“Bakı Şəhər Tikinti və Təmir” MMC-nin “Bakı ŞİH başçısının tabeliyində “Dendrologiya parkı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının davam etdirilməsinin satınalınması” ilə bağlı mayın 22-də başladığı tenderin nəticələri və qalibi açıqlanıb.
Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 187 974 manat olan müsabiqənin qalibi “TK Projekt” MMC (VÖEN - 1305273901) seçilib.
MÖVZU İLƏ BAĞLI:
10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH
Tərəflər arasında yaxın vaxtlarda imzalanacaq satınalma müqaviləsinin nəticələrinə əsasən, “Dendrologiya parkı”nda abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması və xərclərin hesablanması işlərini həyata keçirəcək.
Qeyd edək ki, “TK Projekt” MMC 17 noyabr 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi Bakı şəhəri Yasamal Rayonu, Əhməd Cəmil küçəsi, ev 70B, mənzil 801-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimli Tofiq Rafiq oğludur.
İnternet resurslarında şirkət və qanunu təmsilçi haqqında apardığımız kiçik araşdırma zamanı şirkətin ingilis dilində fəaliyyət göstərən eyniadlı bir saytının olduğu, Tofiq Kərimilinin isə şirkətin təsisçisi olduğu üzə çıxdı. Özü ixtisasca baş mühəndisdir və Memarlıq və İnşaat Universitetinin məzunudur.
Bildirək ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur.
MMC ötən il "Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Dendrologiya parkı"nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı "Az Arxitektura” MMC ilə maliyyə dəyəri 312 000 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
Buradan aydın olur ki, “Dendrologiya parkı”nda abadlaşdırılması ilə bağlı ötən ildən başlayan layihələndirmə işləri hələ də başa çatmayıb və buna görə də yenidən tender keçirmək məcburiyyətində qalıblar.
Rövşən Ziya, Bizim.Media