Mənzil bazarında kəskin BAHALAŞMA – “Ucuzlaşmanı gözləmək absurddur”

Mənzil bazarında kəskin BAHALAŞMA – “Ucuzlaşmanı gözləmək absurddur”

Hazırda oxunan: Mənzil bazarında kəskin BAHALAŞMA – “Ucuzlaşmanı gözləmək absurddur”

153200

“Bu ilin iyun və iyul ayları ilə müqayisədə, hazırda mənzil bazarında stabillik yaşanır. Bununla belə, təklifin getdikcə azalması ilə bağlı yeni bir tendensiya yaşanmaqdadır. Bu özünü daha çox təkrar mənzillərin qiymətində göstərir”

Bu sözləri Bizim.Media-ya açıqlayan əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə bildirib ki, yeni tikililərdə də əvvəlki illərlə müqayisədə təklif azalması müşahidə olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ: Aldadıla bilərsiniz - VİDEO


“Bu da yeni binaların tikintisinin azalması ilə bağlıdır. Bu amillər də satışa birbaşa təsir edən əsas amillərdir. 2022-ci illə müqayisə etsək, paytaxtın mənzil bazarında ciddi bahalaşmanın olduğunu görə bilərik. Ötən ilin avqustun sonu, sentyabrın sonundan başlayaraq, qiymətlərdə sıçrayışlı artımlar oldu. Bu, cari ilin yanvar ayında və sonrakı dövrlərdə də davam etdi. Ötən ilə baxanda, hazırda 20-25 faizlik qiymət dəyişikliyi var”.

Onun sözlərinə görə, “Xruşşovka” və “Minsk” layihəli binalarda 1 otaqlı mənzillərin aşağı qiyməti ötən ilin yay aylarında 55-56 min, hətta 60-65 min manatda təklif olunurdu:

“Amma bu ilin eyni dövründə həmin mənzillər 75-80 min manatadır. Şəhərin müxtəlif istiqamətlərində “Leninqrad” layihəli binalarda isə 1 otaqlıların qiyməti daha yüksəkdir. Ötən il yerindən asılı olaraq  qiymət 70-75 min manata olan bu mənzillər hazırda 100 manata qədər bahalaşıb. “Nərimanov” metrostansiyası yaxınlığında keçən il 75 min manata olan 1 otaqlılarıın qiyməti bu il 100 min manatdan başlayır”. 

Ekspert bildirib ki, cari ildə 2 otaqlıların dəyəri 85-120 min manat arasında dəyişir:

“Şəhərin mərkəzindən bir qədər kənar ərazilərdə 3 otaqlı mənzillər 90 min manatdan başlayır və əraziyə görə 170-180 manata qədər dəyişir. Şəhərdən kənarda ən ucuz 1 otaqlı mənzillər 80-85 min, 2 otaqlılar 100-110 min 3 otaqlılar isə 150-160 min manat arasında təklif olunur. Təklifin az olması onu deməyə əsas verir ki, qiymətlərin artımı davam edəcək. Yəni, yaxın gələcəkdə mənzil bazarında sıçrayışlı da olmasa, tədricən bahalaşma olacaq”.

Ekspert qeyd edib ki, bu il qiymətlərin aşağı düşməsini gözləmək absurd və məntiqsizdir:

“Ona görə ki, bunu yaradacaq amillər yoxdur. Bu, bir tərəfdən müsbət haldır. Ona görə ki, əhalinin gəlirləri və alıcılıq qabiliyyəti artır. Belə ki, bu gün bazarda satışa çıxarılan və qiyməti bir qədər aşağı olan mənzillər dərhal alınır”.

Müsahibimiz vurğulayıb ki, son dövrlə mənzil bazarında tələbin artımı, təklifin azalması diqqəti cəlb edir:

“Səbəbi də odur ki, qurulan ailələrin sayı tikilən binaların sayına mütanasib deyil. Belə ki, bu il ailə quranların sayı təxminən 60-80 min arasındadır. Yeni binalardakı mənzillərin sayı isə 10-12 mindir”.

Qiymət artımlarının əsas səbəbini Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirən R.Qasımzadə bildirib ki, bu ölkədən gələnlərin böyük əksəriyyəti daşınmaz əmlaka sahib olmaq istəyirlər:

“Hər iki ölkədən xeyli sayda soydaşımız Azərbaycana köçüb. Onların arasında olan xeyli sayda investor bu bazara maraqlıdırlar və investisiya yatırmaq istəyirlər. Onların arasında elələri var ki, əllərində böyük həcmi vəsaitlərlə 50 mənzil almağa hazırdırlar. Bunun üçün əvvəlcə təklifləri dəyərləndirirlər və real qiyməti olan evləri dərhal alırlar. Hətta digər ölkələrdən də olan soydaşlarımız daşınmaz əmlak bazarına böyük diqqət göstərirlər”.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO