6 media nümayəndəsi MÜKAFATLANDIRILDI - FOTO

6 media nümayəndəsi MÜKAFATLANDIRILDI - FOTO

Hazırda oxunan: 6 media nümayəndəsi MÜKAFATLANDIRILDI - FOTO

147358

Azərbaycan Jurnalistlər Birliyi (AJB) Milli Mətbuatın 148-ci ildönümü münasibətilə Həsən bəy Zərdabi adına mükafatın təqdimatını edib.

Bizim.Media xəbər verir ki, mükafata bu il 6 media nümayəndəsi layiq görülüb.

Mükafatları AJB-in sədri, “Ayna-Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, “Yeni Nəsil” Jurnalistlər Birliyinin və “PressKlub”un rəhbəri Arif Əliyev sahiblərinə təqdim ediblər.
Tamam Bayatlı (“BP” şirkəti) İctimaiyyət və mətbuatla əlaqələrin qurulmasında fəaliyyətinə görə, Pərvanə Nadirqızı ( İctimai Radio) Azərbaycan mədəniyyəti, tarixi və musiqisini, həmçinin ölkənin bugünkü inkişafını təbliğ edən “Can Azərbaycan” verilişinə görə, Anar Yusifoğlu (İctimai Televiziya) telejurnalistikanın inkişafındakı xidmətlərinə görə, Elşad Eyvazlı (Modern.az) elektron medianın inkişafındakı xidmətlərinə görə, Sərxan Carçı (“Carçı Exspress” jurnalı) Cümhuriyyət tarixi ilə bağlı araşdırmalarına görə Həsən bəy Zərdabi adına mükafata layiq görülüblər.

Qeyd edək ki, mükafatlandırılanlar sırasında "Bizim Yol" qəzetinin təsisçisi və "Bizimyol.info" saytının rəhbəri Bahəddin Həzi də var. B.Həzi tədbirə qatıla bilmədiyi üçün onun mükafatı sonradan özünə təqdim ediləcək.
Təltif edilən media nümayəndələri Azərbaycan Jurnalistlər Birliyinə təşəkkür ediblər.

Təltif olunan jurnalistlər təəssüratlarını bölüşüb, belə bir mükafata layiq görülmənin onlar üçün sevindirici olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Həsən bəy Zərdabi adına mükafat jurnalistlər üçün təsis edilən ən vacib mükafatlardan biridir.

Xatırladaq ki, "Zərdabi" mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub.

Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir. Bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO