BİZİM TƏQVİM: 14 iyul tarixində nələr baş verib?

BİZİM TƏQVİM: 14 iyul tarixində nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 14 iyul tarixində nələr baş verib?

146066

1969-cu ilin bu günündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi. 

Heydər Əliyev istər 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı zaman, istərsə də Azərbaycana rəhbərlikdən kənarda olduğu 1988-1993-cü illərdə və 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra hər zaman öz xalqı ilə bir olub, bütün siyasi qərarlarında xalqa arxalanıb.

Bəs, iyulun 14-də daha hansı hadisələr baş verib?

1. 1683-ci ilin bu günündə Osmanlı ordusu ikinci dəfə Vyananı mühasirəyə alıb.

2. 14 iyul Fransa xalqının milli bayramı – Bastiliya qalasının alınması günüdür.

3. 1918-ci il iyulun 14-də Lazar Biçeraxov Bakının müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul edib. Lakin cəbhədə vəziyyət ağırlaşınca Biçeraxov öz dəstəsini cəbhə xəttindən çıxararaq şimal istiqamətinə çəkildi.

Sonralar Bakıda erməni kilsəsində axtarış aparılan zaman oradan Lazar Biçeraxovun arxivi tapıldı ki, bu sənədlərdə onun Daşnak partiyası və erməni milli şurasının başçıları ilə sıx əlaqə saxladığı məlum oldu.

4. 14 iyul 1918-ci ildə Azərbaycan ordusu Karrar stansiyasını bolşevik-daşnak qoşunundan azad edib.

5. İstanbulun Taşkızak tərsanəsində istehsal edilən, adı Atatürk tərəfindən verilən "Atılay" sualtı gəmisi 1942-ci ilin 14 iyulunda Çanaqqalada təlim zamanı batdı. Birinci Dünya Müharibəsindən qalma minaya dəydiyi təsbit edilən “Atılay“ sualtı gəmisində Türkiyənin 39 dənizçisi həyatını itirdi.

6. 14 iyul 1952-ci ildə "General Motors" kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib.

7. 1959-cu ilin 14 iyulundan İraqın Kərkük bölgəsində kürd qruplaşmaları silahsız türkmən vətəndaşlarına hücum etdi. 3 gün boyu sürən qırğında İraq təhlükəsizlik qüvvələrinin hücumlara seyrçi qalması təxminən 30 türkmənin ölümünə, yüzlərləsinin isə yaralanmasına səbəb oldu. Türkiyənin təzyiqləri nəticəsində İraq hökuməti Kərkük qətliamını törədən 260 nəfəri həbs və bunlardan 28-ini edam etdi.

8. 1969-cu ilin 14 iyul tarixindә ABŞ-da  500, 1000, 5000 və 10000 minlik banknotlar dövriyyədən çıxarılıb.

9. 14 iyul 1983-cü ildə Türkiyənin Belçika Səfirliyinin inzibati attaşesi Dursun Aksoy erməni terrorçularının silahlı hücumu nəticəsində həyatını itirdi. Sui-qəsdi aralarında ASALA-nın olduğu 3 erməni terror təşkilatı boynuna götürdü.
10. 1989-cu ilin bu günündə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib. R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub.

11. 14 iyul 1992-ci ildə Azərbaycan Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyaya qoşulub.

14 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tanınmış rus şairi Qavrila Derjavin 1743-cü ilin bu günü dünyaya gəlib. 

2. Azərbaycan yazıçısı və general-mayoru İsmayəl bəy Qutqaşınlı 14 iyul 1806-cı ildə anadan olub.

3. Azərbaycanlı şair, tərcüməçi, publicist İsa İsmayılzadə 14 iyul 1941-ci ildə dünyaya gəlib.

4. Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Şirinov 1992-ci ilin bu günündə şəhidlik zirvəsinə yüksəlib.

5. Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimov 14 iyul 2020-ci ildə şəhid olub.

6. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyev 14 may 2020-ci ildə şəhid edilib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO