İlham Əliyevdən MDB iclasının iştirakçılarına MÜRACİƏT 

İlham Əliyevdən MDB iclasının iştirakçılarına MÜRACİƏT 

Hazırda oxunan: İlham Əliyevdən MDB iclasının iştirakçılarına MÜRACİƏT 

155288

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Hörmətli tədbir iştirakçıları! 

Sizi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakı şəhərində keçirilən 33-cü iclasında səmimiyyətlə salamlayıram. 

Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 
Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir. Bu baxımdan, prokurorluq orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır. 

Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir.

Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq hüquq mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir. 

Əminəm ki, birgə səyləriniz dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə imkan verəcək. Hesab edirəm ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcəkdir. 

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm". 

*** 

Sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir. 

Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Antiterror mərkəzinin məsul şəxsləri iştirak edirlər. 

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO