonra ədavət aparan ailələrin sayı artır. Bir vaxtlar can deyib-can eşidən qudalar düşmənə çevrilir.

Boşanma o qədər də problem yaratmır ki, ailələrin düşmənə çevrilməsi ciddi problem yaradır.

Nəticədə xoşagəlməz və bədbəxt hadisələr yaşanır. İnsanların müsbət mənada maariflənməsi vacibdir. Belə olarsa, bu gün üçün ağrılı və aktual olan boşanmaların sayınız azaltmış olarıq”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO