Lənkəranda illər əvvəl övladlığa verilən qız bioloji anası tərəfindən niyə QAÇIRILDI? – ÖZƏL

Lənkəranda illər əvvəl övladlığa verilən qız bioloji anası tərəfindən niyə QAÇIRILDI? – ÖZƏL

Hazırda oxunan: Lənkəranda illər əvvəl övladlığa verilən qız bioloji anası tərəfindən niyə QAÇIRILDI? – ÖZƏL

153576

Lənkəranda illər əvvəl övladlığa verilən qızın qaçırıldığı iddia olunur. Belə ki, notariat qaydada uşaqdan imtina edilib və övladlığa verilmə məhkəmə yolu ilə həyata keçirilib. Beləliklə 1 yaş 4 aylıq qız üçün gözəl ailə formalaşıb. Qızın 10 yaşı olanda bioloji anası ortaya çıxıb və məxfiliyi pozaraq yeniyetməni psixoloji təsirlə öz tərəfinə çəkib. Qıza hazırda rəsmi ana və ataya dönmək istəmir.

Bu iddialarla Bizim.Media-ya yeniyetməni övladlığa götürən Lənkəran sakini Təhminə Əliyeva çıxış edib. O, 14 yaşına qədər böyüdüb boya-başa çatdırdığı qızını geri istəyir:
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda OLAY:  Övladlığa verilən 15 yaşlı qız QAÇIRILDI


“Həkimlər heç vaxt övlad sahibi olmayacağımı demişdilər. Bu qızı mən 2011-ci ildə Lənkəranda övladlığa götürdüm. Atası həbs olunmuşdu, ana isə övladından rəsmi ərizə ilə imtina etmişdi. Hətta ərizəsində qeyd etmişdi ki, uşağı geri götürmək tələbim olmayacaq. Heç o vaxtlar mən qızın ailəsini də tanımamışam. Dövlət tərəfindən bu uşaq mənə verildi və rəsmi adımıza keçirdik. 

Uşaq məktəbdə əlaçıdır. 4-cü sinifdə oxuyanda bioloji anası məktəbə gedib uşağa bizim barəmizdə yalnış fikirlər söyləyərək öz tərəfinə yönəldib.

Hətta deyib ki, guya qızı xəstəxanada dünyaya gətirəndə mən oğurlamışam. O gündən uşaq evə sığışmadı. Hər gün ağlayıb, taleyindən şikayətlənirdi. Ona psixoloq tutdum və dəfələrlə söhbət etdim. Deyirdi ki, anamın ərinin yaxşı imkanı və obyektləri var. Mənim üçün hər şey edəcəklər filan... 

Qadın qızla görüşüb, şirnikləndirici vədlər verirmiş. Əl çəkmirdi və hər dəfə qızla görüşməyə davam edirdi. Bir dəfə də dayısı məktəbə gəlib qızı zorla aparmaq istəyib. Sonra bizi məhkəməyə verdilər. İşə Lənkəran Rayon Məhkəməsində baxıldı və lazım olan bütün sənədləri təqdim etdim. Məhkəmə bioloji ananın yaşayış yeri və rəsmi nikahda olmadığını əsas gətirərək qızın məndə qalmasına qərar verdi”.

Təhminə Əliyevanın sözlərinə görə böyütdüyü qızın bioloji anası və dayısı ilə uzun müddət əlaqəsi olduğundan xəbərsiz olub:

“Avqustun 20-si qəfil qızı aparıblar. 15 gündür qız dayısının evindədir və geri dönmür. Dalınca getdim, qız mənlə danışmaq belə istəmədi. Böyütdüyüm övladın mənə qarşı dönməsi və böhtan dolu fikirlər səsləndirməsindən şoka düşdüm. Heç olmaya ana uşağın 2 yaşı olanda gələrdi. 10 ildən sonra ortaya çıxıb uşağı aparmaq nə deməkdir? 

Aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. Absurd cavablar eşidirəm. Deyirlər ki, doğma anasının və dayısının evindədir, sən niyə narahat olursan? Necə yəni, mən illərlə ona analıq etmişəm, əziyyətini çəkmişəm. Uşağın beynini yalanlarla doldurub mənə düşmən etmək hansı qanuna, çərçivəyə sığır? 

Qonşuların dediyinə görə uşaq o evdə təzyiq altında saxlanılır və evinə qayıtmaq istəyir. Onunla əlaqə qura da bilmirəm. Dayı kimdir ki, uşağı evində saxlayır? Onun rəsmi anası və atası var. O bizim yanımızda olmalıdır. Lənkəranda 7 saylı orta məktəbdə təhsil alır və bu il 9-cu sinifdə oxumalıdır. Dərsə sayılı günlər qalıb. Onu məktəbindən uzaqlaşdırırlar. Hazırlıqlara qoymuşam və 4 müəllim yanına gedir”.

Təhminə Əliyeva qızın dayısı Aqşin tərəfindən hədələndiyindən də gileylənib:

“Lənkəranda hegemonluq edir və polisin qarşısında yoldaşımın, mənim üstümə hücum edərək mənə “gör başınıza nə oyun açacağam”deyir. Artıq-əskik ifadələr səsləndirir. Mənim bu məsələdə nə günahım var axı? Öz əllərinizlə imtina etmisiz, mən də övladlığa götürmüşəm. Qızı mələk eləmişdim. Mərmər kimi idi. İndi orada rəngi qaralıb, şəkillərinə baxırsan, elə bil 30 yaşı var. 

Qonşularımdan, tanışlardan və oxuduğu məktəbdən maraqlana bilərsiz ki, ona övladım kimi baxmışam. İnsanın insafı olar, niyə uşağı məhv edirlər? Kimin övladı kimə qalır ki? Qız ərə gedir, oğlan da evlənir. Niyə başıma bu oyunu açdılar?”

Təhminə Əliyeva tələbi ilə bağlı Lənkəran Rayon Polis Şöbəsinə, Lənkəran Rayon Prokurorluğuna və rayon məhkəməsinə müraciət etdiyini bildirib. 

Qaçırıldığı iddia olunan yeniyetmənin dayısı Aqşin İbrahimov isə məsələyə belə münasibət bildirib:

“Mən, bacım və anam qızla bir neçə dəfə görüşmüşdük. Özü deyirdi ki, rəsmi anası onu dəfələrlə təhqir edib və bioloji anası barədə nalayiq ifadələr səsləndirib. Biz uşağı qaçırmamışıq. Bunlar böhtandır. Uşağın 14 yaşı tamam olub. 14 yaşı tamam olmuş hər bir şəxs valideynindən imtina edib, istədiyi şəxsə sığına bilər. Uşaq öz istəyi və polisin qəyyumluq şöbəsinin iştirakı ilə bizə verilib. 

Mən evdə yox idim. Yoldaşım zəng etdi ki, bacımın qızı bizdədir. Mən polisə məlumat verdim və gəlib uşaqdan izahat götürüldü. Bildirdilər ki, uşaq məhkəmə qərarına qədər bioloji anasına sığına bilər. Bacım Bakıda yaşayır, onu uşağa görə evimə gətirdim və hazırda qız bizim yanımızda,  Lənkərandadır. 

Qarşı tərəf yaşlı qadındır və mən ona “anam” deyə müraciət etmişəm. Amma o, məni polis və prokurorluq qapısına salıb.

Əgər məhkəmə qərar veribsə, Təhminə Əliyeva özü deyil, qəyyumluq şöbəsi ilə birgə gəlib uşağı götürə bilər. Amma mən bütün saxta sənədləri də ortaya çıxaracağam. Uşağı o vaxt yeznəm onlara verib və bacıma məcburi ərizə yazdırıb. Bacım elə bilib ki, qız uşaq evinə gedir. Qəyyumluq Şöbəsi heç bir məhkəmə iclası keçirilmədən boş notarius kağızı ilə uşağı o vaxt bizdən götürüb. 

Mən bu sənədləri ortaya çıxaracağam. Anlayıram, o ailə də illərdir uşağın üstündə zəhmət çəkib. Amma müəyyən şeylər var ki, danışmaq istəmirəm. Bacım bu günə qədər hər hansı quruma övladını istəməsi barədə müraciət etməyib. Uşaq bioloji anasını istəyirsə, burada kimsənin günahı yoxdur”.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Bizim.Media-ya açıqlamasında məsələdən məlumatlı olduqlarını bildirib:

“Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - deyə qurum rəsmisi qeyd edib.
Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO